Sosial

  • 2 082

Yox, Cavid əfəndi, yox...

image

Səhər işə gələrkən böyük ədibi-bu gün doğum günü olan Hüseyn Cavidi yolboyu xatırlamışam. Kimlər gəldi, kimlər getdi bu dünyadan, İlahi, deyərək... Sanki bu günümüz üçün yazılmış əsərlərini bir-bir düşünərək, obrazları ilə söhbətləşərək...

***

Lakin yolda və metroda gördüklərim səhərdən bəri böyük əsərləri ilə xatırladığım ədibin ən kiçik-“Qız məktəbində” əsərini daha çox xatırlatdı mənə və sanki ürəyimdə bu əsərə bir nəzirə yazırmışam kimi pıçıldamağa başladım.

***

Cavid Əfəndi, bir qız gördüm, yolda, xeyr, Gülbahar deyildi. Ola da bilməz. İndi ta qızlara Gülbahar, Fatmanisə, Zəhra, Güləbətin isimlərini verən kimdir? Adını da soruşmaram, çünki “sənə nə var”dan başqa eşidəcəyim olmaz.

Atası da olar, anası da, hələ üstəlik babası zəngin də olar bu qızın. Lakin bəyzadə ola bilməz. Çünki bəyzadənin qızı heç inanmıram ki, göbəyini açıb küçəyə çıxa. Bəyzadənin qızının heç inanmıram ki, ətəyi dizindən iki qarış yuxarı ola. İnanmaram ki, bəyzadənin qızı budu, dizi cırıq-cırıq, əti görünən şalvarda küçəyə çıxa...

Xeyr, Gülbahar ola bilməz bəzi qızların adı. Zəngin qızı ola bilərlər, lakin bəyzadənin qızı? Xeyr, əsla mümkün deyil. Çünki bəyzadənin qızı metroda özündən dəfələrlə yaşlı insanların qarşısında çantasından tuş çıxarıb kirpiklərini rəngləməz. Bütün diqqətləri utanmadan, qızarmadan üzərinə çəkməz...

Gülbahar kimi inciləri də var, altın bilərzikləri də bu qızların. Qollarındadır, boyunlarındadır, həm də qatbaqat... Baxdıqca düşünürəm ki, bu inciləri kaş ki, inciyə çevirə bilərdik. Bu bilərzikləri kaş ki, xərcləyib ətəkləri, köynəkləri uzada bilərdik ki, bu qızların göbəkləri, baldırları bayırda qalmasın. Bu bilərzikləri kaş birqatmalı köynəklərin qollarına çevirə bilib, heç olmasa onu iki barmaq edə bilərdik ki, bu qızların qollarının altı bayırda qalmazdı...

Onlara da müəllimləri dəfələrlə söyləyir, anaları söyləməsə də, bizlər “onların yox qiyməti, bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti”ni yazmaqdan barmaqlarımız düyün bağlayıb. Lakin indi deyilən söz qulaqlara sırğa kimi asılmır, Cavid əfəndi, bir qulaqdan alınıb, o biri qulaqdan havaya buraxılır.

Bir qızın zinəti həm də astadan danışmaqdır. Lakin yolda-rizdə bəzən qarşına bir dəstə qız çıxır, səslərinin küçədə əks-sədasını eşidirsən, onların yerinə xəcalət çəkirsən. Hələ gülmək-şaqqıldamalarını demirəm, Cavid əfəndi...

Bəlkə onlar da Gülbahar kimi Allahı da sevir, ata-analarını, müəllimlərini, bütün insanları da sevirlər. Lakin buna da bir az şübhəm var, Cavid əfəndi.

Soruşsan, nədir şübhən? Deyərəm ki, Allahını sevən o libasları sevməz. Allahın ona bəxş etdiyi gizlində qalmalı əzaları müdam açıqda saxlamaz.

Ata-anasını sevən, evdən üzü-gözü tərtəmiz çıxıb, metroda insanların arasında gözlərini boyamaz. Evdən uzun ətəklə çıxıb, blokda onu yuxarı qatlamaz. Evdən çıxandan sonra köynəyin ətəyini yuxarı qaldırıb göbəyini insanlara göstərməz...

Cavid əfəndi, onlar müəllimlərini sevsələr, yolda üz-üzə gələndə bir kənara çəkilib ona yol verərlər. Ucadan “salam müəllim, müəllimə”, deməklə sevgi bitmir. Sevgi hörmət, sayğıdır...

Gülbahartək bütün insanları sevdiklərinə də şübhəli qalıram. Çünki bütün insanları sevərlərsə, onlara verilən nəsihəti, tövsiyəni də səmimiyyətlə qarşılayardılar, deyilmi?

Cavid əfəndi, sənin Gülbahara verdiyin sualın birini indi bəzi qızlara vermək mümkünmü, sanırsan? Adın nədir, baban varmı, zənginmidir, sənin incilərin, altın bilərziklərin varmı, kimi sevirsən, bəs daha kimi sevirsən??? Yox, Cavid əfəndi, yox... İnanın, bu sualların hər birinə təhqiramiz cavab alarsan.

***

Səni necə gözəl xatırlamışdım, Cavid əfəndi, sübh çağından. Lakin heyiflər olsun ki, cəmiyyətin sağalmaq bilməyən “yaraları”ndan axan çirk ovqatımı tamamilə təlx etdi.

Ruhun şad olsun, Hüseyn Cavid əfəndi. Nə yaxşı ki, bizimsən və bizimləsən...

Mətanət Məmmədova

Digər xəbərlər