Sosial

  • 5 712

Evdəki təhlükə: Uşaqları necə qoruyaq?

image

Kimyəvi maddə içən uşağı qusdurmaq onun ölümünə səbəb ola bilər

Körpələr üçün ən təhlükəli yer hamam və mətbəxdir

Gözümüz kimi baxdığımız, hər addımını izlədiyimiz uşaqlar bəzən evdə elə qəzalar törədir ki, nəticəsi həm özlərinə zərər verir, həm də valideynlərə qorxu yaşadır. Amerikada aparılan bir araşdırma zamanı məlum olub ki, ev qəzalarının 79 faizi böyük evlərdə və valideynlərlə uşaqlar ayrı-ayrı otaqlarda olarkən baş verir.

Təzadlı faizlər maraq doğurur

Təcili yardıma müraciət edilən 86 zəhərlənmə hadisəsini araşdıran araşdırmaçılara məlum olub ki, hadisələrin demək olar ki, hamısı uşaq valideynlərinin olmadığı otaqda tək olarkən baş verib. Daha çox 5 yaşınadək olan uşaqların ev qəzalarına məruz qaldığı məlum olub. Hadisələrin 79 faizində valideynlər başqa otaqda olub, 93 faizində ailənin öz evində baş verib, 89 faizində uşaqlar televizor izləyərkən qəza törədir, 36 faizində uşaq valideynlərin yanından qonşu otağa keçib qəza törədib, 87 faizində valideynlərin başı ev işinə qarışıb.

Qeydə alınan qəzaların 59 faizində zəhərlənməyə yol açan kimyəvi maddə uşağın əli çatan yerdə saxlanılıb, yalnız 28 faizində uşağın çətin əldə edəcəyi yerdə saxlanılır. Qeydə alınmış zəhərlənmələrin 31 faizində uşağın kimyəvi maddəni əldə etmək üçün bir əngələ rast gəlmədiyi məlum olub, 36 faizində bu maddələr mətbəx stolunun üstündə və ya hamam dolablarının alt gözlərində saxlanılıb. Zəhərlənmə hadisələrinin 57 faizi kimyəvi maddələr bərk bağlanmış qabların içində saxlanmasına baxmayaraq baş verib.

Texnologiya uşaqları hədələyir

Ev qəzalarında ən çox zərər verən texnika isə fırlanan motoru olan aparatlar, isitmə və qurutma aparatları, sobalar, pəncərə və qapı şüşələri, elektrik paylayıcıları, naqillərdir. İndi evlərimizdə bir çox texnikanın köməyi ilə yaşayırıq, çörəyi sobada bişirik, paltarı ütü ilə ütüləyirik, uşaqlara meyvə şirəsini özümüz mətbəx robotu ilə hazırlayırıq, əti iti bıçaqlı maşında özümüz qiymə edirik, paltaryuyan maşın uşaqların əli rahatlıqla çatan yerdə quraşdırılır, bütün evlərdə elektrik paylayıcıları uşaqların əli çatan yerdədir. Kimyəvi dərmanlar, yuyucu tozlar, sabun və şampunlar üçün gizli dolablarımız demək olar ki, yoxdur.

Evlərdəki qəzalar, adətən, kimyəvi maddədən zəhərlənmə, hündürlükdən yıxılma, hamam vannasında boğulma, yanğınlardır. Evdə uşaqlar üçün təhlükə kəsb edən yerlərdən biri də pilləkanlardır. 1995-ci ildə İngiltərədə aparılan bir araşdırmada 2.5 milyon yaralanma və 4 min ölümün ev qəzaları səbəbi ilə olduğu məlum olmuşdu. Bu yaralanmalardan 230 mini, ölümlərdən isə 497-si pilləkəndan yıxılaraq zədə alanlar olub.

Ən təhlükəli yer mətbəxdir

Evdə, əsasən, mətbəx və hamam qəza çox olan yerlər hesab edilir. Mətbəxdə sobaya yaxın yerlərdə tez alışan, istiliyə dözümü olmayan materiallardan hazırlanmış avadanlıqlar yanğına səbəb ola bilər. Bundan əlavə divara bərkidilmiş dolablar da təhlükə mənbəyidir, dolablar hər an yerindən çıxıb yaxınlıqdan keçən uşağın üzərinə düşə bilər və bir qədər araşdırma etdikdə, belə halların həqiqətən baş verdiyini də görə bilərsiniz.

Mətbəxinizdə övladınız üçün təhlükə kəsb edən ən birinci yer qaz sobasıdır. Soba nə pəncərəyə, nə də qapıya yaxın olmamalıdır. Əks halda evə azacıq külək dolduğu zaman pərdələr sobaya yaxınlaşa və yanğına səbəb ola bilər. Uşaqların mətbəxdə oyun oynamasına icazə verməyin, burda həm üst dolabların düşmə təhlükəsi var, həm qaz sobası ilə kontakt ola bilər, həm də kəsici-deşici alətləri götürə bilərlər. Mətbəxdə daimi işlətdiyimiz elektrik avadanlıqları da onlar üçün təhlükə mənbəyidir.

Adətən, mətbəx dolablarının birində və yaxud soyuducuda saxladığımız dərmanlar da uşaqlar üçün təhlükəlidir, dərman şüşələrini və qutularını onların əli çatmayan yerdə saxlayın. Balkonlar uşaqların sevdiyi yerdir, çalışın balkon qapısını daima bağlı saxlayın, indi bir çox ailə dəmir barmaqlıqlarla körpələri bu təhlükədən də sığortalayır.

Hamamı unutmayın

Hamamda döşəməyə vurulan sürüşkən materiallı kafellər qəzalara səbəb ola bilər. Bu cümlələri yaza-yaza xatırlayıram, azyaşlı olmamağıma baxmayaraq mən də dəfələrlə hamamın nəm döşəməsində sürüşərək zədə almışam. Bu səbəbdən də hamam otağı üçün altı sürüşkən olmayan başmaqlardan istifadə etmək qəzalardan qoruya bilər. Hətta bir dəfə azyaşlı oğlum 1 dəqiqəlik tək qalmağından istifadə edərək hamam vannasının içində olanda saç qurutmaq üçün istifadə etdiyimiz feni elektrik paylayıcısına qoşaraq su dolu vannaya salmışdı, nəticədə həm özünə, həm də bizə dəhşət dolu gün yaşatdı, xoşbəxtlikdən xətərsiz ötüşdük.

Dünya ölkələrinin hər birində orta hesabla ildə 1500-2000 uşaq ev qəzalarında ölür. İnkişaf etmiş ölkələrdə hər 100 uşaqdan biri diqqətsizliyin qurbanı olaraq ev qəzalarında can verir. Uşaqların həyatının yarıda qırılmaması, şikəst qalmaması üçün valideynlərdən çox şey asılıdır, ilkin müdaxilə bəzən can qurtarırsa, bəzən körpəyə zərər vurur. Xüsusilə də, kimyəvi maddə içmiş uşağı qusdurmağa çalışan valideynlər bilməlidir ki, əgər azyaşlı uşaq diqqətsizlikdən faydalanaraq kimyəvi dərman içibsə, onu qusdurmaq olmaz, bu qida borusunun iki dəfə yanmasına səbəb ola bilər. Ediləcək ən vacib hərəkət təcili yardıma zəng vurmaq və onlardan telefonla təlimat almaqdır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər