Bağışlamaq bütün cəmiyyətlərdə və bütün dinlərdə böyüklük kimi qəbul edilir
Bağışlamaq bütün dövrlərdə və bütün cəmiyyətlərdə böyüklük hesab edilir, bağışlayan müdrik, bağışlanan səhvindən dərs alan kimi xarakterizə edilir. Azad cəmiyyətlərdə günahın cəzası da olur, cəzasından nəticə çıxaranların əfvi də. Günahkarların bağışlanması məsuliyyətli işdir, bu məsuliyyəti öz üzərinə götürəcək insanlar da azdır.
Bir müddət əvvəl Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirmişdi ki, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi münasibətilə növbəti əfv prosesinin həyata keçiriləcəyi gözlənilir. Bu səbəblə məhkumlar, onların ailə üzvləri, vəkilləri, eyni zamanda, QHT nümayəndələri, deputatlar tərəfindən müraciətlər də daxil olub.
Qeyd edək ki, I Vitse-Prezident Mehriban Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktı qəbul edilib. Ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı təxminən 135 min şəxsə tətbiq edilib, 32 mindən çox məhkum cəzaçəkmə müəssisələrindən azad olunub. O cümlədən, Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli qərar 17 min 267 şəxsə şamil olunub.
Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Amnistiyanın tətbiqi nəticəsində şəxslər ayrı-ayrı cəzalardan, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediliblər, bəzilərinin isə cəza müddəti azaldılıb.
Əfv nədir, kimlərə şamil edilir?
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 82-ci maddəsi “Əfvetmə” adlanır. Əfv fərmanı ilə məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə bilər, məhkuma təyin olunmuş cəzanın müddəti azaldıla bilər, məhkumun cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.
Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Bəzən amnistiya və əfvetmə ilə bəraətalma bir-birinə qarışdırılır. Bəraət yalnız məhkəmənin qərarı ilə verilə bilər. Şəxsin qanunu pozması barədə sübutlar yoxdursa, istintaq tədbirləri zamanı onun cinayət işləmədiyi üzə çıxarsa, həmin şəxs bəraət ala bilər. Amnistiya və əfvetmə isə cinayət törədən şəxslər barəsində tətbiq edilir.
Amnistiya və əfvetmə birdəfəlik tətbiqetmə üçün nəzərdə tutulsa da, əfvetmə yalnız qanuni qüvvəyə minmiş hökm əsasında məhkum edilmiş şəxslərə münasibətdə, amnistiya aktı isə cinayət prosesinin istənilən mərhələsində tətbiq edilə bilər, yəni şəxsi məsuliyyətdən və cəzadan azad edə bilər.
Amnistiya və əfvetmənin fərqi nədir?
Cinayət Məcəlləsinin 81-ci maddəsi isə Amnistiya adlanır. 81.1. bəndində deyilir ki, Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Əfvetmə isə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Amnistiya həyatının ən böyük səhvini etmiş, bəlkə də istəmədən, bilmədən, affekt vəziyyətində cinayət törətmiş insanlara bir daha imkan vermək deməkdir, bu onların azad həyata qayıtması və səhvlərindən nəticə çıxararaq yaxşı insan olmaları üçün çalışmaları üçün yaradılmış şansdır.
Amnistiya cəzanın yüngülləşdirilməsi, yaxud ləğv edilməsi deməkdir. Amnistiya elə bir normativ-hüquq aktıdır ki, o, hüquq pozuntuları törətmiş şəxslərin fərdi olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində qəbul edilir və həmin şəxsləri, onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək sanksiyalardan azad edir, yaxud yüngülləşdirir. Amnistiyanın tətbiqi dairəsi heç də cinayət qanunvericiliyi ilə məhdudlaşmır, bir sıra ölkələrdə tez-tez vergi amnistiyası aktları da qəbul edilir.
Tanrı bağışlayanları sevir
Təcrübə göstərir ki, həbsxanalar insanları tərbiyələndirmək funksiyasının öhdəsindən gələ bilmir. Əksinə, onları daha da aqressivləşdirir, psixologiyalarında cəmiyyətə qarşı inamsızlıq və qəzəb formalaşdırır. Həbsxanalar insanların fiziki və mənəvi-psixoloji sağlamlıqlarına zərbə vurur.
Təsadüfən, bilmədən, istəmədən, şüurlu surətdə olmadan yüngül cinayət törətmiş və bundan səmimi-qəlbdən peşman olan on minlərlə məhbus var. Onları cəmiyyətə qazandırmaq lazımdır. Onların həyatda son ümidlərini də məhv etmək olmaz, çünki çoxu, törətdiyi cinayətin cəzasını elə həbsxana həyatının ilk ilindəcə almış olur – çəkdiyi mənəvi əzab ilə.
Quru münasibətlərin hökm sürdüyü müasir cəmiyyətlərdə amnistiya, əfv kimi təşəbbüslər bir qədər təəccüblü də görünə bilər. İndi düşüncələr birmənalı olaraq “günahkar cəzasını çəkməlidir” qənaətindədir. Amma hər bir sivil cəmiyyətdə insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən bağışlama aktları olduqca yüksək dəyərləndirilir. Bağışlamaq bütün cəmiyyətlərdə və bütün dinlərdə böyüklük kimi xarakterizə edilir. “Tanrı da bağışlayanları sevir” ifadəsi boşuna deyilməyib.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb