Sabitlikdən dayanıqlı inkişafa doğru yeni investisiya imkanları
Sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edərək moderatorun suallarını cavablandırıb və ölkənin iqtisadi inkişafı, investisiya imkanları, enerji siyasəti və regional bağlantılarla bağlı mühüm fikirlər səsləndirib.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, son illərdə həyata keçirilən iqtisadi siyasət Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl yaradıb. Ölkədə sabit iqtisadi və maliyyə sisteminin formalaşması, infrastrukturun yenilənməsi və investisiya mühitinin yaxşılaşdırılması Azərbaycanı xarici investorlar üçün etibarlı tərəfdaşa çevirən əsas amillərdəndir.
Dövlət başçısının sözlərinə görə, son 20 il ərzində Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunub və bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşür. Bu göstərici ölkənin beynəlxalq investorlarla əməkdaşlıq baxımından qazandığı etimadın mühüm göstəricisidir.
Prezident İlham Əliyev Azərbaycanın qarşıdakı dövrdə əsas məqsədlərindən birinin uzunmüddətli və dayanıqlı iqtisadi artımı təmin etmək olduğunu bildirib. Bunun üçün neft-qaz sektorundan kənarda mövcud olan potensialdan daha geniş istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır.
Bu baxımdan qeyri-neft sektorunun inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən biridir. Sənaye, nəqliyyat, logistika, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və digər sahələrə investisiyaların artırılması iqtisadiyyatın daha da şaxələndirilməsinə imkan yaradır.
Prezidentin çıxışında bərpaolunan enerji xüsusi diqqət çəkən istiqamətlərdən biri olub. Dövlət başçısı Azərbaycanın, xüsusilə Xəzər dənizinin ölkəyə aid sektorunda böyük külək enerjisi potensialına malik olduğunu qeyd edib. Qarşıdakı illərdə günəş və külək enerjisindən istifadənin genişləndirilməsi ölkənin enerji sistemində yeni imkanlar yaradacaq.
Azərbaycanın enerji strategiyasında əsas məqsədlərdən biri elektrik enerjisi istehsalında təbii qazdan istifadəni mümkün qədər azaltmaq və qaz ehtiyatlarını ixrac üçün daha geniş şəkildə yönəltməkdir. Bu yanaşma həm enerji səmərəliliyinə, həm də Azərbaycanın Avropa və digər bazarlarda etibarlı enerji tərəfdaşı kimi mövqeyinin güclənməsinə xidmət edə bilər.
Digər mühüm istiqamət nəqliyyat, logistika və regional bağlantılardır. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tranzit ölkəyə çevrilmək üçün uzun illər ərzində dəmir yollarına, limanlara, hava və avtomobil yollarına böyük investisiyalar yatırıb.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi ölkəyə mühüm strateji üstünlüklər verir. Bu marşrutlar üzrə yükdaşımaların artması ölkənin logistika imkanlarını genişləndirməklə yanaşı, yeni investisiya layihələrinin həyata keçirilməsi üçün də əlverişli şərait yaradır.
Prezident İlham Əliyev bildirib ki, 2026-cı ildə Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tona çatacağı gözlənilir. Qarşıya qoyulan məqsəd isə 2030-cu ilədək Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində daşımaların ümumi həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaqdır.
Bu məqsədlərə nail olmaq üçün Azərbaycan qonşu dövlətlərlə əməkdaşlığı genişləndirir və nəqliyyat infrastrukturunun inkişafını davam etdirir. Rəqəmsallaşma, gömrük idarəçiliyinin təkmilləşdirilməsi və logistika proseslərinin sadələşdirilməsi də investorlar üçün daha əlverişli biznes mühitinin formalaşmasına xidmət edir.
Prezidentin çıxışında mədənçilik də gələcək iqtisadi inkişafın perspektivli sahələrindən biri kimi qeyd olunub. Bir neçə gün əvvəl qəbul edilmiş dağ-mədən sənayesinin inkişafına dair dövlət proqramının bu sahədə yeni fəaliyyətlərə və investisiya imkanlarına təkan verəcəyi vurğulanıb.
Neft və qaz sektoru isə Azərbaycanın iqtisadiyyatında hələ uzun müddət mühüm rolunu qoruyacaq. Dövlət başçısı bu sahədən əldə edilən gəlirlərin digər iqtisadi istiqamətlərin inkişafına investisiya şəklində yönəldilməsinin vacibliyini bildirib.
Çıxış zamanı Azərbaycanın maliyyə sabitliyi də investorlar üçün mühüm üstünlük kimi təqdim olunub. Prezident İlham Əliyev ölkənin dövlət borcunun ÜDM-ə nisbətinin 20 faiz olduğunu, xarici borcun isə ÜDM-in 5,6 faizini təşkil etdiyini qeyd edib. Eyni zamanda Azərbaycanın valyuta ehtiyatlarının xarici borcunu dəfələrlə üstələdiyini vurğulayıb.
Ölkədə uzunmüddətli siyasi və iqtisadi sabitliyin mövcud olması da investisiya qərarlarına təsir edən əsas amillərdəndir. Azərbaycan rəhbərliyi investorlarla imzalanmış müqavilələrə sadiqliyin ölkənin etibarlı tərəfdaş kimi mövqeyinin formalaşmasında mühüm rol oynadığını xüsusi qeyd edir.
Azərbaycanın təhlükəsizlik baxımından əlverişli mövqeyi də xarici kapital üçün əlavə üstünlük yaradır. Stabil ictimai-siyasi mühit, inkişaf etmiş infrastruktur və proqnozlaşdırılan iqtisadi siyasət uzunmüddətli investisiya layihələrinin həyata keçirilməsinə imkan verir.
Prezident İlham Əliyev investisiya imkanlarından danışarkən rəqəmsal inkişaf və süni intellekt sahəsinə də xüsusi diqqət yetirib. Artan elektrik enerjisi potensialından süni intellekt və data mərkəzlərinin yaradılması üçün istifadə edilməsi Azərbaycanın gələcək iqtisadi inkişafının mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir.
Bu sahənin inkişafı enerji və rəqəmsal texnologiyaların bir-birini tamamlamasına şərait yarada bilər. Yeni ötürücü xətlərin tikilməsi və mövcud şəbəkənin genişləndirilməsi isə artan elektrik tələbatının qarşılanması baxımından vacib addımlardır.
Ərzaq təhlükəsizliyi də Prezidentin diqqət yetirdiyi istiqamətlər sırasında olub. İqlim dəyişiklikləri, su qıtlığı və qlobal təchizat zəncirlərində yarana biləcək problemlər kənd təsərrüfatında daha səmərəli və dayanıqlı istehsalın qurulmasını zəruri edir. Bu sahə də həm yerli, həm də xarici investorlar üçün potensial imkanlardan biri kimi təqdim olunub.
Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın yalnız ənənəvi enerji sahələrində deyil, həm də yeni və perspektivli istiqamətlərdə investisiya imkanlarını təqdim etdiyini göstərdi. Bərpaolunan enerji, nəqliyyat və logistika, mədənçilik, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və digər sahələr ölkənin gələcək iqtisadi inkişafında mühüm rol oynaya bilər.
Prezident İlham Əliyevin çıxışının əsas mesajlarından biri Azərbaycanın investorlar üçün sabit, təhlükəsiz və etibarlı tərəfdaş olmasıdır. Ölkənin strateji coğrafi mövqeyi, inkişaf etmiş infrastrukturu, enerji resursları, maliyyə imkanları və uzunmüddətli sabitliyi yeni investisiyaların cəlb edilməsi üçün geniş imkanlar yaradır.
Azərbaycan qarşıdakı illərdə mövcud potensialından daha səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun gücləndirilməsini və yeni texnologiyaların tətbiqini davam etdirməyi hədəfləyir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu isə bu imkanların beynəlxalq investorlar qarşısında təqdim edilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma kimi çıxış edir.
Göyüş Göyüşov
YAP Nərimanov rayon təşkilatının fəalı