Sosial

  • 7 571

Qızım, səni ərə verim... -TƏHLİL

image

...Vermə ata, qurban olum!

Əsasən, müsəlman ölkələrinin ciddi problemi olan erkən nikah problemi Azərbaycanda da çox müşahidə edilir. Bir zamanlar ölkəmizin ən çox cənub bölgəsinin və Bakıətrafı kəndlərin problemi olan erkən nikahlar bu gün bütün Azərbaycanı cənginə alıb. İndi Azərbaycanın bir çox bölgəsində 14-15 yaşda, hətta bəzən 13 yaşlı qızların ərə verilməsi adət halını alıb.

Həbsdən cərimə ilə yaxa qurtaranlar

Erkən nikahlarla bağlı, şübhəsiz ki, hüquq-mühafizə orqanları daha dəqiq statistikaya malikdir. Problemi ciddiyə almaq gərəkdir, ictimaiyyət olaraq hamımız problemin nə dərəcədə ciddi olduğunun fərqinə varmalıyıq. Övladlarını erkən nikaha təhrik edən valideynlər bunun necə bir cinayət əməli olduğunu anlamır, bu əmələ görə hansı cinayət məsuliyyəti daşıyacaqları barədə məlumata sahib deyillər.

Azərbaycan qanunverciliyinə əsasən, nikah yaşına (18) çatmayan şəxsin evləndirilməsinə yol verilmir. Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsinə görə, nikah yaşına çatmayan şəxsi evlənməyə məcbur edən şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Amma bəzən valideynlər müxtəlif qanunsuz yollarla, vasitələrlə məsuliyyətdən yaxa qurtarır, azadlıqdan məhrumetmə cəzası da yüngülləşdirilir. Belə hallar digər valideynlərə çox pis nümunə olur. Valideynlər məsuliyyətdən kənarda qalacaqlarını zənn edərək övladlarını uşaq yaşda gəlin edərək bədbəxt edirlər. Ona görə bu cür neqativ hallara qarşı da mübarizə aparılmalıdır.

Uşaq gəlinləri necə xilas etməli?

Qonşuda, qohumda, tanıdığımız ailələrdə erkən nikah ehtimalı varsa, buna hazırlıq aparılırsa, ictimaiyyət olaraq buna qarşı çıxmalı, əlaqədar qurumlar xəbərdar edilməlidir. Hər bir vəzifə sahibi, məmur, öhdəsinə düşən işi icra etməlidir. Məktəb də buna görə cavabdehdir, yerli icraedici orqanlar da. Erkən nikahlara görə təkcə qarşı tərəflər deyil, xəbəri bilib gizlədənlər, əlaqədar qurumları xəbərdar etməyənlər də cəzalanmalıdır.

Problemin qarşısının alınmasına məsul orqanlar maarifləndirici tədbirləri ev-ev, qapı-qapı gəzərək həyata keçirməlidir. İnsanları məlumatlandırmaq vacibdir ki, hansı məsuliyyəti daşıyacaqlarını bilsinlər.

Əgər statistika ilə danışsaq, 1960-cı illərdə 18 yaşa qədər qızlar arasında nikaha girənlərin sayı təxminən 2 minə çatırdısa, 2008-ci ildə bu rəqəm 5500 nəfəri keçdi, son illərdə isə bu göstərici 6-7 mindən aşağı deyil. Statistikaya düşməyənlərin sayının bu rəqəmdən 2-3 dəfə çox olduğu ehtimal edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda nikaha daxil olan qızların 137-si 15-17 yaş arasında olub. Rəsmi statistikaya görə, ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Həmin il belə qızların sayı 5138 idi.

Erkən yaşda uşaq doğanlar

Qeyd edək ki, uşaq yaşda evləndirmə uşaq hüquqlarının pozulması ilə bərabər, həm də cinsi istismar deməkdir. Bundan başqa, erkən yaşda evləndirilən uşaqların nəsilartırma və sağlamlığında böyük problemlər yaranır. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, qızlar 18 yaşına qədər ana olmaq iqtidarında deyillər. Burada orqanizmin fiziki və psixoloji hazırlığı məsələsi nəzərə alınır, çünki 14-16 yaşlı qızların hamilə olması, dünyaya uşaq gətirməsi təhlükəlidir. Bu zaman ana və uşaq ölümü baş verir, ya da dünyaya gələn uşaqlarda müxtəlif psixi və fiziki problemlər olur. Çünki qızların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra baş verir. Məlumat üçün bildirək ki, son bir neçə ildə 15-18 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50 faiz artıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hesab edir ki, bu problemlə əhali özü də mübarizə aparmalıdır. Qadağalar problemi həll etmir, tətbiq edilən cəza üsulları da həmçinin. Övladlarını erkən nikah bağlamağa məcbur edən valideynlər həm inzibati, həm də cinayət məsuliyyəti daşıya biləcəyini bilməlidir. Ekspertlər hesab edir ki, Cinayət Məcəlləsində bu barədə dəyişiklik edərək valideynlərin məsuliyyətini artırmaq da bir çıxış yolu ola bilir. Çünki bu, əslində milli əhəmiyyətli strateji məsələdir, erkən evlilik son nəticədə milli genefondun zədələnməsinə səbəb olur.

Oyun oynayacaq uşaqlar beşik yelləyir

Erkən evləndirilən gənclərin psixoloji durumu sonrakı həyatında problem yarada bilər. Bu problemlər müxtəlif formalarda təzahür edə bilir. Erkən evləndirilən gənclər gənclik çağını keçdikdən sonra bunun bir ötəri hiss olduğunu düşünə bilər, ailəsindən soyuya bilər, vaxtından əvvəl yaranmış ailə ağırlığından, məsuliyyətindən bezə bilər. O bu problemlərdən uzaqlaşmaq üçün öz subay həmyaşıdları kimi macəra axtarışı düşüncəsində ola bilər.

Evliliyə, ailə həyatına hazır olmayan 13-15 yaşlı qızlar bunu travma kimi qəbul edir.

Təbii ki, həm fizioloji, həm də psixoloji baxımdan tam formalaşmamış bir gəncin ailə qurması düzgün deyil. Erkən evlilik onun həyatından və psixologiyasında bərpası mümkün olmayan izlər buraxır. Bu heç vaxt unuda bilməyəcəyi və dilə gətirə bilmədiyi bir hiss olaraq qalır. 13-15 yaşlarında ailə quran qızların böyük əksəriyyəti bu evliliyi travma kimi qəbul edir. Onlarda stress depresiyya halları zaman – zaman müşaidə edilir. Vəziyyət uzun sürsə mütləq peşəkar köməyinə ehtiyac duyulur.

Valideynlər erkən qocalır

Onların uşaq yaşda valideyn olması özlərinin və uşaqlarının psixologiyasına mənfi təsir edir. Valideynlərdə yaşından tez qocalmaya səbəb olur, psixiloqlar hesab edir ki, gənc yaşda ata-ana olan insanların güzəşt etmə, bağışlamaq kimi hissləri zəif olur, eyni zamanda onlarda səbrsizlik də müşahidə edilir. Bu kimi hallar da valideynlərdə problemlərə, uşaqların psixi inkişafında ləngimələrə gətirib çıxara bilir. Belə uşaqların cəmiyyətə adaptasiyası ya gec olur, ya da ümumiyyətlə, olmur.

Bu cür problemi olan və psixologiyası erkən evliliyə görə pozulan, özünü ətraf aləmdən təcrid edən gəncləri cəmiyyətə qazandırmaq üçün xüsusi dövlət proqramı olmalı və bu proqram çərçivəsində psixoloqlar, sosioloqlar birlikdə işlər aparmalıdır. Yalnız bu halda biz onları çəmiyyətə qaytara bilərik.

Xilas yolu 5 şərtdən ibarətdir

Psixoloqlar hesab edir ki, onların cəmiyyətə qaytarılması və erkən evlilik hallarının azaldılması üçün 5 əsas şərt yerinə yetirilməlidir. Maariflədirməni gücləndirməli, erkən evliliyin zərərləri barədə sosial reklamlar hazırlamalı, mütəxəssislərin valideynlər və uşaqlarla ayrı-ayrılıqda və birlikdə görüşlərini təşkil etməli, Təhsil və Səhiyyə nazirlikləri birlikdə layihələr reallaşdırmalı, ərazi içra nümayəndələri erkən evləndirmə hallarına maksimum nəzarət etməli və erkən evlilik halı aşkarlanarsa gəlinin kimliyi mediaya çıxarılmamalıdır.

Məlumat üçün qeyd edək ki, hazırda dünyada hər il 10-12 milyon qız uşağı erkən evliliyə məcbyur edilir. Beynəlxalq Qadın Araşdırma Mərkəzi (ICRW) açıqlayır ki, erkən nikahlar daha çox Afrika və Cənubi Asiyada rastlanır. Avropada evliliklərin 10 faizi erkən nikahdırsa Afrika və Cənubi Asiyada bu rəqəm 70 faizi keçib. Nigeriyada 75, Çadda 72, Banqladeşdə 66 faizlik statistikaya malik erkən nikah dünyanın ən vacib problemi olaraq qalır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər