PDF Oxu

Sosial

  • 16 066

Sünnəti kim etməlidir: Dəllək yoxsa həkim?

image

Diqqətli oxucular xatırlayar, bir neçə il əvvəl Kürdəxanı kəndində 2 aylıq körpə sünnət zamanı qanitirmədən həyatını itirmişdi. Ev şəraitində edilən sünnətdən dərhal sonra valideynləri qanın kəsmədiyini görüb uşağı xəstəxanaya aparıblar, lakin xəstəxanaya çatmamış uşaq yolda dünyasını dəyişmişdi. Həkimlər bəlkə həyata qaytarmaq mümkün olar deyə uşağa tibbi müdaxilə etsə də körpənin həyatını xilas emək mümkün olmadı.

Sünnət olunan uşağın anası hemofiliya xəstəsi olub. Həkimlərin fikrincə bu xəstəlik anadan daha çox oğlan övladlarına keçə bilir. Körpə doğularkən və 2 aylıq ömrü boyunca kifayət qədər çox həkim və tibbi personalla ünsiyyətdə olub, lakin heç bir tibb işçisi ailəyə körpənin irsi xəstəliyinin ola biləcəyi ehtimalını deməyib. Ailədə ananın irsi xəstəliyini bilənlər isə bunun körpənin sünnət edilməsində problem olacağını düşünməyiblər. Haradan baxsan bu hadisədə etinasızlıq, savadsızlıq faktoru vardı yəni.

Sünnətin evdə və ya peşəkarlara edilməsi artıq mədəniyyət məsələsidir. İndi informasiya əsrində yaşayırıq, hər bir ailə özü bilməlidir ki, bunun fəsadı ola bilər. Eləcə də hamı bilməlidir ki, hər bir işin peşəkarı var. Sünət tibbi əməliyyatdır, üstəlik kifayət qədər riskli cərrahiyə əməliyyatlarındandır. Əməliyyatı isə ev şəraitində yox, xəstəxanada etmək lazımdır. Sünnətdən öncə hər bir oğlan uşağı fərdi olaraq yoxlanılmalı, bütün qan dəyərləri ölçülməli, analizləri aparılmalıdır. Ola bilər bu uşağın qanında laxtalanma problemi var, ola bilər trambozla bağlı problemi var, ola bilər sünnətliyində müəyyən bir anomaliya mövcuddur. Ola bilsin ki, həmin hissədə bir xal, şiş var, sünnət ümumiyyətlə olmaz. Ona görə də sünnət ediləcək hər bir uşaq fərdi şəkildə müayinə olmalıdır. Biz indi sürət əsrində, texnoloji yeniliklərin bol olduğu dövrdə yaşayırıq, həkimin və xəstəxananın əlçatmaz olduğu uzaq əsrlərdə yaşamırıq.

Valideynlər etinasızdır yoxsa adətlərə bağlı?

Ümumiyyətlə,körpə dünyaya gələn gündən tibbi personların əhatəsində olur. Əvvəl doğum evində nəzarət edilir, sonra evə müəyyən müddət ərzində təyin olunmuş sahə tibb bacısı gəlib-gedir, körpə hər ay qeydiyyatda olduğu poliklinikaya aparılır. Bu ərəfədə həkimlər valideynlərə məlumat verməlidirlər ki, uşağın sünnət edilməsi nə zaman məsləhətlidir, sünnət əməliyyatı həkimlər tərəfindən klinikada aparılmalıdır, ev şəraitində sünnət etmək həyati risk daşıyır. Valideyn bilməlidir ki, xəstəxana şəraitində əməliyyatla sünnət edilən uşaq əməliyyatdan sonra 6-7 saat xəstəxanada saxlanılır ki, təhlükə yaransa müdaxilə edilsin. Evdə bu təhlükə anında müdaxiləni kim edəcək?

Zənnimcə qanunla ara dəlləklərinin sünnət etməsini qadağan etmək olar. Lakin buna nəzarət mexanizmi də mükəmməl işlənməlidir, əks halda qarışıqlıq olacaq. Əgər insanlar özləri bunu şüurlu şəkildə başa düşmürlərsə, ev şəraitində sünnət edilməyin ölümə səbəb olacağını anlamırlarsa vəziyyət dəyişməyəcək. İndi hansı valideyni uşağını dəlləyə sünnət etdirdiyinə görə cəzalandırmaq olar? Valideynlərlə maariflənmə işləri aparılmalıdır, onlar bunun təhlükəli olduğunu qəbul etməlidirlər. Bu işi həm mətbuat nümayəndələri, həm də səhiyyə işçiləri etməlidir. Ümumiyytlə, Səhiyyə Nazirliyi bütün poliklinikalara, qadın məsləhətxanalarına, uşaq doğum evlərinə bütün hallarda valideynlərə bu barədə informasiya verilməsi, maarifləndirmə işləri aparılması üçün tapşırıq verməlidir.

Valideynlərin bu məsələdə etinasız olduğunu düşünənlər çoxdur. Amma “dədə-baba” qaydası ilə sünnət tərəfdarı olan valideyn də çoxdur. “Bizə necə edilibsə o cür olsun” fikri ilə sünnətin ev şəraitində, qeyri-steril yerdə, ixtisası həkim olmayan biri tərəfindən reallaşdırılması fikri ən çox onların israrıdır.

Sünnət insan haqlarının pozulması deməkdir?

Amerika Sünnət Əleyhinə Həkimlər (Doctors Opposing Circumcision, DOC) Birliyinin sünnətlə bağlı yaydığı açıqlamada bildirilir ki, DOC yeni doğulan oğlan uşaqlarının sünnətinin əleyhinədir. Həkimlər bildirirlər ki, köməksiz körpə üzərində bu əməliyyatı aparmaq insan haqqlarına ziddir və tibbi baxımdan gərəksizdir. Açıqlamada deyilir ki, tibb elmində sünnəti vacib sayan heç bir araşdırma həqiqəti əks etdirmir. Həkimlər bildirir ki, sünnətdə olan qorxu, insan bədəninin formasını dəyişmək, bir şəxsiyyət kimi alçatmaq insan haqlarına ziddir və bütün bunlar sünnətlə reallaşdırılır.

Sizcə haqlı deyillər? “Dədə-baba” qaydası ilə edilən sünnətlərin uşaq psixologiyasında yaratdığı travmanı təxmin etmək olur. Heç bir keyidici dərmandan, iynədən istifadə etmədən insan ətindən ət kəsmək, üstəlik bunu azyaşlının bildiyi halda etmək nə qədər etikdir? Həkimlər, xəstəxanalar, cərrahiyə elmi niyə var? 5 dəqiqəlik narkozla bu məsələni ağrısız, travmasız həll etmək mümkündüsə o uşaqlara bu dəhşət niyə yaşadılır?

Sünnəti nə vaxt və harada etdirməli?

Həkimlər sünnət ediləcək uşaqların 2, 3, 4, 5 yaş aralığında edilməməsinin tərəfdarıdır. Bu yaşlar uşağın “fallik dövr” adlandırılır, uşağın öz psixi və cinsi kimliyinin fərqində olduğu zamandır. Belə bir zamanda uşağa məcburiyyəti olmayan bir əməliyyat edilsə, bu uşaqda qalıcı travmalara səbəb ola bilər. Həkimlər ailələrə sünnəti adətən 3 aylıqdan sonra 2 yaşınadək, bir də 6-7 yaş aralığını məsləhət görürlər.

Sünnət əməliyyatı heç bir sağlamlıq problemi olmayan uşaqların üzərində edilən əməliyyatdır. Ona görə sağlam uşaq olmalıdır ki yazının girişində qeyd etdiyim ölüm halları təkrarlanmasın. Sünnət bir əməliyyatdır və xəstəxana şəraitində olunmalıdır. Ev şəraitində sünnətin ağırlaşma halları çox müşahidə edilir, bəzən uşaq evdə sünnət edilməsi zamanı yerli keyləşdirici inyeksiyasından sonra anafilaktik şoka girir və müdaxilə üçün imkanlar yetərli olmur.

Xəstəxana şəraitində sünnət etməyin də yolları fərqli olur. Bəzi həkimlər yerli keyitmə, bəzisi ilə ümumi narkozla olmasının tərəfdarıdır. Ümumilikdə sünnət əməliyyatı zamanı ümumi narkoz tətbiq edilməsi həm həkimin işini rahatlıqla görməsinə kömək edir, həm də sünnət edilən uşağın daha az travma yaşamasına. Çünki hər uşaqda yerli keyitmə eyni effekt verməyə bilir və əməliyyat prosesində uşağın narahatlığı olarsa bu həkimin də özünü narahat hiss etməsi və problemli bir əməliyyat prosesi deməkdir.

“Lazerlə sünnət” daha yaxşıdır?

Normal halda sünnət xəstəxana şəraitində bir cərrah tərəfindən, ənənəvi alətlər vasitəsilə edilir. Yəni xalq arasında “lazer sünnəti” deyilən üsul əslində yoxdur. Lazer adlandırılan alət “monopolyar koterin” və ya “termokoter”in xalq arasında istifadə olunan adıdır. Tibbdə əməliyyatlarda koterlərdən qanamanı nəzarətdə saxlamaq üçün istifadə olunur. Cinsiyyət üzvü, sidik axarı kimi nazik uc orqanlarda monopolyar koter istifadəsi təhlükəlidir. Sünnət edilərkən “lazerlə” dərinin kəsilməsi , kəsilən yerlə yanaşı qonşu toxumaları da yandıra bilər. Bu qalıcı fəsadlara səbəb ola bilər. Daha aydın dillə izah etsək, qansız, “lazerlə sünnət” adlandırılan üsul ilə sünnət icra edilməməlidir. Sünnət klassik usul ilə həyata keçirlilməlidir, bir şərtlə ki həkim icra etsin.

Cərrahlar keçmişdən bu günə yayılan bir adəti də doğru hesab etmirlər. Daha çox yaşlı nəslin nümayəndələri sünnət dərisini geri çəkərək uşaqların sünnətliyinin ucunu təmizləyirlər. Bu çox yayılmış bir ənənədir. Həkimlər bunun sünnət dərisinə və penis başına zərər vurduğunu, bunun da “fimozis” deyilən xəstəliyə səbəb olduğunu deyirlər. Bəzən dəri geri çəkilir və yerinə qaytarılmır, bu zaman sünnət başının, yəni penisin qanqreninə səbəb olan “parafimozis” yaranır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər