Sosial

  • 2 154

Nur bəxş edən nurlu insanlar... ŞƏRH

image

Bilmirəm, nədəndisə cəmiyyətdə çatışmazlıq, hər hansı problem, hansısa xoşagəlməz hadisə olanda tələm-tələsik onu mediada işıqlandırmağa, məlumatı yaymaqda önə düşməyə çalışırıq, amma cəmiyyətdə örnək ola biləcək çox faktlarla qarşılaşsaq da, onu mediada işıqlandırmağa maraqsız oluruq. Bunun iki səbəbi ola bilər: ya cəmiyyətimiz o qədər yüksək səviyyədə inkişaf edib, hər kəs öz mövqeyində o qədər yüksək xidmət göstərir (təəssüf ki, hələ bunu deyə bilmərik) ki, bizim üçün belə örnəklər adi haldır və deməyə, yazmağa ehtiyac hiss etmirik. İkinci səbəb isə qələm adamlarının təmənnasından irəli gələ bilər. Yəni nə qədər gözəl örnək olsa da, gərək onun “zəfəran pulu”nu ödəyələr ki, bu örnəyi yazıb, başqalarına tanıtdırsın. Kim nə deyir desin, bu, anormallıqdır və biz problemlərlə, problem yaradanlarla bərabər cəmiyyətimiz üçün nümunə olan faktları da işıqlandırmalı və “pis”ləri “yaxşı” olmağa cəlb etmək üçün bu nümunələrdən də vaxtaşırı bəhs etməliyik.
İcbari tibbi sığorta (İTS) fəaliyyətə başladığı ilk günlərdən cəmiyyətin qınağına tuş gəlib və qurumdakı nöqsanlar hamını ciddi narahat etdiyindən tez-tez mediada da bu haqda kəskin yazılar dərc edilib. Elə bu yazının müəllifi bu baxımdan “boş dayanmayıb”, İTS-in, TƏBİB-in xəstələrin dövlət və özəl klinikalarda müalicəsində mövcud olan çoxsaylı qüsurınlarından vaxtaşırı yazılar yazıb. Və hər zaman olduğu kimi yenə vicdanının səsi ilə, kimisə nahaqdan qaralamaq fikrindən uzaq, mövcud olan problemlərin aradan qaldırılmasına kömək etmək məqsədi ilə yazıb bütün yazıları. Hesab edirəm ki, yazdıqlarımızdan, dediklərimizdən kifayət qədər nəticə çıxaran İTS və TƏBİB yetkililəri artıq öz işini nizama salmaqdadır və bunu qeyd etməmək mümkün deyil. “Aşıq gördüyün çağırar” deyiblər. Mən də son aylarda özümün gördüklərimdən sonra bu haqda yazmağı vicdanımın tələbi kimi qəbul etdim. Axı həmişə tənqid etmişdik, niyə də yaxşını görüb də, yanından ötməliyik?..
Sön vaxtlar gözlərimdə görmə qabiliyyətinin zəiflədiyini hiss edirdim. Yaşla və gecə-gündüz yazıb-oxumaqla bağlı bunu təbii qəbul edirdim. Açığını deyim ki, İTS-dəki yarıtmaz hesab etdiyim xidmətin əvvəllər şahidi olduğumdan ora müraciət etmək fikrim yox idi. Necə deyərlər, puluna minnət, özəl klinikalardan birinə gedib gözlərimi əməliyyat etdirmək haqqında düşünür və bunun üçün tədarük də görürdüm. Ancaq hansısa qüvvə məni çəkirdi ki, İTS-ə müraciət edim. Nəhayət mobil telefonu əlimə alıb e-təbib mobil tətbiqini yükləmək istədim. Çətinliyə düşdüm. İTS-in qaynar xəttinə zəng vurub mobil tətbiqi yükləmək üçün kömək istədim. Adını sonradan çətinliklə öyrəndiyim Nurlana Ağayeva adlı bir xanım 30-40 dəqiqə mənimlə birlikdə mobil tətbiqi yükləməyimə kömək etdi və nəhayət tətbiqi yüklədim. Elə bu adını çəkdiyim xanımın yaşlı bir vətəndaşın probleminə həssas yanaşması, hər dəqiqədə yüzlərlə zəng edilən bir qaynar xətdə çalışan xanımın sona qədər köməyini əsirgəməməsi, hətta mən tıncıxıb vaz keçmək istəsəm də məni mehriban və səmimi sözləri ilə sona qədər dözməyə dəvət etməsi İTS xidməti haqqında indiyədək düşündüklərimi alt-üst etdi. Beləcə, qaynar xətdəki həmin xanımın sayəsində e-təbib mobil tətbiqini yüklədim və daxil olub “Yeni Klinika”da göz xəstəlikləri şöbəsinə növbə götürdüm. Az keçmədi ki, telefonuma növbəmin vaxtı, gedəcəyim ünvan barədə mesaj daxil oldu. İki gün sonra həmin ünvana gəldim. “Yeni klinika”nın girişində mesajda mənə göndərilən qeydiyyat nömrəsini aparata daxil etdim. Bir dəqiqə keçmədən löbhədə həmin nömrəni və qarşısındakı “Kassa-1” yazısını oxuyub birinci kassaya yaxınlaşdım. Burda da adını bilmədiyim bir gənc oğlan yüksək mədəniyyətlə məni dinləyib gedəcəyim şöbəni və otaq nömrəsini qeyd edərək talonu təqdim etdi. Talonla gəlib göz xəstəlikləri şöbəsinə çatan kimi orda da qeydiyyat nömrəmin yazıldığı və hansı otağa getməli olduğumu lövhədə görüb həmin otağa daxil oldum.
Oxucum məni bağışlasın. Bütün məqamları ona görə yazıram ki, İTS haqqında,TƏBİB haqqında, oların göndərişi ilə klinikalarda mövcud problemlər haqqında saysız-hesabsız yazılar oxuyan insanların, bunun müqabilində, yaxşını da görüb, bilmələrində payım olsun istədim. Axı niyə də yaxşını yazmağa çətinlik çəkməliyik?
Xülasə, əvvəl iki gənc xanım gözlərimə dərmanlar damcıladıb, otuz dəqiqə gözləməyimi, sonra həkimin qəbul edəcəyini bildirdilər. Deyildiyi kimi, otuz dəqiqə sonra talonda adı qeyd edilən doktor Xəlil Səfərov məni qəbul etdi. Gözlərimi diqqətlə müayinə edib sonda hər iki gözümdə mirvari suyu (katarakta) olduğunu və əməlyyata ehtiyac olduğunu bildirdi.
Əməliyyata qədər olan analizlər, əməliyyat vaxtının dəqiqləşməsi, razılaşdırılması və digər prossedurlar haqqında da çox yazıb vaxtınızı almaq istəmirəm. Bircə onu qeyd edirəm ki, bütün mərhələlər o qədər dəqiqliklə adladılırdı ki, sanki başqa cəmiyyətdə idim və hər kəsin yüksək intellektlə yanaşmasını, xüsusilə doktor Xəlil Səfərovun assistenti Jalə xanımın əvvəllər alışmadığımız yüksək mədəniyyəti, xəstə ilə ünsiyyətindəki alicənablıq qəlbimi qürur hissi ilə doldururdu. Axı belə yüksək intellektli xidməti həmişə xarici filmlərdə, yaxud xaricdə müalicə olunan xəstələrin söhbətlərində görür və eşidirdik! Burda isə bunun canlı şahidi olur və ölkəmizdə iqtisadi inkişafla yanaşı mənəviyyatımızın, intellektimizin də bu qədər yüksək səviyyədə inkişaf etməsi içimdə milli qürur yaradırdı.
Oxucum səmimiyyətimə inansın, elə bir mühit, elə bir əhval-ruhiyyə var idi ki, əməliyyat günü sanki gözlərimin əməliyyatına yox, hansısa şənliyə, toya gedirdim. Kimsə dana bilməz ki, xəstələrin müalicəsində əhval-ruhiyyənin mühüm rolu var və mən də doktor gözlərimi əməliyyat etdikcə xırda ağrıları belə sevinclə, gülümsəməklə qarşılayırdım. Beləcə əməliyyat olundum, Doktor Xəlil Səfərovun və assistenti Jalə xanımın müntəzəm nəzarəti ilə əməliyyatdan sonrakı müalicəmi də uğurla başa vurdum. Və doktorun yanına sonuncu yoxlamaya gedərkən birlikdə foto çəkdirmək istədiyimi bildirdim. Etiraz etmədi. Assistenti Jalə xanımla birlikdə, əməliyyatdan sonra onlara bağışladığım “Nur dərəsi” kitabımı da əllərinə götürüb birlikdə foto çəkdirdik. Doktor bu fotonun mətbuatda dərc ediləcəyini bilmədi. Sadə, təvazökar, əlləri həqiqətən qızıl olan, mən və mənim kimi minlərlə insanın nuru tükənmiş gözlərinə nur bəxş edən, qəlbi də, ruhu da insanlara şəfa duyğusu ilə yoğrulan doktora, onun kollektivinə minnətdarlıq hissimi necə bildirəcəyimi düşünüb, bu yazıya əl qoydum. Yazdım, yazdım ki, cəmiyyətimizi öz əməli və mənəvi dünyası ilə irəli aparan belə həkimlərimizin olduğuna hər kəs inansın və İTS-in, TƏBİB-in yarandıqları ilk illərdə problemlər mövcud olsa da, artıq hər şeyin yola qoyulmaqda olduğuna hər kəs əmin olsun. Rəbbimdən kimsəyə İTS-ə, TƏBİB-ə müraciət etmək məcburiyyətində qalmağı arzu etmirəm. Ancaq buna məcbur olanda müraciət ediləcək ünvana etibar edilməsinin vaxtı çatdığını və bu etibarın doğrulacağına kimsədə şübhə olmaması istəyi ilə yazıma yekun vururam.

Təhmasib Novruzov,

Yazıçı-publisist

Digər xəbərlər