PDF Oxu

Siyasət

  • 613

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Yeni iqtisadi gözləntilər nələrdir?

image

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olundu.

Cənab Prezident İlham Əliyev də tədbirdə iştirak etdi. Tədbirdə moderatorun suallarını cavablandıran ölkə başçısı cənab İlham Əliyev bildirdi ki, biz iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi faktını əldə rəhbər tutmalıyıq:
"Əlverişli investisiya mühiti sayəsində biz son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etmişik. Bunun yarısı birbaşa xarici investisiyalardır".
Ölkə başçısının səsləndirdiyi fikirlərin əyani göstəricisi olaraq bildirək ki, Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalandı.
Eyni zamanda, İqtisadiyyat Nazirliyi və “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə keçirilən Forum müxtəlif ölkələri təmsil edən dövlət rəsmilərini, qlobal investorları, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin nümayəndələrini və biznes liderlərini bir araya gətirdi.
"Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunmuş forumda qlobal iqtisadi gündəm, investisiya perspektivləri və regional əməkdaşlığın yeni imkanları ətrafında geniş fikir mübadiləsi aparıldı.
Ölkə başçısının da vurğuladığı kimi, Azərbaycanın regional bağlantı və investisiya imkanları, Orta Dəhlizin inkişaf perspektivləri, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, enerji və yaşıl keçid, kapital bazarları, aqrobiznes, kritik xammal və iqtisadi təhlükəsizlik əsas müzakirə mövzularını təşkil edib. Azərbaycanın investisiya, istehsal, innovasiya və regional dəyər zəncirlərində yeni imkanlar yaratmaq üçün mövcud potensialı təqdim olundu. Eyni zamanda, Forum ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitini, eləcə də strateji layihələrdə etibarlı tərəfdaş kimi mövqeyini nümayiş etdirdi.
Ən əsası, Azərbaycanın investisiya, istehsal, innovasiya və regional dəyər zəncirlərinin inkişafı baxımından malik olduğu potensial geniş auditoriyaya təqdim olundu. Eləcə də, ölkəmizin xarici sərmayələr üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitə malik olduğu, strateji layihələrin həyata keçirilməsində etibarlı tərəfdaş kimi mövqeyi diqqətə çatdırıldı.
Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə imzalanmış 23 sənədə əsasən ümumi dəyəri 10,8 milyard ABŞ dolları həcmində investisiya layihələrinin reallaşdırılması nəzərdə tutulur. İmzalanmış sənədlər süni intellekt, enerji, o cümlədən bərpa olunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, su təsərrüfatı və digər istiqamətləri əhatə edir. Bu ilin iyun ayında keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində elan edilmiş layihələr də nəzərə alınmaqla, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard ABŞ dollarına çatacaq. Bu, investorların Azərbaycana artan inamının və ölkəmizin investisiya məkanı kimi cəlbediciliyinin yüksəldiyinin aydın göstəricisidir. Bu miqyasda investisiyalar iqtisadiyyatın şaxələndirilməsinə, yeni texnologiyaların və innovasiyaların tətbiqinə, əlavə dəyərin və məşğulluğun artırılmasına mühüm töhfələr verir.

Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri

Digər xəbərlər