Tiktok sosial şəbəkədir. Sosial şəbəkələrin isə faydalı tərəfləri daha çoxdur. O halda ki, onlardan faydalı istifadə edə biləsən. Lakin biz insanlar bəzən sosial şəbəkələri elə bir vəziyyətə gətirib çıxarırıq ki, onlar artıq qorxunc bir məkana çevrilir. Elə qorxunc ki, uşaqlarımızı, gənclərimizi oradan uzaq tutmaq üçün mübarizə aparmalı oluruq. Bəzən sosial şəbəkə olaraq Tiktoku günahkar da hesab edirik. Lakin anlayanda ki, yox, bu sosial şəbəkənin nə günahı, günahkar bizlərik, onda belə bir sual verək özümüzə, nə üçün belə edirik?
Budur, Tiktok sosial şəbəkəsini artıq mənəviyyat qəbiristanlığı adlandırmaq olar. Çünki bəzi mənəviyyatdan xəbərsizlər onu mənəviyyat qəbiristanlığına çevirib, orada özlərini dəfn ediblər. Burada elə videolarla, şəkillərlə, təkliflərlə qarşılaşmaq olur ki, başqa qənaətə gəlmək olmur. Qənaət təkdir: mənəviyyat qəbiristanlığı.
Gündən-günə biabırçılığın baş alıb getdiyi bu sosial şəbəkəyə isə insanlar kütləvi şəkildə axın edir. Onların arasında uşaqlar, yeniyetmələr, gənclər üstünlük təşkil edir. Biz axı evdə uşaq ağlamasın deyə əlinə telefon verib başımızdan edirik. O da çəkilir bir kənara, baxırıq ki, saatlarla səsi çıxmır. Fikirləşmirik ki, bu uşaq orada nəyə baxır, qarşısına nə çıxır... Yeniyetmə və gənclərimizin də hər birinin əlində telefonu var, onlar azaddırlar və azad şəbəkələrdən də azad şəkildə istifadə edirlər. Deməli, bütün sosial şəbəkələrdə, həmçinin də Tiktokdadırlar. Nəticədə isə buradakıların hər birini görürlər.
Abır-həyadan vaz keçən, ondan birdəfəlik əl götürən bəzi qadın və kişilər, yersiz və mənasız videolar paylaşanlar, özünü guya ki, nə isə bir iş-güc sahibi hesab edib gün uzunu boş-boş danışmaqla məşğul olan bəzi canlı yayın açanlar, bura uşaqlarının videolarını yerləşdirən valideynlər Tiktokun başına elə bir oyun açıblar ki, bu sosial şəbəkə artıq nifrətəlayiq olub. Təəssüf ki, dəfələrlə tənqid atəşinə tutulmasına baxmayaraq həmin insanlar nəinki “bəsdir”,- deyirlər, daha da qızışırlar.
Çox təəssüflər olsun. Təəssüflər olsun ki, cəmiyyətimizdə belə qadın və kişilər var. Ağılsız insanlar, valideynlər var ki, boş-boş işlərlə, mənasız, məntiqsiz əyləncələrlə məşğuldurlar. Özlərini biabır etməyi qarşılarına məqsəd qoyublar.
Çarə nədir, bilmirəm. Lakin ey insanlar, heç olmasa, uşaqlarınızı bu sosial şəbəkədən uzaq tutun. Qoy onların dünyaya açılan gözləri belə şeyləri görməsin.
Bir də, ey insanlar, yuxuya getməyin, ayılın, üsyan edin belələrinə qarşı. İctimai qınaq atəşinə tutun onları. Bəlkə özlərinə bir çəki-düzən verərlər. Bəlkə etdiyimiz qınaq onları düz yola qaytarar. Axı abır-həya, mənəviyyat əldən gedir. Bəs bunların qarşısını kim almalıdır. Bunun yalnız bir əlacı var. O da bizik. Biz istəsək, əl-ələ verib belələrinə qarşı mübarizə apararıq. Dərman acıdır, lakin faydası olduğu kimi, bəlkə biz də əlac olub bu yazıqların halına acıyaq. Uşaqlarımızın, yeniyetmə və gənclərimizin xətrinə əlac olaq ki, onlar bu cür mənəviyyatsızlıq girdabında daha ağır mərəzlərə yaxalanmasınlar.
Mətanət Məmmədova