Sosial

  • 4 527

Kart adam

image

Həyatımızda hər şey kartlaşa-kartlaşa axır bizi kart adama çevirdi. İndi artıq biz kartlardan asılı kart adamlarıq. Belə ki, həyatımızda elə bir sahə yoxdur ki, onunla bağlı bir kartımız olmasın. Sudan istifadənin bir kartı, qazdan, elektrik enerjisindən istifadənin bir kartı, metro, avtobus kartları, əmək haqqı kartı, bank kartları, ödəniş kartları, iş yerlərinə, təhsil müəssisələrinə giriş kartları, təqaüd kartları və saydıqca ardı gələn digər kartlar...

Əvvəllər pul qabları istehsal olunurdu. Bir ədəd də cibi olurdu. Həmin pul qablarında pulumuzu saxlayırdıq. Sonralar yavaş-yavaş pul qablarının forması dəyişdi. Elə ki, kart sisteminə keçid etdik, pul qablarına da kart cibləri əlavə olundu. Əvvəl bu ciblər az sayda idi. Vur-tut olardı bir-iki kartımız, onları da həmin ciblərdə saxlayırdıq. Sonralar isə kartların sayı artdıqca, pul qablarının da ciblərinin sayı artdı. Biz kartlarımızı həmin ciblərə düzdük düzə bildikcə...

Hazırda kartlarımızın sayı o qədərdir ki, satışda olan pul qablarındakı ciblərin sayı azlıq təşkil edir. Bəzi adamlar elə məhz buna görə artıq pul qablarını ixtisara salıb kartlıq adlanan çantalardan istifadə edirlər. Çünki biz artıq biz deyilik, kart adamıq.

Gələk bu kart adamların üzləşdiyi mənzərələrə... Məsələn, evdə işıq sönüb, pul ödəməlisən ki, axşam evə qayıdanda qaranlıqda qalmayasan. Belə olanda kart hökmən sənin yanında olmalıdır ki, ödəniş edəsən. Yox, kart əgər yadından çıxıb evdə qalıbsa, vay halına, axşam qaranlıqdasan. Eləcə də su, qaz, telefon, internet və sair...

Məsələn, əmək haqqını almısan, kartında dayanır. İşdən çıxırsan, yolda düşünürsən ki, evin bir-iki çatışmayanını alasan. Əlini atırsan pul qabına ki, kart yanında deyil. Deməli, nə oldu, qaldı sabaha. Hamı kartı telefona yükləməyib ki...

İşə gəlirsən, metroda baxırsan ki, vay, kart qalıb evdə. Vəssalam, dayanıb münasib bir adam tapmalısan ki, ay qardaş, ay bacı, sən Allah məni də keçir. Bu keçmək məsələsi də belədir ki, pul qabında 50 qəpik olmalıdır. Yoxsa camaatın sənə borcu yoxdur ki. İndi gəl gör ki, qəpik olmaya, manat ola, bəs nə etməli? Məcbursan ki, bu pulu xırdaladasan ki, qəpik olsun. Ay xırdalada bildin ay. Nə edəsən, bir manat verib metrodan keçməyəcəksən ki... Bir manat birgünlük yol pulundur ey... Məcbursan ki, üz tutasan evə. Kartını götürüb yenidən qayıdasan. Belə olanda isə işə və getdiyin hər yerə yubandın.

Məsələn, işə gəlirsən, bir də baxırsan ki, vay, turniket kartın yaddan çıxıb qalıb. Nə edirsən, boynunu büküb dayanırsan bir küncdə. Hə, burada vəziyyət daha fərqlidir. O mənada ki, içəridə rəhbərlik izləyir. Sənsə hələ də işdə deyilsən, turniketin yanında dayanıb, fikrə dalmısan. Burada məncə ta fikirləşməyin yeri yoxdur. Çünki artıq sən bu saatlarda işdə sayılmırsan.

Kartlarla bağlı onlarla belə misallar söyləmək olar. Son qənaət isə belədir ki, əslində kart sistemi heç də pis deyil. Bəzi halda insanları süründürməçilikdən, bəzi halda rüşvətxorluqdan xilas edib, vaxtda qənaətə səbəb olub. Lakin biz müasir insanlar-kart adamlar kart sisteminə hələ də uyğunlaşa bilmirik, kartlar da gündən-günə çoxalaraq bizi bu sistem çərçivəsində boğmağa başlayıb. Nə etməli?.. Nə etməli ki, biz kart adamlar bu kartlara uyğunlaşa bilək?

Biz kart adamlar hələlikdə çox ayıq-sayıq olmalıyıq. Kartlarımızı heç vaxt evdə, işdə unutmamalıyıq. Xüsusilə qadınlar pul qablarını dəyişəndə diqqətli olmalıdır ki, kartların da bir-bir yerini dəyişsinlər. Hazırda kartların pul qablarına yerləşməməsi məsələsi də yəqin, nəzərə alınar və yeni pul qabları istehsal olunar ki, kartlarımızın hamısını yerləşdirə bilərik.

Daha sonra isə yəqin elə bir sistem hazırlanıb həyatımıza tətbiq edilər ki, bir kart bütün kartlarımızı əvəz etmək qabiliyyətində olar, bizim də canımızı bu çoxsaylı kartlardan qurtarar. Xeyr, biz bundan sonrakı ömrümüzü kart adam olaraq başa vuracağıq. Lakin bu, daha rahat və səmərəli olar ki, bütün kartlarımız barı bir kartda toplana, vəssalam...

Mətanət Məmmədova

Digər xəbərlər