PDF Oxu

Sosial

  • 9 666

Şəhidi necə əbədiləşdirməli?

image

Şəhidə toy da etdilər, toyda maketini də oynatdılar...

Vətən kəlməsi bu coğrafiyanın insanları üçün adi söz deyil. Vətən tək kəlmədir, amma bizim üçün saysız mənası olan sözdür. Torpağına yağış da düşəndə, qan da çilənəndə Vətəndir. İşğalda olsa da Vətəndir, 30 il ayağımız dəyməsə də. Uğruna öldüyümüz, şəhid verdiyimiz Vətən...

Hər nəsilə bir şəhid payı

İnsanın öz canını hansısa inanc, dəyər, prinsip və ya müqəddəs olduğu qəbul edilmiş hər hansı bir səbəb uğrunda qurban verməkdir şəhidlik. Ölümünlə müqəddəs bir missiyaya xidmət etmək, müqəddəs bildiyin ideallar uğruna can verməkdir şəhidlik. Müstəqillik tarixi boyunca saysız-hesabsız şəhid verən Azərbaycan üçün bu anlayış, bu ad bir ayrı cür əhəmiyyətlidir. İndi ölkədə elə bir ailə yoxdur ki nəsildə, kökdə bir şəhidi olmasın.

30 ildən sonra o torpaqlara ayaq basan əsgərlər, zabitlərdir Vətən. 30 ildən sonra doğma təmas hiss edən o torpaqlardır Vətən. 30 il həsrət çəkən o meşələr, o dağlar, o çaylardır vətən. Ona olan sevgimiz bitməz-tükənməzdir, dəyişilməz, əvəzedilməzdir. Nəsildən nəsilə ötürdüyümüz böyük bir vəfadır, tükənməz eşqdir vətən sevgisi. Övladlarımızın simasındakı sevinc, başlarının üstündəki aydın səmadır. Analarımızın şəhid tabutu önündə “Vağzalı” çaldırması, atalarımızın “Təki vətən var olsun” sözü, igidlərimizin qanı bahasına alınan zəfərdir, sevdiklərinin vaxtsız ağaran saçlarıdır vətən sevgisi.

Şəhidi bax belə əbədiləşdirərlər

Əli Tağıyev 44 günlük müharibənin qəhrəmanlarından biridir. Məktəb yolunun üstündədir doğulduğu, böyüdüyü ev. Həm Aprel döyüşlərinin, həm də 44 günlük müharibənin iştirakçısı olub. Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Əli oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Ailəsi Əlini heç vaxt unudulmayacaq bir formada əbədiləşdirdi. Yaşadığı evin divarına Əlinin fotosu və haqqında məlumat əks etdirilmiş bir barelyef vuruldu. İllərdir hər gün minlərlə şagird-valideyn keçir o evin önündən, Əlinin fotosunu görən hər kəs ona dua edir, rəhmət oxuyur. Ailəsinin Əlini bu cür əbədiləşdirməsi hər gün şəhidin hörmətlə yad edilməsinə, ruhuna dualar oxunmasına xidmət edən mükəmməl bir seçimdur.

Adı vətənlə bağlı olan bu igidin qoca nənəsi Zəfər, Anım günlərində, şəhidin doğulduğu və müqəddəsləşdiyi günlərdə qapının önündən keçən məktəblilərə qəhrəman Əlinin kiçik şəkli əks olunmuş yaxa kartı paylayır. Bir görsəydiniz, həmin günlərdə bütün gün boyu məktəblilərin sinəsində necə gülümsəyir Əli. Uşaqlardan kimə yaxa kartı verilməyib, şəhidin ailəsinin qapısını döyüb nənəni çağırıb kart istəyir. 2-ci sinifdə oxuyan qızımın həmin günlərdə sinəsində iki kart olur, biri ailəmizdən olan şəhid Murad İbrahimovun rəsmi, digəri şəhid Əli Tağıyevin rəsmi. O evin önündən istisnasız olaraq hər gün keçirəm, hər dəfə Əlinin gülümsəyən rəsmi əks olunmuş barelyefi gördükcə ona dua edirəm, mənim kimi minlərlə adam da həmçinin.

Şəhidə toy edənlər, toyda maket oynadanlar…

II Qarabağ müharibəsindən sonra heç vaxt görmədiyimiz vəziyyətlərə də şahid olduq. Nakam köçən şəhidlərə toy mərasimi təşkil edildi, bəylik stolu quruldu. O məclisə şəhidin kartondan düzəldilmiş maketi vağzalı sədaları ilə gətirildi, maketin qarşısında qol götürüb ağlaya-ağlaya oynadılar.

Dərd insana çox səhv etdirər, çox doğrunu yanıldar. Analar-atalar dərddən məntiqli fikirləşə bilmirdi, düzgün qərar verə bilmirdi, bəs o nəslin ağsaqqal-ağbirçəkləri niyə icazə verirdi buna? Anlaşılandır, şəhid ataları-anaları övladlarının unudulmağından çəkinirlər, amma şəhidi əbədiləşdirməyin yolu ona toy etmək olmamalıdır. Əlinin valideynləri o cansız divara həkk etdirdikləri əksi ilə ömürlük canlı etdilər övladlarını. Fikirləşəndə hər ikisi təbliğat yoludur, amma biri əbədi, digəri qınanılan.

Yaxud, başqa bir misal. Ötən il şəhid bacısının öz toyunda qardaşının maketi ilə oynadığı video bütün sosial şəbəkələrdə istifadəçilər tərəfindən paylaşıldı, əksəriyyət bunun doğru olmadığını dedi. İnsani dəyərlər, şəhidlik kimi müqəddəs bir ünvan belə təşəbbüslərlə yerlə bir edilir. Bu fikir kimdən çıxmışdı, ideya müəllifi kim idi, gəlinə şəhid maketi ilə rəqs eləməsini kim təklif etmişdi, bilmirəm. Amma o gənci bu cür şouya çevirmək, şəhid kimi müqəddəs bir adın sahibini bir karton qədər ucuzlaşdırmaq normal deyil.

Toy millətimizin ali dəyərlərindən biridir. İki gəncin öz həyatlarını birləşdirməsi mərasimi şadlıq-şadyanalıq deməkdir. Bu mərasimdə şəhid maketi qoyub qarşısında oynamaq o ada, o şəhidə ən yumşaq dillə desək hörmətsizlikdir. Bu gün yüzlərlə bəy-gəlinimiz öz toy mərasiminə getməzdən əvvəl şəhid məzarını ziyarət edir, xeyir-dua alır, sonra məclisə gedirlər. Bu şəhidə hörmətin, onların nakam ölümünə borclu olduğumuz azad həyat üçün minnətdarlığımızın göstəricisidir. Şəhidləri belə əbədiləşdirmək daha yaxşı deyilmi?

Əslində, II Qarabağ Müharibəsindən sonra silkələndik, özümüzə gəldik. 30 ildir yatmış şir oyandı, damarda donan qan çağladı. Torpaqlarımızın işğaldan azad edilməsi, 30 ildir öz yurduna həsrət böyüyən gənclərin görmədikləri yurd yeri üçün canlarını fəda etmələri günümüzün gələcəkdə əfsanəyə çevriləcək gerçəyidir. Bu gəncləri yetişdirən ailələr, atalar-analar bütün dəyərləri aşılamışdılar, bütün müqəddəs amalları öyrətmişdilər. Vətən, yurd, torpaq kimi idealları olan gənclər bu ölkənin sabaha inamı, gücüdür.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər