Sosial

  • 2 788

Özünüməşğulluqdan sahibkarlığa... TƏHLİL

image

Hələ lap qədim dövrlərdən Azərbaycan ailəsi öz təsərrüfatını qurmaqla, birgə əmək sərf etməklə ailə büdcəsini formalaşdırmış, onun dayanıqlığını təmin etmişdir. Ailə dəyərlərimizin əsas amillərindən biri olan kollektiv əmək prosesində hər bir ailə üzvü bir-birinə yardım etməklə bu işin ənənəviləşməsinə şərait yaratmışdır. Məhz elə buna görə indi də kəndlərimizdə ərazilər var ki, onlar ozamankı ailə başçılarının-ata-babalarımızın adları ilə adlandırılır. Məsələn, “Nəbi yurdu”, “Həsənin dərəsi”, “Muxtarın düzü”, “Həsənalı yaylağı”, “Hüseynin almalığı”, “Sadığın dəyirmanı”, “İbrahimin baltası” kimi yüzlərlə yer adları indi də kəndlərimizdə olduğu kimi adlandırılır. Çünki zamanında bu yerlərdə atalar ailə təsərrüfatı yaratmış, əkinçilik, maldarlıq, heyvandarlıq və ya sənətkarlığın bir növü məşğul olmuş, bunu sonralar oğulları, nəvələri davam etdirmişlər ki, həmin yer adları da günümüzədək gəlib çıxmışdır.

Kəndlərimizdə qədimdənqalma istehsal sahələri var ki, indi də həmin kəndlərdə ən yaxşı pendirin, şor-kərənin, balın, turşu və mürəbbələrin kimə məxsus olması barədə bir kəlmə soruşmaqla məlumat almaq olur.

Tək əkinçilik və heyvandarlıq, milli mətbəx nümunələri deyil, həm də xalçaçılıq, kilim-palaz toxuma, müxtəlif naxışsalmalar, dulusçuluq, zərgərlik və saya biləcəyimiz onlarla sahələr var ki, onlar uzun illər boyu atadan-anadan oğula-qıza, oğul-qızdan övladlarına yadigar qalmaqla yaşadılıb. Odur ki, qədimdən bugünədək yaşadılan ailə təsərrüfatlarının müasir dövrümüzdə inkişaf etdirilməsi bir çox səbəblərdən təqdirəlayiqdir. Ən birincisi, insanların məşğulluğu, öz biznesini qurması, dövlətdən asılılığının azalması nöqteyi-nəzərindən özünüməşğulluq proqramı böyük əhəmiyyətə malikdir.

Özünüməşğulluq-kiçik ailə təsərrüfatından sahibkarlığa gedən yol

Ailə biznesi ilə tanınmış korporasiyalar inkişaf edərək dünya iqtisadiyyatına təsir edən Rokfeller, Ford kimi maqnatlar böyümüşlər. Qərb iqtisadiyyatında ailə biznesi aparıcı rol oynayır. Məsələn, Böyük Britaniyada ölkə firmalarının 75%-i, ABŞ-da 90%-ni, Avropa İttifaqı ölkələrinin 85%-ni ailə biznesi şirkətləri təşkil edir. Nisbətən zəif də olsa, Rusiyada da ailə biznesi inkişaf edir.

Özünüməşğulluğun kiçik ailə biznesindən sahibkarlığa gedən yol olması barədə yüzlərlə nümunələr gətirmək olar. Bütün dünyada böyük sahibkarlıq subyektləri kiçik ailə təsərrüfatları üzərində qurulub. Beləliklə, söhbətimizin bu yerində belə ailələrdən bir neçəsinə qısa nəzər salmaq da maraqlı olardı.

Onlardan biri Müle ailəsidir. Fransada iplik əyiriciliyi sahəsində yaxşı tanınan bu ailənin adı kiçik Jerar Mülenin açdığı Auchan şəbəkəsi ilə bağlıdır. Jerar 1936-cı ildə Rube şəhərində doğulmuşdu. İkinci dünya müharibəsindən sonra Avropada hökm sürən durğunluq onların ailə biznesinə mənfi təsir göstərməsə də, Jerar başa düşür ki, təkcə iplik istehsalı ilə uzağa gedə bilməyəcək. Ona görə də kompaniyanın mağazalarını açır. Elə birinci kursda universiteti atır, özü də dəzgah arxasına keçir, bir dəfə isə ehtiyatsızlıqdan iki barmağını itirir, bundan sonra satış üzrə direktor təyin olunur. Kənar kadrların içəri buraxılmadığı bu ailə biznesində bütün gəlirlər bərabər payda bölünürdü. Gəlirlər isə artmaq bilmirdi. Axtarışlar Jerarı ABŞ-a aparıb çıxartdı. İlk dəfə o, burada supermarket modeli ilə tanış oldu. Mahiyyət isə sadə idi; xüsusi sırada tikilmiş mağazalar özünəxidmət üsulu ilə işləyirdi. J.Müle başa düşdü ki, supermarketlərin gələcəyi var. 1961-ci il iyulun 6-da Fransada ilk dəfə tətbiq edilən bu model, açılan ilk supermarket tezliklə Mülelərə böyük şöhrət, qazanc gətirdi. Auchan ticarət şəbəkəsi 1981-ci ildən başlayaraq Fransadan sonra İspaniya, ardınca da Rusiya, İtaliya, Portuqaliya, Lüksemburq, Polşa, Argentina, Macarıstan, Mərakeş, Çin, Tayvan, Malta, Rumıniya, Ukraynada özünə çox populyar hipermarketlər qurdu. Rusiyada “Aşan” adlanan şəbəkə indi Moskva, Sankt-Peterburq, Novosibirsk, Samara və s. vilayətlərdə xüsusilə genişlənməkdədir.

1996-cı ildən sonra Auchan Docks de France şəbəkəsini də aldıqdan sonra illik gəliri 33 milyard dolları ötməklə dünyada 1000-dən çox mağazaya sahib oldu. Təkcə mağazalarda işləyən personalın sayı 170 mindən artıqdır. İndi Müle ailəsi Avropada ən varlılar siyahısındadır. Getdikcə genişlənməkdə olan Auchan-a Leroy Merlin, St. Maclou, Decathon, Norauto, Kiabi, Atac və Elena tikinti materialları, idman, avtoaksessuar, geyim və ev üçün mallar mağazaları, supermarketlər şəbəkəsi, onlarla digər brendlər də daxil olmuşdur. Ailə isə ənənəsinə sadiqdir: yenə də bütün gəlirlər ailə üzvləri arasında bərabər bölünür.

2006-cı ildə 75 yaşlı Jerar Müle Auchan-nın qeyri-rəsmi rəhbərliyindən könüllü istefa verərək hüquqlarını özünün də təmsil olunduğu direktorlar şurasına təhvil verdi. Mülelər ailə mülkiyyətində qalan Auchan-a İPO alınması barədə heç düşünmürlər də, çünki buna onların heç ehtiyacı da yoxdur.

Mayer ailəsi 1871-ci ildə Almaniyanın Porzheim şəhərində dövrünün tanınmış numizmatika mütəxəssisi Bernard Henrih Mayer tərəfindən əsası qoyulmuş manufaktura bu gün bütün dünyada məşhurlaşan saatların, xatirə medolyonlarının, zərgərlik əşyalarının, pul qəpiklərinin və digər numizmatika nümunələrinin ən geniş çeşidli və yüksək keyfiyyətli istehsalçısına çevrilib. İndiyədək ilk yaradıcısının adı ilə fəaliyyətini davam etdirən “Bernard. H. Mayers Mint” şirkətinin məhsulları dünyanın 200-ə yaxın ölkəsində satılır.

Bu kimi ailə biznes və ticarət markaları da məşhurdur: Opal B, Siemens, Adidas, Samsung Electronics və sair.

Tissot saat markalarının tarixi də maraqlıdır. “Şarl Tisso və oğlu” firması 1853-cü ildə yaradıldı. Onlar nəinki firmaya rəhbərlik edir, həm də özləri saatlar düzəldirdilər. Bu kiçik istehsal əvvəlcə belə başladı: onlar ayrı-ayrı mexanizm və korpus hissələrini evlərində yığıb düzəltmək üçün kəndlilərə paylayır, sonra təhvil alırdılar. Keyfiyyət və dəqiqlik əsas şərt idi. Satışa yalnız yoxlamadan keçmiş saatlar çıxarılırdı. 1873-cü ildə atasının ölümündən sonra Şarl-Emil firmanın başına keçdi. O, bu zamana qədər artıq bir sıra ölkələri gəzərək beynində xeyli yeni ideya və bazar planları qurmuşdu. Hətta, Amerikaya belə gedib çıxmışdı. Özü olmayanda isə firmanın bütün maliyyə-təsərrüfat işlərinə arvadı başçılıq edirdi. Rusiyaya səfərinin nəticəsi isə bu oldu ki, firma Rusiya İmperator Sarayının rəsmi icazəsi ilə rus ordusu üçün saatlar hazırlamağa səlahiyyətli imtiyaz qazandı. Hazırda Tissot saatları dünyanın 140 ölkəsində satılır.

Ölkəmizdə özünüməşğulluğun qədim ənənələri olsa da, zamanın müxtəlif kəsiklərində yaşadığımız ictimai-iqtisadi formasiyalar bu ənənələri tənəzzülə uğratmışdır. Odur ki, 30 ildən artıq müstəqillik dövrünün son 20 ilində hazırlanıb həyata keçirilən çoxsaylı proqramlardan biri də özünüməşğulluqla bağlıdır. Hələlik bu proqram gənc sayılsa da, özünüməşğulluğa cəlbedilmələrin statistikası onun uğurlu gələcəyindən xəbər verir.

Ölkəmizdə özünüməşğulluq uğurla həyata keçirilir

Özünüməşğulluq Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanununun 1.1.15 maddəsində qeyd olunduğu kimi, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi deməkdir.

Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Bu dövlət özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir.

Özünüməşğulluq proqramı həmçinin alternativ sosial müdafiə tədbirləri ilə müqaisədə əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Belə ki, proqram eyni vaxta bir neçə makro məqsədlər istiqamətində paralel nəticələrin əldə edilməsinə imkan yaradır. Ümumilikdə isə özünüməşğulluq proqramının ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması, mikro və kiçik sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması və işsizlik səviyyəsinin azaldılması, ictimai vəsaitlərin (dövlət vəsaitləri) xərclənməsində səmərəliliyin artırılması, yoxsulluq səviyyəsinin azaldılması, iqtisadiyyatda inkluzivliyin gücləndirilməsi kimi üstün tərəfləri vardır.

Özünüməşğulluq proqramı çərçivəsində aktivlərin paylanılmasında üstünlük verilən şəxslər vardır ki, bunlar da əsasən əhalinin həssas və sosial cəhətdən aztəminatlı qruplardır. Belə ki, qanunvericiliyə əsasən işsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, və cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. Bu qrupdan olan insanların özünüməşğulluq proqramı çərçivəsində şəxsi bizneslərinə start verərək maliyyə azadlığını təmin etməkləri layihə çərçivəsində nəzərdə tutulan hədəflərdən biridir. Bununla belə kimlər ki, Dövlət Məşğulluq Agentliyinin yerli orqanlarında (şəhər, rayon məşğulluq mərkəzlərində) işsiz və işaxtaran kimi qeydiyyata alınıb və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malikdirlər, özünüməşğulluq proqramından faydalana bilərlər.

Ölkəmizdə özünüməşğulluq proqramı uğurla həyata keçirilir. Belə ki, 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 77640 nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib. 16232 şəxs özünüməşğulluq proqramına cəlb olunmaqla, onların seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təminatı işləri aparılıb. Bu da proqramın icrasına başlandığı 2017-ci ilə nisbətən 13,6 dəfə çoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi iştirakçılarının aktivlərlə təminatına da artıq başlanıb. Bu layihə özünüməşğulluq proqramının daha da genişlənməsinə mühüm dəstək olaraq, 22 min işsiz şəxsin özünüməşğulluq formasında kiçik biznes qurmasına dəstək olacaq.

2021-ci ildə Dövlət Məşğulluq Agentliyi tərəfindən əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına 491 nəfər, peşə hazırlığı kurslarına 988 nəfər, peşəyönümü məsləhət xidmətlərinə 1886 nəfər cəlb olunub. 3734 nəfərə isə işsizlikdən sığorta ödənişi verilib.

Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinin, müharibə əlilləri və iştirakçılarının, erməni terrorundan zərər çəkən mülki şəxslərin, onların ailə üzvlərinin məşğulluğu da diqqətdə saxlanılır. Postmüharibə dövründə bu kateqoriyalara aid 10 minədək şəxsin məşğulluğuna dəstək göstərilib, o cümlədən 6 minədək şəxs özünüməşğulluq proqramına cəlb edilib, 4 minədək şəxs işlə təmin olunub.

Təbii ki, əhalinin məşğulluq imkanlarının artırılması dövlətimizin sosial-iqtisadi siyasətində mühüm yer tutur. Odur ki, aktiv məşğulluq proqramlarının genişləndirilməsi 2022 və 2023-cü illərdə də əsas hədəflərdən olub.

Biznesini qur, gəlirini artır…

Bəli, özünüməşğulluq kiçik biznesin yaradılması, bunun da sayəsində ailə gəlirlərinin artması, nəticədə böyük biznesə keçilməsi deməkdir. Eyni zamanda, insanların dövlətdən asılılığının qarşısını alan vasitədir. Belə ki, əgər bir vətəndaşa dövlət tərəfindən 2022-ci ilin göstəricisi olaraq 64, 29 manat məbləğində ünvanlı dövlət sosial yardım düşürsə, özünüməşğulluqla bu rəqəm xeyli yüksəlmiş olur ki, bu da təbii, vətəndaş rifahı deməkdir. Bütün bunları nəzərə alan dövlətimiz elə bir proqram hazırlamışdır ki, yardıma ehtiyacı olan insanlar özünüməşğulluqla daha çox gəlir əldə etsinlər və daha yaxşı yaşaya bilsinlər. Bütün bunlar isə artıq öz bəhrəsini verməkdədir.

Statistikaya nəzər salaq. Ünvanlı dövlət sosial yardım alan ailələrin sayı 2017-ci ildə 132368, 2018-ci ildə 80193, 2019-cu ildə 43171, 2020-ci ildə 72170, 2021-ci ildə 77269, 2022-ci ildə isə 44716 olub. 2017-ci ildə 254233 qadın, 268847 kişi ünvanlı dövlət sosial yardım alırdısa, 2022-ci ildə bu rəqəm qadınlar üçün 102865, kişilər üçün 103442 səviyyəsinə enmişdir. Bu göstərici 2017-ci ildən tətbiqinə başlanan özünüməşğulluq proqramının uğurla həyata keçirilməsinin bariz nümunəsidir.

Özünüməşğulluğa cəlb olunan vətəndaşların yaşadığı yerdən, iş qabiliyyətindən, bacarığından asılı olaraq onların məşğulluq səviyyəsi təyin olunur. Bu da o mənada faydasını verir ki, kəndli kənddə, şəhərli şəhərdə uyğun işlərə cəlb olunmaqla, daha doğrusu özləri fəaliyyət növünü seçməklə həm öz həyatını dəyişir, həm də insanlara kənd təsərrüfatı və digər məhsulları təqdim etməklə onların ehtiyacını ödəyir.

Məşğulluğunu təmin etmək istəyən insanlara dəstək də göstərilir. Belə dəstək riçaqlarından biri də “ABAD”- Ailə Biznesinə Asan Dəstəkdir. Ölkədə istehsal potensialının genişlənməsi və ailə bizneslərinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxs yaradılıb. Dünyanın hər bir ölkəsində əksər böyük şirkətlərin yaradılması kiçik ailə biznesinin qurulması ilə mümkün olmuşdur. İlkin mərhələdə kiçik ailə təsərrüfatı kimi fəaliyyətə başlasalar da, daha sonra öz fəaliyyətlərini dövrün tələblərinə uyğunlaşdıran bu ailə biznesləri sonda böyük şirkətlərə, səhmdar cəmiyyətlərə, hətta iri korporasiyalara çevriliblər. “ABAD” layihəsinin məqsədi ailə təsərrüfatlarının bu inkişaf mərhələsinin uğurla keçirilməsinə yardım göstərmək, həmçinin rəqabətə dayanıqlı, keyfiyyətli və dünya standartlarına cavab verən məhsullar istehsal edib, satışını təşkil etməkdir.

Artıq bir neçə ildir ki, bazarlarımızdan ailə təsərrüfatlarının məhsullarını ala bilirik. Heyvandarlıq məhsulları, bal, balıq, toyuq, turşu və bir-birindən faydalı mürəbbələr, şirniyyatlar ailələrin birgə əməyinin keyfiyyətli nəticəsi kimi alıcılara çatdırılır. Bundan başqa saya biləcəyimiz onlarla fəaliyyət sahələri də vardır ki, onlar artıq öz sözlərini deməyi bacarıblar. Belə isə öz biznesini qurub, gəlirini, sosial rifahını artırmaqdan gözəl nə ola bilər ki?.. Hələ üstəlik dövlət vətəndaşa dəstək olursa, onu məşğulluğunu təmin etmək üçün müxtəlif mal, materialla, avadanlıq və ləvazimatlarla təmin edirsə, deməli, bu, dövlətin öz vətəndaşına qayğısıdır. Vətəndaş da işini elə yüksək səviyyədə qurmalıdır ki, dövlət qayğısına cavab verə bilsin. Eyni zamanda qədimdən gələn ailə dəyərlərimizi, bu dəyərlərin fonunda birgə əmək ənənələrini qoruyub yaşada bilsin.

Kim bilir, yuxarıda xarici ölkələrdən gətirdiyimiz nümunələrdə olduğu kimi, bizlərdən neçəmiz sabah öz məhsullarımızla məşhur sahibkar, biznesmen ola, dünya bazarına çıxa bilməyəcəyik? Bunu təbii ki, zaman göstərər. Lakin zaman o zaman müsbət olanları göstərir ki, insan ümidlə yaşayır, mübarizə edir, yorulmur və usanmır... Belə isə özünüməşğulluqdan sahibkarlığa doğru gedən yolda yolçu olanlara uğurlar diləyirik!

Mətanət Məmmədova

Digər xəbərlər