Sosial

  • 1 228

İmam ehsanı -FELYETON

image

Lənət sənə, kor şeytan. Durduğum yerdə yadıma düşən məsələyə bax...

Deməli, nədən oldu, niyə oldu bilmirəm, bu imam ehsanı məsələsi birdən-birə yadıma düşdü. Dünəndən nə qədər gülmüşəm, deyə bilmərəm.

İndi deyəcəksiniz ki, ay Allahsız-imansız, nəyə gülürsən? Yox, mən nə Allahsızam, nə də imansız.

Sadəcə, övladları ali məktəbə qəbul olandan sonra valideynlərinin verdiyi imam ehsanı məsələsinə gülmədən keçə bilmirəm. Bəlkə də çoxlarınız imam ehsanı verməmisiniz, lakin inanın ki, yüzlərlə valideyn övladı ali məktəbə daxil olandan sonra ya evində, ya da məsciddə imam ehsanı verir.

Ona görə gülmək məni tutub ki, nə qədər axtarıram bunun mənasını dərk edə bilmirəm. Uşaq ali məktəbə girib, lap yaxşı, əla, əntiqə. Əslində bu, onun vəzifəsi, borcudur. Nə etməli idi ki? Nəyi kəsir idi ki? Oxumalı idı də... Bəs belə isə, biz nə üçün ali məktəb sözünü eşidən kimi imam ehsanı tədarükünə başlayırıq?

Deyirəm bəlkə valideynlər şükür edirlər ki, uşaqları məktəbi bitirib, ona görə imam ehsanı verirlər? Düşünürlər ki, məktəb xərclərindən canımız qurtardısa, elə buna bir imam ehsanı düşür də.

Nə bilim, bəlkə fikirləşirlər ki, uşağımız yaxşı-pis bal toplayıb, ona görə imam ehsanı verirlər, bunu da bilmirəm.

Bəlkə ona görə imam ehsanı verirlər ki, uşaq, cəhənnəm, az bal toplasa da, məni qohum-qonşu yanında üzüqara etmədi, ödənişli təhsilə düşsə də, ali məktəbə girdi. Vallah, bunu da deyə bilmərəm.

Nə bilim, görəsən daha nə düşünüb imam ehsanı verir valideynlər? Deyirəm bəlkə ona görə verirlər ki, repetitordan da canları qurtarıb. İndiyədək repetitorlara tökdükləri pulun bir ayını ərzağa verib imam süfrəsi açanda nə olar ki?..

Görəsən daha nə, hansı səbəb ola bilər, imam ehsana vermək üçün? Kim bilir, bəlkə də valideynlər əhd edibmiş ki, balam ali məktəb tələbəsi olsun. Sonra da görəndə ki, yox, bundan oxuyan çıxmaz, qəbul imtahanından sonra balların enməsi zamanı birdən övladının 150-200 balla ali təhsil ocağına qədəm qoyacağına sevinib imam ehsanı verirlər, vallah, bu da ola bilər...

Belə də olar ki, oğlanların valideynlərinin hamısı arzu edir ki, uşaq ali məktəbə girsin, dörd il oxusun, sonra əsgər getsin. Ona görə ki, hələ uşaqdır, bir az aradan keçsin, ağıllansın, bədəni-filan formaya düşsün. Hə, bəlkə də elə bundan ötrü imam ehsanı verirlər uşaqları ali məktəbə daxil olanda valideynlər...

Axı əvvəllər uşaq ali məktəbə girəndə uzun bir masa açıb, üzərinə min bir nemət düzüb qonaqlıq verən valideynlər də var idi. Nə bilim, bəlkə də fikirləşirlər ki, elə bu masanı açırıq, açırıq, qoy elə imam yolunda olsun ki, imamlar da övladımızı qorusun. Vallah belə də olar.

Nə səbəbdəndir bilmirəm, neçə illərdir, uşağı ali məktəbə qəbul olan əksər valideyn imam ehsanı verir. Səbəbini çox axtarsam və tapa bilməsəm də, Allah qəbul etsin deməkdən başqa nə çarə...

Mətanət Məmmədova

Digər xəbərlər