PDF Oxu

Siyasət

  • 547

İnvestisiyanın ən böyük gücü: insan kapitalı - ŞƏRH

image

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ yalnız investisiyaların cəlb edilməsi, müasir infrastrukturun qurulması və yeni texnologiyaların tətbiqi ilə deyil, bütün bunları hərəkətə gətirəcək yüksəkixtisaslı insan kapitalının formalaşdırılması ilə müəyyən olunur.

Sentyabrın 26-da II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi bir fikir xüsusilə diqqətimi çəkdi: “Peşəkar və ixtisaslı kadrlar olmadan qarşıya qoyduğumuz məqsədlərə heç vaxt nail ola bilmərik.”
Bu, sadəcə kadr hazırlığı ilə bağlı fikir deyil. Bu yanaşma Azərbaycanın gələcək inkişafının əsas şərtlərindən birini ifadə edir. Çünki ölkəyə investisiya gətirmək, müasir texnologiyalar almaq və yeni müəssisələr yaratmaq mümkündür. Lakin həmin texnologiyanı mənimsəyən, idarə edən, inkişaf etdirən və yeni ideyalara çevirən peşəkar kadrlar olmadan bu imkanların davamlı nəticəyə çevrilməsi çətindir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, enerji potensialı, rəqəmsal infrastrukturu, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və kommunikasiya imkanları ölkəmiz üçün mühüm üstünlüklər yaradır. Lakin bu üstünlüklərin iqtisadi və elmi dəyərə çevrilməsində əsas amil yenə də insandır.
Biz, aqrar sahədə çalışan alimlər bunu xüsusilə aydın görürük. Kənd təsərrüfatının gələcəyi yalnız müasir texnika və texnologiyalardan asılı deyil. Torpağı, bitkini, xəstəlik və zərərvericiləri, iqlim dəyişikliklərini, biotexnologiyanı və rəqəmsal kənd təsərrüfatını dərindən bilən mütəxəssislər olmadan aqrar sahənin yeni inkişaf mərhələsinə keçməsi mümkün deyil.
Bu baxımdan universitetlərin üzərinə böyük məsuliyyət düşür. Müasir universitet yalnız diplom verən təhsil müəssisəsi deyil, ölkənin gələcək insan kapitalını formalaşdıran strateji mərkəzdir. Burada yetişən gənc sabah alim, mühəndis, aqronom, biotexnoloq, sahibkar və ya beynəlxalq şirkətdə çalışan peşəkar kimi ölkənin inkişafına töhfə verəcək.
Əslində, kadr hazırlığına qoyulan sərmayə ən uzunmüddətli investisiyadır. Çünki yüksək ixtisaslı mütəxəssis yalnız özü üçün deyil, çalışdığı sahə, müəssisə və bütövlükdə ölkə üçün yeni imkanlar yaradır. O, biliyi istehsala, elmi nəticəni texnologiyaya, ideyanı isə iqtisadi dəyərə çevirə bilir.
Bu səbəbdən Azərbaycanın qarşısında duran məsələ yalnız “ölkəyə nə qədər investisiya cəlb edəcəyik?” sualı ilə məhdudlaşmamalıdır. Eyni zamanda düşünməliyik: bu investisiyaları idarə edəcək, inkişaf etdirəcək və milli dəyərə çevirəcək neçə yüksək ixtisaslı mütəxəssis yetişdirəcəyik?
İnvestor üçün əlverişli mühit, sabitlik, enerji və infrastruktur nə qədər vacibdirsə, peşəkar insan resursları da bir o qədər əhəmiyyətlidir. Çünki uzunmüddətli investisiya yalnız kapitala deyil, potensiala söykənir.
Bu gün Azərbaycanın ən böyük potensiallarından biri savadlı, öyrənməyə və yeniliyə açıq, dünya ilə rəqabət aparmağa hazır gənc nəslidir. Bizim əsas vəzifəmiz isə bu potensialı keyfiyyətli təhsil, elm, innovasiya və real istehsal mühiti ilə birləşdirməkdir.
Güclü iqtisadiyyat güclü insan kapitalı ilə başlayır. Gələcəyə qoyulan ən etibarlı sərmayə isə insana qoyulan sərmayədir.

Lamiyə Quliyeva,
ADAU Beynəlxalq İkili Diplom Proqramının rəhbəri

Digər xəbərlər