PDF Oxu

Sosial

  • 4 921

Bakının əcəl təri

image

Bakının üzünü ağardan Xəzri ilə Gilavar imiş...

İyulun 9-da Bakıda qeydə alınan istilik dərəcəsi 41-dək yüksəlib. Bölgələrdə hava yağmurlu olsa da, Bakıda qovurucu istilər həyatı iflic etdi. Küləyin olmaması istilik nisbətinin yüksəlməsinə təsir etdi. Belə vaxtlarda Bakının ayrılmaz dostu küləyin, əslində, xilasedici olduğunun fərqinə varırıq.

Hazırda bütün dünyada, o cümlədən də Azərbaycanda anomal hidrometeoroloji hadisələrin sayı artmaqdadır. Bu isə həmişə təbii proseslər üzündən baş verən iqlim dəyişikliklərinin sürətləndiyini təsdiqləyir. Dünyada təbii fəlakətlərin artım tendensiyası, minlərlə insanın ölümünə səbəb olan zəlzələlər, sunamilər, Avropanı, eləcə də Azərbaycanı təlaşa salan sel və daşqınlar, anomal soyuqlar və istilər insanları müxtəlif suallar ətrafında düşünməyə vadar edir.

Bakının yerləşdiyi Abşeron yarımadasının iqlimi mülayim isti yayı və qısa yumşaq qışı ilə fərqlənir. İqlimi yarı quraq və subtropikdir. Bakının cənub-qərb tərəfi daha quru iqlimə malikdir. Burada illik yağıntı 150 mm- -dən az olur, şimal küləyi - Xəzri və cənub küləyi - Gilavar əsir. Xəzri və Gilavarın olmadığı bəzi yay günləri temperatur insan sağlamlığı üçün təhlükəli həddə çatır.

Yay aylarının qızmar istisindən qorunmaq üçün ən son variantımız kondisionerlərdir. Kondisionerin bizə mənfi təsirləri arasına quruyan göz bəbəkləri və dəri, susuzluq, tənəffüs problemləri, yoluxucu xəstəliklər riskinin artması və baş ağrıları daxildir. Bunlara əlavə olaraq kondisioner bədənin istilik balansını pozaraq soyuqdəymə kimi xəstəliklərə səbəb ola bilər. Kondisionerin zərərləri dedikdə ağla ilk gələn nadir hallarda rast gəlinən, lakin çox ciddi təsirləri olan legioner xəstəliyidir. Legioner xəstəliyi Legionella Pneumophila adlı bakteriyanın yaratdığı ağciyər infeksiyasıdır. Ümumiyyətlə xəstəxanalar, otellər və məktəblər kimi böyük binalardakı çirkli kondisionerlərdən ötürülür. Simptomlara pnevmoniyaya bənzər şiddətli qızdırma, titrəmə, öskürək, əzələ ağrıları və nəfəs darlığı daxildir.

Kondisioner istifadə olunduğu mühitin havasını qurudur. Normalda, qapalı məkanların rütubət səviyyəsi yayda 35-65% arasında olmalıdır. Rütubət səviyyəsi aşağı düşdükdə dərinin quruması, gözlərin qıcıqlanması və nəfəs almaqda çətinlik çəkə bilərsiniz. Kondisionerli otağı nəmləndirmək üçün aşağıdakı bəzi üsullardan istifadə edə bilərsiniz.

Kondisionerdən istifadə etdiyiniz otağın bəzi hissələrinə bir neçə qab su qoyaraq ətrafı nəmləndirə bilərsiniz. Su tədricən buxarlanır, otağın rütubətini artırır. Bitkilər də insanlar kimi tərləyir və su buxarını havaya üfürərək ətraf mühitin rütubətini artıra bilirlər, evdə bitki sayını artıraraq kondisionerdən qoruna bilərsiniz. Paltarlarınızı yuduqdan sonra qurutmaq üçün evdə asıb kondisionerdən quruyan havanı nəmləndirə bilərsiniz. Yaş paltar quruyarkən nəmini xaricə buraxır.

Yaxud evdəki havanı nəmləndirmək üçün bir qazana su doldurub ocağın üstünə qoya bilərsiniz. Qazanda suyu qaynadıb ocağı söndürməklə ətrafı nəmləndirə bilərsiniz. Duş qəbul etdikdən sonra duş pərdəsini və hamamın qapısını açıq qoya bilərsiniz ki, hamamdakı buxar evə yayılsın.

Lakin kondisioneri olmayan, yaxud da hər hansı sağlamlıq problemindən dolayı kondisioner istifadə edə bilməyən insanlar da olduğundan istidən qorunmağın alternativləri barədə xırdalıqları da qeyd edirik.

Pəncərələrinizdə istini hopduran yox, əks etdirən materialdan pərdə istifadə edin. Əks etdirən pərdələrdən günorta saatlarında, temperaturun ən yüksək olduğu vaxtlarda və səhər istisindən qorumaq üçün gecə istifadə edə bilərsiniz. Hava axınının tənzimləyən matrasları seçin.Yundan hazırlanmış döşəklər istiliyi saxlayır. Ancaq matras döşəklər əlavə hava axını və nəfəs alma qabiliyyətinə malik olduğundan, gecə yatarkən həddindən artıq tərləmə olmur.

Əksəriyyət çılpaq yatmağın istilənməkdən sığortaladığını düşünür. Yuxu zamanı tərləyən insanlar üçün ən optimal həll pambıq pijama kimi tər keçirməyən paltarlarla yatmaqdır. Gecələr istidən oyananlardansınızsa, bunun da bir həll yolu var. Həddindən artıq istiyə qarşı orqanizminizdə maddələr mübadiləsi yavaşlayır və siz istiliyi daha çox hiss edirsiniz. Gündüz və gecə yatmazdan əvvəl soyuq su içmək bu problemin qarşısını almağa kömək edəcək. Gecə yatmazdan əvvəl soyuq su içmək də tərləmənin qarşısını alacaq.

Əksəriyyət rahatlığından dolayı idman ayaqqabılarını geyməyi sevir. Bunun sizi tərlədən amil olduğunu unutmayın və yay başmaqları ilə əvəzləyin. Ayaqlarınız havadar olmalıdır ki bədəninizə də sərinlik yayılsın. Gecələr istidən yuxuya gedə bilməyənlər üçün ən yaxşı həll yollarından biri yatağın üzərinə yaş və ya nəm dəsmal qoymaqdır. Bütün gecə nəm qalmasa belə, yuxuya gedənə qədər nəm qalacaq dəsmal soyumağınıza və yatmağınıza kömək edəcək.

Kondisionerlərdən daha çox enerji sərfiyyatı olan ventilyatorlar yatarkən sizə özünüzü istidən qorumağa kömək edəcək. Gecə yatmazdan əvvəl otağınızın bir küncünə ventilyator qoyub qabağına bir vedrə buz və ya buzlu su qoysanız, ventilyator sərin hava üfürməyə başlayacaq və otağınız sərinləyəcək. Bu kondisioner effekti verən primitiv üsuldur.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər