PDF Oxu

Sosial

  • 51 820

Cəmil Həsənlinin “Soros”la Vətənə xəyanət etirafı TƏRS BAXIŞ

image

"Milli Şura"nın sədri Cəmil Həsənli bu günlərdə “Azadlıq” televiziyasına verdiyi müsahibədə Vətənə illər öncə necə “xidmət” etdiyindən ətraflı danışıb: ”Mən bir müddət Azərbaycanda “Soros fondu”nun üzvü olmuşam. Fond bord üzvlərinə hər ay 200 dollar əməkhaqqı verirdi. Layihələrin dəyərləndirilməsi, toplantılarda iştirak, müzakirələrin aparılması ilə bağlı yəni bunu əməkhaqqı kimi verirdilər”.

Buyurun, illərdir ki, biz bar-bar bağıranda ki, AXCP-Müsavat cütlüyü üzvləri xaricdən idarə olunurlar, maliyyələşdirilirlər, bizə inanmayanlar da var idi. Çünki biz onların iç üzünü bilirdik. Torpağı da bax, bu maliyyələşmə, verilən qrandlarla və əbədi kürsü haqqında vədlərlə satmışdılar.

Atalar necə də yerində deyib: utanmasan oynamağa nə var ki. Bir də bu da qismətin, alın yazısının işidir ki, bəzi insanlara ağsaqqallıq nəsib olmur. Cəmil Həsənli kimi. Budur, zaman gəlib çatdı. Cəmil Həsənli özü Vətənə necə xəyanət etdiyini, həm də 200 dollar qarşılığında Vətənə necə arxa çevirdiyini televiziya vasitəsilə etiraf etdi. Halbuki zamanında (elə indi də) onların bu əməlləri üzlərinə çırpılanda yenə də qaçıb arxalarında dayanan bu kimi təşkilatlara üz tutur, yardım istəyirdilər.

Maraqlıdır, bəs necə oldu ki, Cəmil Həsənli çıxıb bu “Soros” məsələsini etiraf etdi? Bunun iki variantı var. Bəzi insanlar yaşlaşdıqca bir qədər ağıllarını itirirlər, ya bu səbəbdəndir, ya da Qubad İbadoğlu məsələsi Cəmil “bəyi” yamanca təşvişə salıb. Düşünüb ki, qoy hüquq-mühafizə orqanları bunu aşkara çıxarınca, özüm etiraf edim ki, üstü açılanda desinlər ki, özü bunu deyib də. Həqiqətən də “siyasətin” neçə üzü varmış…

Cəmil Həsənli “Soros fondu”na xidməti haqqında elə qürurla danışır ki, bilməyən deyər ki, bu fond beynəlxalq-humanist bir fonddur, bu kişi də qəhrəmandır. Lakin “Soros”un ölkələrin başına gətirdiyi oyunları çox yaxşı bilənlər də var. Bir nümunə ilə “Soros”u qısaca olaraq xatırlayaq. İllər öncə Moldova parlamentinin Sosialistlər Partiyasından olan nümayəndəsi Boqdan Tsırda yazırdı: Soros fondu hər yerdə eyni anda meydana çıxdı və əvvəlcə tarix kitablarına sponsorluq etdi. Bəs orada nədən bəhs olunurdu? Bu kitablarda bizə ölkərimizin nə qədər geridə qaldığını və necə kömək edəcəklərini aşılayırdılar. Sonra fond qrant layihələrinə başladı. Niyə? Gənc beyinləri cəlb etmək üçün. Guya onları seminarlara, tədqiqatalara cəlb eləyir, bu insanlar isə özləri də anlamadan dövlətləri haqqında kəşfiyyat məlumatlarını onlara ötürürdülər. Bu prosesə heç kim nəzarət etmirdi. Çünki 1990-ci illərdə hər yerdə anarxiya hökm sürürdü”.

Onun sözlərinə görə, istifadə olunan birinci variant yumşaq üsuldur. “Əvvəlcə ölkədə fond açılır, eyni zamanda, QHT-lər və qeyri-kommersiya təşkilatları yaradılır, sonra digər strukturları maliyyələşdirməyə başlayır və beləcə ölkənin maraqlarına deyil, sponsorlara xidmət edən bir şəbəkə yaranır. Eyni şəbəkə prinsipi əsasında da fond öz adamlarını güc strukturlarında işləmək üçün irəli çəkir”.

“Soros”un ölkələrdə nəyə xidmət və ona üzv olanların Vətənlərinə necə xəyanət etdiyini bu açıqlamada aydın görmək olur. Hələ fond tərəfindən Cəmil “bəy” və onun kimi 200 dollara işləyənlərin Vətənə xəyanət üçün nə təkliflər aldığını isə bir onlar, bir də Allahları bilir.

Bütün bunların fonunda biz AXCP üzvlərinin ermənilər üçün status istəmələrini, humanitar yardım üçün yol tələb etmələrini, “Müsavat”çı yetirmələrin qondarma erməni soyqırımını dəstəkləmələrini, dərin hüznlə anmalarını nə üçün qəribə qarşılayırıq ki? Bunlarla AXCP-“Müsavat”ın iç üzü açılır, qoy, açılsın, xalq bu xəyanətkarları daha da yaxşı tanısın.

Səkkiz il öncə Cəmil Həsənli “Vətənə, xalqa xəyanətə gəlincə, ərazisi işğalda olan ölkənin hakimiyyətinin korrupsiyaya qurşanmasından böyük xəyanət yoxdur, yerdə qalan bütün xəyanətlər ondan aşağıda durur”, - deyə müsahibələrinin birində iddia edirdi. Bu iddia da, sözsüz, “Soros”un tapşırığı idi.

Cəmil Həsənlinin cəmi 200 dollar qarşılığında Vətənə xəyanətini etiraf etməsi fonunda ona bir sual vermək istəyirəm: Cəmil “bəy”, sizcə ölkə daxilində hər hansı bir korrupsiya işinə qurşanmış hakimiyyət nümayəndəsi ilə, yoxsa “Soros” kimi təhlükəli fondla əməkdaşlıq çərçivəsində ölkəsini satışa çıxarmış müxalifət nümayəndəsi ilə mübarizə aparmaq daha asan olar? Cavabınız ümumilikdə xalq üçün maraqlı olardı...

Mətanət Məmmədova

Digər xəbərlər