PDF Oxu

Sosial

  • 16 203

Mediada dini təbliğat müharibəsi milli və dövlət təhlükəsizliyi kontekstində - ANALİZ

image

Azərbaycan mediası dini maarifləndirmə işində öz rolunu genişləndirməlidir

Azərbaycanda dini tolerantlıq hökm sürür və hansısa inancı seçdiyinə görə heç kimə problem yaradılmır. Dünyəvi dövlət olaraq sivil, demokratik bir cəmiyyətə malik Azərbaycanda hüquqa söykənən idarəçilik var. Ölkəmizdə dini etiqad, vicdan azadlığı təmin olunub, hər bir şəxsin hüquq və azadlıqlarına ölkə Konstitusiyası və dövlət tərəfindən təminat verilir. Dini icma və təşkilatların qanunla qadağan olunmayan fəaliyyətlərini həyata keçirmək üçün heç bir məhdudiyyət tətbiq olunmur. Bununla yanaşı, bəzi dindarların fəaliyyəti, onların əməlləri islam dininin qanunlarına, milli-mənəvi dəyərlərimizə, əxlaq normalarımıza ziddir və vətəndaşlarda dinə qarşı mənfi münasibətin formalaşmasına şərait yaradır. Üstəlik, belə qüvvələr milli mənafelərimiz və dövlət təhlükəsizliyimiz üçün də ciddi problem yaradır. Hazırda media və internet məkanında sözün əsil mənasında müharibə gedir. Bu təbliğat və təşviqat müharibəsində dövlətimiz, cəmiyyətimiz və mediamız vahid cəbhədə birləşərək düşmənlərin planlarını pozur.

Dünyanın ən yaxşı din və dövlət münasibətləri modeli

Hazırda Azərbaycanda dini sabitlik kifayət qədər yüksək səviyyədədir. Dövlətimiz vətəndaşların vicdan azadlığının qorunması üçün üzərinə düşən bütün vəzifələri qətiyyətlə həyata keçirir. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri müasir qanunvericilik səviyyəsində tənzimlənir, dini etiqad azadlığı təmin olunur, tolerantlıq mühiti qorunub saxlanır.

Heç kim dininə və əqidəsinə görə təzyiqlərə məruz qalmır, dini mənsubiyyətə görə ayrı-seçkilik aparılmır. Təsadüfi deyil ki, artıq ölkəmiz özünün dövlət-din münasibətləri modeli ilə təkcə yerləşdiyi coğrafi regionun deyil, dünyanın ən yaxşıları sırasındadır.

Azərbaycan cəmiyyəti bu kimi məsələlərə qarşı həmişə prinsipial mövqedə dayanıb. Çünki cəmiyyətimiz kifayət qədər yüksək inkişaf etmiş, intellektual cəmiyyətdir. Lakin Azərbaycanda yaradılmış tolerant mühitdən yararlanan bəzi qüvvələr öz çirkin məqsədlərini həyata keçirməyə çalışırlar. Əminliklə demək olar ki, qanunazidd əməllərlə məşğul olan belə qrupların dinlə heç bir əlaqələri yoxdur. Onlar xarici qüvvələrin buradakı ruporu olmağın müqabilində maliyyə vəsaiti ilə təmin olunur və təlimatlandırılırlar.

Bu qrupların əksəriyyətinin satın aldıqları, yaxud kirayələdikləri ofisləri, media orqanları və başqa təbliğat vasitələri var. Bütün bunları idarə etmək üçün kifayət qədər böyük maliyyə vəsaiti lazımdır.

Müşahidələr göstərir ki, bu qruplara daxil olan insanların konkret gəlir mənbəyi də yoxdur. Ölkəmizdə təxribatçılara maliyyə ilə kömək edəcək insanların olması da inandırıcı deyil. Bu amillər onların kənardan maliyyələşdirilməsinə inanmağa əsas verir.

Gilavar özü ilə təkcə isti küləklər gətirmir...

Bu proseslərin konkret olaraq İrandan qaynaqlandığına heç kimin şübhəsi yoxdur. Düzdür, bu məsələdə (ölkədə radikal dindarlığın və mövhumatın güclənməsində) bəzi başqa ölkələrin və Qərb dairələrinin də böyük rolu var, amma ən böyük payın İrana aid olduğu şübhəsizdir. Tehran Azərbaycan müsəlmanlarının böyük əksəriyyətinin şiə məhzəhinə aid olmasından öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır.

İranın indi ən təhlükəli dövrüdür. Ətrafındakı əksər qonşularından ona qarşı təhlükə axır. Suriya məsələsinə görə İran-Türkiyə münasibətlərində gərginlik açıq görünür. Ərəb inqilabları bəzi ərəb ölkələrində rejimləri dəyişsə də, İrana qarşı münasibəti zərrə qədər də dəyişməmişdir. Əksinə, indi İran özünü daha az təhlükəsiz hesab edir.

Belə vəziyyətdə İrana qarşı daha sərt olan dövlətlər olduğu halda Azərbaycan İrana qarşı təhlükə yaratmır və təhlükənin yaranmasında iştirak etmir. İran tərəfinin Azərbaycan Respublikasının daxilində, o cümlədən Qarabağda Allahı, ədaləti, məntiqi, normal qonşuluğu danaraq gördüyü işlər də Azərbaycanı ona qarşı düşmən mövqeyə keçirə bilməmişdir.

ABŞ və İsrailə İranı çökdürmək üçün onun ətrafında qurduqları halqanın bağlanması lazımdır. Azərbaycan İran ətrafındakı halqanı bağlaya biləcək imkanlara malikdir, amma bunu etmir. Anti-İran aksiyalarda iştirak etməməklə Azərbaycan özünü Qərb koalisiyası tərəfindən təzyiqlərə məhkum edir.

Lakin Azərbaycanın bu fədakarlığı İran tərəfindən layiqincə qiymətləndirilmir. Deyəsən dövlətimizin hərbi, iqtisadi cəhətdən möhkəmlənməsi, siyasi nüfuzunu artırması, regionda söz sahibinə çevrilməsi Tehranı yaman narahat edir.

Əlbəttə, dini təhlükə təkcə İrandan gəlmir, digər ölkələrdən də belə təhlükələr gəlir. Son dövrdə radikal dindarların tabe olduğu siyasi-ideoloji mərkəzlər onların vasitəsilə dəfələrlə cəmiyyətdə parçalanma və qarşıdurmalar yaratmağa cəhd ediblər. Belə dini icmaların arxasında xarici dövlətlərin kəşfiyyat orqanların dayanması faktları da vardır.

Dövlət Təhlükəsizlik Xidmətinin mütamadi olaraq xarici agentura şəbəkəsini ifşa etməsi bəzilərinə dərs olmalıdır. Anlamalıdırlar ki, Azərbaycan, dövləti möhkəm, cəmiyyəti sağlam bir ölkədir.

Azərbaycan monolit dövlət, vahid xalq, tolerant cəmiyyət modelini seçib və bu yoldan dönməyəcəyini ortaya qoyub. Azərbaycanda xalq və dövlət arasında qırılmaz bağlar var ki, bunu heç bir daxili və xarici qüvvə qoparmaq iqtidarında deyil.

Azərbaycan hüquqi, demokratik inkişaf yolu ilə sürətlə irəliləyən ölkədir və hər hansı dini qrupların, onların xarici havadarlarının sabitliyi pozmaq, əhali arasında çaxnaşma yaratmaq, din adından istifadə edib öz bəd niyyətlərini həyata keçirmək cəhdləri heç bir səmərə verməyəcək.

Azərbaycanda dini qarşıdurma olmayacaq

Təəssüf ki, XXl qloballaşma əsrində, elm və texnikanın inkişaf etdiyi müasir dövrdə bəzi yerli və xarici qüvvələr hələ də müxtəlif vasitələrdən, o cümlədən din amilindən istifadə etməklə ölkəmizi dini cəhalətə sürükləməyə çalışırlar.

Özü də missionerlər xüsusilə gəncləri hədəf olaraq götürürlər. Son vaxtlar bəzi gənclərin radikal mövqe ortaya qoymaları (məsələn, dindar müsəlman olmayanlara qarşı təhqirlər) anlaşılan deyil. Bütün dünyada olduğu kimi, Azərbaycanda da, başqa dinlərə (xristianlıq, buddizm, zərdüştlük, iudaizm, krişnaizm və s) inananlar, hətta ateistlər və ya deistlər var və onlar əhalinin əhəmiyyətli bir hissəsini təşkil edirlər.

Yaradanla hər kəsin ruhi və mənəvi olaraq xüsusi münasibəti var. Heç kim başqaları üzrəində vəkil edilməyib, hətta peyğəmbərlər belə belə missiyalarının olmadığını deyiblər. İnsan hüquq və azadlıqları hər şeydən yüksəkdə dayanır. Kiməsə yalnız məsləhət və tövsiyyə vermək olar, amma hər kəsin inancına (və ya inancsızlığına) hörmət edilməlidir.

Bəli, Azərbaycanda dini tolerantlıq hökm sürür və hansısa inancı seçdiyinə görə heç kimə problem yaradılmır. Əlbəttə, ölkədə dini dözümlülük ab-havasının saxlanılmasının təmin olunması olduqca vacib məsələdir. Bu amil dövlətçiliyimizin qorunmasında və inkişafında önəmli rol oynayır. Ancaq hansısa təriqətə bağlılıq, dövlət maraqlarından üstün tutulmamalıdır.

Dini fəaliyyət üçün ölkədə heç bir maneə olmasa da, dini maariflənmənin aşağı olması səbəbindən müəyyən problemlər də yaranır. Belə ki, bəzi insanlar din haqqında səhv mülahizələr yürüdür və dinin tələblərini öz təriqətlərinə uyğun şəkildə izah edirlər. Bu da təriqətlər arasında münaqişəyə səbəb olur. Bu, həm dinə, həm də dövlətimizin məqsədlərinə zidd olan bir məsələdir.

Bəziləri hətta, dini ekstremizm fəaliyyətindən çəkinmir, media və internet məkanında açıq radikal çıxışlar edir, özlərinə tərəfdar toplamağa çalışır, dindar, mömin pərdəsi altında dünyagörüşü hələ tam formalaşmamış gənclərdən, sıravi vətəndaşlardan sui-istifadə edir, onları dövlətə qarşı yönəltmək istəyirlər. Lakin bu cəhdlər səmərəsiz qalır.

Azərbaycan monolit dövlət, vahid xalq, tolerant cəmiyyət modelini seçib və bu yoldan dönməyəcəyini ortaya qoyub. Azərbaycanda xalq və dövlət arasında qırılmaz bağlar var ki, bunu heç bir daxili və xarici qüvvə qoparmaq iqtidarında deyil.

Mediada dini təbliğat və milli təhlükəsizlik

Ölkəmizdə yerləşmiş və ya xaricdə oturmuş bəzi qüvvələr Azərbaycan əhalisinə öz dini ehkamlarını yeritmək, əhalinin dini maarifsizliyindən istifadə edərək onlardan öz siyasi məqsədləri üçün istifadə etmək əməllərini davam etdirir. Bunun üçün isə ən effektiv vasitə mediada və sosial şəbəkələrdə aparılan təbliğatlardır. Məhz buna görə son illərdə mediada, sosial şəbəkələrdə dini təbliğat və təşviqat halları artıb.

Azad internet xain qüvvələrə böyük imkanlar yaradıb və bu imkanlardan maksimum istifadə edirlər. Bu qüvvələrin ixtiyarında çox sayda müxtəlif media orqanları, ideoloji təbliğatçılar, “ilahiyyatçı ekspertlər”, maliyyə resursları, müxtəlif təşkilatlar var. Bu imkanlardan dövlətimizə təsir etmək, xalqımızın arasında qarşıdurma yaratmaq üçün istifadə etməyə çalışırlar.

Düzdür, artıq mediamız peşəkarlaşıb və strateji məsələləri yaxşı bilir. Ona görə də, əksər qəzet və saytlar, digər media resursları belə tələyə düşmürlər. Lakin xaricdən açılmış internet TV-lər, saytlar, sosial şəbəkə kanalları və qruplarında proses aparılır. Əhali arasında dini biliklərin səviyyəsi yüksək olmadığından belə qrupların təsirinə düşənlər az deyil. Ona görə də, bu sahədə əks-təbliğat, maarifləndirmə işləri son dərəcə vacibdir. Bu səbəbdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondunun və Qafqaz Müsəlmanları İdarəsinin bu istiqamətdə apardığı işləri təqdirəlayiq hesab etmək lazımdır. Düşünürük ki, bu işlər daha geniş formada davam etdirilməlidir. Azərbaycana xaricdən din modeli ixrac etmək istəyənlərin planları pozulmalıdır. Xalqımızın əsrlər boyu formalaşmış əsil dinə bağlılığı, öz ruhani yolu var və bundan dönməyəcək.

Bu işdə əsas mübarizə platforması media və sosial şəbəkələr olmalıdır. Bu platformada düzgün dini təbliğat, maarifləndirmə aparılmalı, nüfuzlu ilahiyyatşünasların vasitəsilə dinin həqiqi mahiyyəti, saxta dini qrupların planları gənclərə daha geniş planda izah edilməlidir. Hazırda bu istiqamətdə müvafiq orqanlar tərəfindən lazımi işlər aparılır. Biz də jurnalist olaraq, media olaraq bu işlərə maksimum dəstək verməli, xalqımızın mədəni və mənəvi dəyərlərinin qorunmasına, dövlət təhlükəsizliyinin təmin edilməsinə öz töhfəmizi verməliyik.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Digər xəbərlər