PDF Oxu

Sosial

  • 9 642

Piylənmə Azərbaycan iqtisadiyyatına 3 milyard zərər vuracaq

image

Piylənmə müasir dövrdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ən vacib sağlamlıq problemləri arasında liderlik edir. Köklük bəşəriyyətin probleminə çevrilib desək, daha doğru olar. Piylənmə bədənin yağ kütləsinin yağsız kütləyə nisbətdə həddindən artıq artması və nəticədə boy uzunluğuna görə bədən ağırlığının normadan artıq olmasıdır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 1 milyarddan çox piylənmədən əziyyət çəkən insan var və 2035-ci ildə bu rəqəmin 4 milyardı keçəcəyi təxmin edilir. “Orqanizmdə sağlamlığı pozacaq dərəcədə və həddindən artıq yağ yığılması” olaraq xarakterizə edilən piylənmə müasir dövrün ən böyük sağlamlıq problemlərindən biridir.

Təşkilatın məlumatına görə, dünyada 1 milyarddan çox insan artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. Bu insanların 650 milyonu böyüklər, 340 milyonu gənclər, 39 milyonu isə uşaqlardır. Hər 7 kişidən 1-i və hər 5 qadından biri piylənmə ilə mübarizə aparır. Dünya Piylənmə Federasiyasının açıqladığı məlumatlara görə 2035-ci ildə piylənmə ilə mübarizə aparan insanların sayının 4 milyardı keçəcəyini gözlənilir. 2020-ci ilə nisbətən 2035-ci ilə qədər artıq çəki problemində uşaq və gənclərin nisbətinin iki dəfə artacağı, bu göstəricinin 18 yaşa qədər oğlanlar üçün 100 faiz, qızlar üçün isə 125 faiz artacağı gözlənilir.

Bədəninizdə yağ faizi neçədir?

Qidalanma ana bətnindən başlayaraq həyatının sonuna qədər ehtiyacımız olan amildir. İnsanın böyüməsi, inkişafı, sağlam və məhsuldar olaraq uzun müddət yaşaması üçün lazımlı olan qida elementlərini bu qidalanma vasitəsi ilə qəbul edirik. Qidalanmaq aclığı dəf etmək, ürəyin istəyən qidaları yemək, harada və necə gəldi nəsə yemək deyil. Ekspertlər qidalanmanı özlüyündə bir elm hesab edirlər. O elmi bilən hər kəs nəyi, necə və nə ilə yeməyi yaxşı bilir, qida balansını pozanlar isə əsrimizin bəlasına – piylənməyə düçar olurlar.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında bildirilir ki, yetişkin kişilərdə bədən ağırlığının 15-18 faizi, qadınlarda isə 20-25 faizini yağ toxuması təşkil edir. Bu rəqəmlər kişilərdə 25, qadınlarda isə 30 faizdən çox olması artıq piylənmənin əlamətidir.

Piylənmə haradan, necə yaranır?

Piylənmə ürək xəstəlikləri, insult, diabet və müxtəlif xərçəng növləri də daxil olmaqla, dünyanın bəzi aparıcı ölüm səbəbləri üçün əsas risk faktorudur. Piylənmə ilə əlaqəli 2-ci tip diabet yarana, bu da nəticədə ürək xəstəliyi, görmə itkisi və böyrək problemləri kimi ağırlaşmalara səbəb ola bilər.

Gündəlik qəbul edilən qida insanın tələbatı olan həddi keçirsə, bu, piylənmənin ilk mərhələsinə hazırlıqdır. Həzm sistemimizin gücü çatmayan qidalar orqanizmdə tullantılara çevrilir, yağ olaraq yığılır və nəticədə piylənmə yaranır. Hər kəsdə piylənmə səbəbi müxtəlifdir. Kimisi səhər, günorta, axşam hazır qida yeyir, tərəvəzi yemək hesab etmir, GMO, fast-food, transgen qidalardan hazırlanan menyulara üstünlük verir. Kimisi bunlardan uzaq bir menyu ilə qidalanır, amma işi oturaqdır, az hərəkət edir, şirniyyat, şokalad sevir, o halda da piylənmə baş qaldırır. Bir faktı da qeyd etmək lazımdır ki, bəzi hormonal iynə və dərmanlar da piylənmə yaradır. Son illər dünyada antibiotiklərin piylənmə yaratdığı barədə iddialar var. Antibiotiklər insan orqanizminə tətbiq edildikdə, orada bizim həyat funksiyamızı təmin edən minlərlə mikrofloranı öldürdüyü üçün orqanizm piylənir.

Dünya kökəlir, xəstəliklər artır

ÜST-ün hesabatlarına görə ABŞ, Çin, Braziliya, Hindistan və Rusiyada piylənmə halları dünya üzrə piylənmənin təxminən üçdə birini təşkil edir. Ürək, böyrək, qaraciyər və reproduktiv orqanlara təsir edən artıq çəki, şəkərli diabet, ürək-damar xəstəlikləri, hipertoniya, insult və müxtəlif xərçəng növlərinə səbəb olur.

“Our World in Data”nın hesabatlarına görə isə dünyada böyüklərin 39 faizi artıq çəkidən əziyyət çəkir. Rəqəmlərə görə, britaniyalıların təxminən 64 faizi, amerikalıların isə 68 faizi piylənir. Siyahıya əsasən, Sakit okeandakı Nauru adası 88,5% artıq çəki və ya piylənmə ilə siyahıya başçılıq edir. Dünyanın ən arıq ölkəsi 18,3% ilə Vyetnam olub. Dünyanın ən kök 10 ölkəsinin hamısı Sakit okeanda yerləşir, ikinci yerdə Palau (85,1%), müvafiq olaraq, 84,7 faiz, 83,5 faiz və 81,9 faizlə Kuk adaları, Marşal adaları və Tuvalu gəlir.

Siyahının davamında ilk 10-luqda Niue, Kiribati, Tonqa, Samoa və Mikroneziya ölkələri yer alıb. Sakit okean hövzəsindən kənarda Küveyt 73,4% ilə on birinci yerdədir. 195 ölkənin yer aldığı cədvəldə ABŞ 15-ci, Avstraliya 25-ci və İngiltərə 30-cu yerdədir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri arasında ən yüksək piylənmə nisbətinin 42,4 ilə ABŞ-da müşahidə edildiyi iddia edilir. 2000-ci ildə 30,5 faiz olan bu göstərici son illərdə sabit artım nümayiş etdirib. 2022-ci ilə qədər ABŞ-ın 17 ştatında piylənmə nisbəti 35 faizdən yuxarı olub. Bundan başqa, ölkədə 2-19 yaşlı hər 5 nəfərdən 1-i piylənmədən əziyyət çəkən kimi qeydiyyatdadır.

Necə mübarizə aparmalı?

Piylənmə bəşəriyyətin ən ciddi probleminə çevrildiyi üçün bütün dünyada onunla ciddi mübarizə metodları həyata keçirilir. Bir çox ölkədə milyonlarla insan dövlət hesabına idman zallarında peşəkar müəlimlərlə idmana sövq edilir, bəzi ölkələrdə qidalanma ekspertləri maarifləndirmə işləri təşkil edərək ev-ev dolaşıb buroşürlər paylayır.

Azərbaycanda qadınların təxminən üçdə birində artıq çəki və piylənmə müşahidə olunur. İndiyədək aparılan tədqiqatların nəticələrinə görə, artıq çəki və piylənmə Azərbaycan əhalisi arasında rast gəlinən ən böyük problemdir. Piylənmə həm kişilər, həm qadınlar arasında olsa da, bu faktor qadınlar arasında daha çox yayılıb. Piylənməyə əsas səbəb kimi hərəkətsizlik göstərilir. Kişilər arasında daim idmanla məşğul olanların göstəriciləri 8 faiz təşkil edirsə, qadınlar arasında bu göstərici cəmi 4 faizdir. Bu isə çox aşağı göstəricidir.

Piylənmə ölkəmizə baha başa gəlir

2035-ci ildə insanların artıq çəki və piylənmə problemləri ilə bağlı Azərbaycan iqtisadiyyatının zərəri $3 milyardı və ÜDM-in 4,4%-ni keçə bilər. Bu proqnoz Ümumdünya Piylənmə ilə Mübarizə Federasiyasının məruzəsində əks olunub.

Hesabatda təqdim edilən məlumatlara əsasən, 2020-ci ildə əhalinin artıq çəki və piylənmə səbəbindən Azərbaycan iqtisadiyyatının itkiləri $1,273 milyard və ya ÜDM-in 2,8%-ni təşkil edib. 2025-ci ildə bu itkilər $1,74 milyarda (ÜDM-in 3.2%-ni), 2030-cu ildə - $2,444 milyarda (ÜDM-in 3,8%-ni), 2035-ci ildə - $3,461 milyarda (ÜDM-in 4,4%-ni) çata bilər.

Təşkilatın qiymətlənsirmələrinə görə, 2020-ci ildə bu problem ilə mübarizəyə Azərbaycanda səhiyyə sisteminin xərcləri $108 milyon həcmində qiymətləndirilir, 2025-ci ildə $130 milyon, 2030-cu ildə - $165 milyon, 2035-ci ildə - $210 milyon təşkil edəcək. Təşkilatın analitikləri hesab edirlər ki, 2035-ci ildə Azərbaycanda hər üçüncü yetkinyaşlı şəxs piylənmədən əziyyət çəkəcək.

Bu vaxta qədər dünyada 4 milyarddan çox şəxs artıq çəki problemi ilə üzləşə bilər (hesabata əsasən, 2020-ci ildə 2 milyard 603 milyon şəxs), 1 milyard 914 milyon nəfər isə piylənmədən (2020-ci ildə 988 milyon şəxs) əziyyət çəkə bilər. 2035-ci ildə əhalinin artıq çəki və piylənmə problemi ilə əlaqədar dünya istisadiyyatının zərəri $4,32 trilyon və ya dünya ÜDM-in 2,9%-ni (2020-ci ildə - $1,96 trilyon və ya dünya ÜDM-in 2,4%-ni) təşkil edə bilər.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər