"Əvəz Zeynallının vəfatı Azərbaycan jurnalistikası üçün, hər şeydən əvvəl, ağır itkidir. Biz Əvəzlə eyni mövqedə dayanan jurnalistlər olmamışıq. Onun sərt üslubu, müxalif mövqeyi və bir sıra məsələlərə yanaşması ilə mənim mövqeyim arasında ciddi fərqlər olub".Bu fikirləri SİA- ya açıqlamasında Səs qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.O bildirib ki, amma jurnalistikada fərqli mövqedə olmaq başqa məsələdir, peşəkarlığı və həmkar əməyini qiymətləndirmək tamam başqa məsələ. Əvəz Zeynallı öz dəst-xətti olan, yazı üslubu ilə seçilən və media cameəsində özünəməxsus yer qazanmış jurnalist idi. Onunla razılaşmadığımız məqamlar çox ola bilərdi, amma onun jurnalist kimi fəaliyyətini, sözə münasibətini və mətbuatdakı izini danmaq mümkün deyil.Hesab edirəm ki, jurnalistika müxtəlif fikirlərin, fərqli baxışların və mövqelərin ifadə olunduğu bir sahədir. Əsas məsələ isə peşəkarlığı qorumaq və sözün məsuliyyətini dərk etməkdir. Əvəz də uzun illər bu sahədə öz yolu ilə getmiş jurnalistlərdən biri idi.Bu gün artıq siyasi və ideoloji fikir ayrılıqlarının deyil, həmkar itkisinın önə çıxdığı gündür. İnsanın ölümü qarşısında bütün fərqlər arxa plana keçir. Əvəz Zeynallının ailəsinə, yaxınlarına və bütün media ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin. Jurnalist kimi öz dəst-xətti olan bir həmkarımızı itirdik. Onun adı və Azərbaycan mediasında qoyduğu iz isə bundan sonra da xatırlanacaq".