PDF Oxu

Siyasət

  • 671

Azərbaycanın investisiya imkanları yeni inkişaf mərhələsinə yol açır - ŞƏRH

image

Azərbaycanın son illərdə qazandığı iqtisadi nailiyyətlər, həyata keçirilən genişmiqyaslı layihələr və formalaşdırılmış əlverişli investisiya mühiti ölkəmizin beynəlxalq investorlar üçün cəlbedici tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Sentyabrın 26-da Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan tədbirdə dövlətimizin başçısının iştirakı və çıxışı Azərbaycanın iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərinə, mövcud imkanlara və gələcək hədəflərə dair mühüm mesajlarla yadda qalıb.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, indiyədək görülən işlər gələcək inkişaf üçün möhkəm baza yaradıb. Dövlətimizin başçısı Azərbaycanın son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etdiyini, bunun təxminən yarısının birbaşa xarici investisiyalar olduğunu diqqətə çatdırıb. Bu göstəricilər ölkəmizdə investorlar üçün yaradılmış əlverişli şəraitin və Azərbaycanın etibarlı tərəfdaş kimi qazandığı nüfuzun göstəricisidir. Qarşıdakı dövrdə isə əsas məqsəd dayanıqlı iqtisadi artımı təmin etmək və qeyri-neft-qaz sektorunda mövcud potensialdan daha geniş istifadə etməkdir.
Dövlət başçısı Azərbaycanın gələcək inkişafında bərpaolunan enerjinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, yalnız Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialı mövcuddur. Qarşıdakı beş il ərzində ölkənin müxtəlif ərazilərində bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi nəzərdə tutulur. Bununla yanaşı, elektrik enerjisi istehsalında təbii qazdan istifadənin minimuma endirilməsi və əldə olunan qaz ehtiyatlarının ixrac imkanlarının genişləndirilməsi də qarşıya qoyulan mühüm hədəflərdəndir.
Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat və logistika imkanlarından da geniş bəhs edib. Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi, dəmir yollarına, dəniz limanlarına, hava və avtomobil nəqliyyatına yatırılan investisiyalar Azərbaycanın regional bağlantılardakı rolunu gücləndirib. Dövlət başçısı bildirib ki, bu il Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tona çatacağı gözlənilir və hədəf 2030-cu ilədək bu göstəricini 25 milyon tona, hətta daha yüksək səviyyəyə çatdırmaqdır. Bu istiqamətdə qonşu ölkələrlə əməkdaşlığın genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır.
Çıxışda Azərbaycanın investorlar üçün cəlbediciliyini şərtləndirən əsas amillər sırasında siyasi və iqtisadi sabitlik, güclü maliyyə sistemi, aşağı dövlət borcu, valyuta sabitliyi və uzunmüddətli tərəfdaşlıq prinsipləri də qeyd olunub. Dövlət başçısının vurğuladığı kimi, sabitlik və etibarlılıq müasir dövrdə investisiya qərarlarının qəbulunda mühüm amillərdən biridir. Bu baxımdan Azərbaycanın formalaşdırdığı iqtisadi və biznes mühiti yeni investisiyaların cəlb edilməsi üçün geniş imkanlar yaradır.
Prezident İlham Əliyev qarşıdakı dövr üçün investisiya baxımından perspektivli sahələrə də diqqət çəkib. Neft-qaz sektoru ilə yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, rəqəmsal inkişaf, data mərkəzləri, süni intellekt, mədənçilik və kənd təsərrüfatı kimi istiqamətlər Azərbaycanın iqtisadi potensialının genişləndirilməsi baxımından mühüm imkanlar kimi təqdim olunub. Xüsusilə enerji istehsalının artırılması və rəqəmsal texnologiyaların inkişafı arasında əlaqənin gücləndirilməsi yeni iqtisadi imkanların formalaşmasına xidmət edə bilər.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif sahələri əhatə edən əməkdaşlıq və investisiya sənədlərinin imzalanması da Azərbaycanın beynəlxalq biznes dairələri ilə əlaqələrinin genişləndiyini göstərir. Forumun yekununda ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənədin imzalanması ölkəmizin investisiya potensialına beynəlxalq marağın göstəricilərindən biri kimi diqqət çəkib.
Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin iqtisadi imkanlarının beynəlxalq investorlar qarşısında təqdim edilməsi ilə yanaşı, Azərbaycanın gələcək inkişaf prioritetlərinin də nümayiş olunduğu mühüm platformaya çevrilib. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər göstərir ki, qarşıdakı mərhələdə əsas hədəflər iqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft-qaz sektorunun inkişaf etdirilməsi, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və dayanıqlı iqtisadi artımın təmin edilməsidir.

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər