Sosial

  • 4 493

Uşaqlara uşaqpulu, ailələrə təşviq lazımdır

image

Dövlət uşaqpulunu kateqoriya və yaş mərhələlərinə görə verə bilər

Bəşəriyyətin xoşbəxtliyi uşaqların qorunmasından, onların yaxşı tərbiyə olunmasından asılıdır. Axı bu günün uşaqları sabahın böyükləri, dolayısı ilə idarəçisidirlər. Hər dövrün öz uşaqlığı, öz uşaq problemləri və həll yolları olub. Əslində, uşaq haqlarının müzakirəsi, sadəcə, onların təhlükəsizliyi yox, ümumilikdə dünyanın gələcəyinin təhlükəsizliyi deməkdir. Uşaqların rifah içində böyüməsi həm də dövlətdən asılıdır. Dövlət ailələrə həm mənəvi, həm maddi dəstək göstərməklə, eyni zamanda, demoqrafiq tarazlığı qoruyur.

Uşaqların birinci və təməl ehtiyacı qidalanma, sağlamlıq, təhsil kimi vacib ehtiyaclardır. Bunları təmin etmək vəzifəsi əlbəttə, ilk növbədə ailəyə aiddir. Amma dövlətin öz kiçik vətəndaşlarının təməl ehtiyaclarını ödəmək öhdəliyi var- təhsil vermək, sağlamlıqla bağlı problemlərini həll etmək, sosial müavinətlə təmin etmək kimi.

Demoqrafik təhlükənin qarşısı uşaqpulu ilə alına bilər

Azərbaycanda əhalinin təbii artım tempi aşağı düşür. Bu vəziyyət dünyanın bir çox ölkəsində müşahidə edilir və hər ölkədə müxtəlif səbəb olsa da, əsas önə çıxan sosial, iqtisadi və psixoloji amillərdir. Əslində, bu statistika gözlənilən idi. Çünki bütün dünya insanları pandemiya imtahanından sonra dünyaya uşaq gətirməyin məsuliyyəti altına girmək istəmirlər. Bizim kimi çoxuşaqlılığı sevən cəmiyyətlərdə əhalinin təbii artım tempi azalırsa, Qərb ölkələrində vəziyyətin hansı həddə çatacağını təsəvvür belə etmək ürküdücüdür.

Azərbaycanda təkuşaqlı ailələr olduqca az idi, hətta dövrümüzün ailələri də, adətən, 2-3 uşaqlı olur, lakin yaşadığımız çətin dövr bir neçə uşağı təmin etməyin daha çox məsuliyyət tələb etdiyini bariz nümayiş etdirdiyi üçün bizdən asılı olmayan səbəblərə görə artıq ailələr 1 uşaqla kifayətlənməli olur. Gəlir kifayət qədər olmadığı, iş yerlərinin pandemiya dövründə bağlı olması, bütün dünyada bahalaşma müşahidə edildiyi üçün biruşaqlı ailələrin sayı getdikcə artır. 1 uşaqlı ailə isə bir cəmiyyətin gələcəyi üçün ciddi problemdir, demoqrafik fəlakətdir.

Çoxuşaqlılığı necə stimullaşdırmalı?

Əgər uşaqpulu məsələsində tənzimləmə aparılsa, dövlət ailələrə uşağın təməl ehtiyaclarını ödəmək üçün çox da böyük olmayan yardımlar təşkil etsə, insanlar dünyaya uşaq gətirməkdən bu qədər qorxmaz. Uşaqpulu ilə bağlı müzakirələr aparılır, doğrudur, lakin hələlik, bir nəticə yoxdur. Əslində, söhbət o qədər də yüksək məbləğdən getmir. Əgər mexanizm işlənsə uşaqpulunu mərhələli şəkildə də tətbiq etmək olar, 1-3, 3-7, 7-18 yaş aralığına ayıraraq ehtiyaclara görə fərqli məbləğ təyin etmək mümkündür.

Belə olduqda həm dövlət büdcəsinə yük düşməz, həm də ailələr az da olsa qayğıdan azad olar. Dövlət uşaqlara ayırdığı vəsait ilə vətəndaşının yanında olduğunu, təbii artımın ölkə üçün nə qədər vacib olduğunu anlatmış olar. Əgər vətəndaş dünyaya uşaq gətirməyin özündən başqa heç kimi maraqlandırmadığını düşünərsə, bu fikirdən daşınar və bu da dolayısı ilə təbii artıma təsirini göstərər.

Həm də uşaqpulunun verilməsi təkcə artım üçün deyil, mövcud uşaqların daha sağlam, daha təhsilli böyüdülməsi üçün vacibdir. Xüsusən də, aztəminatlı ailələr üçün bu ciddi problemdir. Bu səbəbdən heç olmazsa, ilk növbədə, 3 və daha çox uşağı olan, yüksək gəlirə malik olmayan ailələrə yardımlar edilməlidir.

Birdəfəlik ödəmə 500, aylıq ödəmə 0 AZN

Azərbaycanda uşaqlara verilən sosial müavinətlərin məbləğləri hazırda belədir: valideyninin itirməyə görə sosial müavinətin məbləği 120 manat, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 manat, uşağın anadan olmasına görə birdəfəlik sosial müavinətin məbləği isə 500 manat müəyyənləşib.

Yeri gəlmişkən, Azərbaycanda çoxuşaqlı ailə kriteriyaları da yumşaldılmalıdır. Mövcud qanunvericiliyə görə çoxuşaqlı ailə 5-dən artıq uşağı olan ailələr hesab edilir və dövlət bu halda onlara və uşaqların himayədarına hər uşağa görə 70 manat sosial müavinət ödəyir. Lakin razılaşarsınız ki hazırda ölkəmizdə 6 uşaqlı ailə nadir rastlanır. Çoxuşaqlılıq meyarı yenidən müzakirə edilə, kriteriyalar yumşaldıla bilər. Bu, əhalinin təbii artım tempini stimullaşdıra bilər. Bu məsələdə həm dövlət, həm də cəmiyyət maraqlı olmalıdır.

Cəmiyyətin istəyi uşaqların uşaqpulu ilə təmin olunmasıdır. Çünki bu müavinət birdəfəlik deyil və hər bir uşağa yetkinlik yaşına çatanadək ödənilir. Körpənin böyüməsi, qidalanması üçün dövlətin göstərəcəyi dəstək hazırkı dövrdə ailələr üçün vacibdir. Dünyada bir çox ölkə uşaqpulunun verilməsi ilə bağlı fərqli mexanizmlər tətbiq edir. Yaş həddinə görə müavinətin təyin edildiyi ölkələr var, bəzisində 13-14, bəzisində 16-17 yaşına qədər, uşaq əmək qabiliyyətli yaş həddinə çatanadək uşaq pulu ödənir. Elə ölkələr var ki, orada uşaq qidasına görə ayrıca müavinət ödənir. Çünki hazırda ana südü ilə qidalandırma göstəriciləri də demək olar dünyada aşağı faizdir. Süni qidalarsa çox bahadır. Bunları nəzərə alaraq uşaq pullarının bərpa edilməsi də məqsədəuyğun olardı. Hətta simvolik bir məbləğ də ailələrə dəstəkdir, eyni zamanda dövlətə qarşı güvənini artırmağa yetərlidir.

Dövlətimizin uşaqpulu üçün vəsaiti var

Bizə nisbətən yaxın ölkələrdə uşaqpulu ilə bağlı vəziyyət qənaətbəxşdir. İndi Rusiyada hamilə kimi qeydiyyata düşən qadına hamiləliyin 6-cı həftəsindən doğuşadək aylıq 6.350 rubl (140 AZN) pul ödənilir. Doğandan sonra uşaq 3 yaşına çatanadək ayda 11.300 rubl (250 AZN), 3-dən 7 yaşına kimi hər ay 8.475 rubl (187 AZN), 16 yaşına kimi isə ayda 5.650 rubl (125 AZN) uşaqpulu ödənilir. Bundan əlavə doğulan hər vətəndaşı üçün dövlət 450. 000 rubl (10.000 AZN) dəyərində sertifikat verir, bu məbləği valideyn əmlaka yatıra bilər, ipoteka ilə ev alanda ilkin ödəniş kimi verə bilər. 3-cü uşaq üçün isə bəzi bölgələrdə yaşayış evi, bəzi bölgələrdə torpaq sahəsi verilir.

Gürcüstanda sosial cəhətdən həssas uşaqlar üçün dövlət müavinəti 150 LARİ-dir (100 AZN). Bu müavinət 215 mindən çox uşaq üçün ayrılır. Türkiyədə birinci uşaq 300 TL(25 AZN), ikinci uşaq üçün 400 TL(32 AZN), üçüncü uşaq üçün isə 600 TL (50 AZN) verilir. Qazaxıstanda 18 yaşa qədər uşaqlar dövlətdən ayda 20 min tengə (76 AZN) ödəniş alır. Özbəkistanda isə 2 yaşa qədər uşaqlara ayda 1 milyon som (147 AZN) ödənilir. İranda hər yeni doğulan uşaqüçün açılan bank hesabına dövlət 1000 dollar pul yatırır, hər ay bu məbləğin üzərinə 100 dollar əlavə edir. Uşaq 18 yaşına çatanadək yığılan vəsait özünə ödənilir.

Uşaqpulu yerinə sosial yardım?

Bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov mətbuat kpnfransında nazriliyin uşaq pulu məsələsinə ünvanlı müavinət olaraq kimi baxdığını dilə gətirib. Yəni dövlətin aztəminatlı ailələrə verdiyi sosial yardım həm də o ailələrə uşaqpulu kimi ünvanlanır. Hazırda 615 min uşaq sosial yardım xətti ilə müavinət alır. Nazir müavini buna görə uşaqpulu məsələsinə hələ ki ayrıca məsələ kimi baxılmadığını dedi.

Müqayisə etdikdə Azərbaycan iqtisadi gücünə və gəlirlərinə görə bu ölkələrin əksəriyyətinə nisbətən yaxşı vəziyyətdədir, neftdən, təbii sərvətlərdən əldə edilən gəlirin kiçik bir hissəsi ilə uşaqpulu problemini həll etmək mümkündür. Başlanğıcda böyük rəqəmlərdən danışmağa dəyməz, ailələrə dəstək üçün bir uşağa görə 50 AZN ödəmək də dəstəkdir. Bu, həm ailələrin yükünü azacıq da olsa yüngülləşdirmək, həm də dövlətə olan etimadı gücləndirmək deməkdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər