Kimsəsizlər evinə göndərilən qocaların çoxunun, əslində, kimsəsi var
Azərbaycanda ilk qocalar evi məşhur Bakı milyonçusu Hacı Hacıağa Dadaşovun təşəbbüsü və şəxsi vəsaiti hesabına yaradılıb. 1870-ci ildə Dumanın iclasında iştirakçılardan biri olan Dadaşov Bakıda qocalar evinin açılması haqqında məsələ qaldırır. Beləcə Dadaşov, Azərbaycanda ilk dəfə qocalar evi təsis edən milyonçu kimi yadda qalır. Onu bu addımı atmağa sövq edən hadisə olur. Küçədə gedərkən uşaqları tərəfindən evindən qovulan qoca bir kişi Hacıdan sığınacaq istəyir. Bu hadisədən təsirlənən Hacı Bilgəhdəki şəxsi mülkünü qocalar evinə çevirir, evsiz, kimsəsiz yaşlı insanlar orada təmənnasız qalır, bütün ehtiyacları ödənilir. Həmin qocalar evi hazırda da fəaliyyət göstərir. 2000-ci ildən isə bu qocalar evinin yerləşdiyi küçə sakinlərin istəyi ilə Hacı Hacıağa Dadaşovun adını daşıyır.
Dövr insanları qəddarlaşdırır
Urbanizasiyanın artması fonunda geniş ailə mədəniyyəti də tarixə qovuşur. Övladlarından qayğı, sevgi görməyən, maddi sıxıntı yaratdığını düşünən, sağlamlıq imkanları məhdud olan yaşlılar qocalar evlərinə sığınırlar. Onları buna öz övladları da məcbur edə bilir, könüllü də qərar verirlər. Ümumiyyətlə, uzbanizasiya həyatımızda çox dəyişiklik etdi. Dəyərlərimiz dəyişdi, adətlərimiz fərqli don geyindi, insanlar empatiya hissini tanımadan qəddarlaşırlar. 30-40 il əvvəl ata-anasını qocalar evinə qoymaq başqaları tərəfindən stiqma ilə qarşılanırdı, indi əksinə.
İndi bəzi insanlar valideynlərinin qayğısına qalmaq əvəzinə, onlardan qurtulmağın yollarını axtarırlar. Onlar bəzən psixoloj, bəzən fiziki zorakılıqla valideynlərini evi tərk etməyə məcbur edirlər. Bəzən də psixoloji ağır təzyiq və zorakılıqla evlərini tərk edirlər. Qocalar evlərinə atılan hər yaşlı insan, hər ata-ana qocalanadək övladına verdiyi şəfqəti, məhəbbəti övladından görmədiyi üçün bəzən könüllü evdən gedir.
Qocalar evində yaşayn qohumlu, əqrabalı, oğullu, qızlı atalar-analar əslində cəmiyyətin qanayan yarasıdır. Onların içində ailəsi, övladları, nəvələri olan yaşlı insanlar da var, kimsəsi olmayan, tək-tənha qalan insanlar da. Onları bura fərqli səbəblər gətirsə də əslində hamısının orada eyni cür həyatı var. Ümumiyyətlə, mütəxəssislər hesab edir ki, qocaların qocalar evinə uyğunlaşma müddəti, adətən, 15 gündür. Vərdişlərinə çox bağlı olan yaşlılar, ətraflarını tanımağa və ilk mərhələdə etibar edə biləcəkləri, yoldaşlıq etmək istədikləri insanları seçməyə meyillidirlər. Onların qocalar evinə uyğunlaşma prosesinin 80%-i ətraflarına güvəndiyi və sevdiyi anlarla bağlıdır.
Onlar evdən “könüllü” gedir
Ümumiyyətlə, yaşlı nəslin problemlərindən biri, bəlkə də ən vacibi adaptasiya problemidir. Bir çoxumuzun evində nənə-baba, yaşlı ata-anamız var. Maraqlıdır ki, bizim qoca dediyimiz insanlar psixoloji cəhətdən bizdən daha dözümlüdürlər. Yəni, gənc olduğumuza, daha müasir və daha əlverişli bir zamanda yaşamağımıza baxmayaraq, bu barədə onlardan öyrənəcəyimiz çox şey var. Onlar dözümlülüyün, empatiyanın, mərhəmət və sevgi paylamağın ustasıdır.
“İkinci uşaqlıq dövrü” adlandırılan yaşlılıq həm fiziki, həm də psixoloji baxımdan insanın çətin dövrü hesab edilir. Bu dəyişmə insanın yaşadığı zaman kəsimində iki dəfə baş verir. Biri yetkinlik dövründə - bu vaxt insan təkmilliyə və inkişafa doğru gedir, ona görə bundan insan məmnunluq duyur. İkincisi, yaşlılıq dövrü - bu dövrdə insan həm inkişafa, həm də ömrün qürubuna doğru gedir və onlar bundan qorxurlar, yeniliyə adaptasiya ola bilmirlər. Bu qorxu onlarda psixoloji problemlər yaradır. Özünü gərəksiz, lazımsız və cəmiyyətdə artıq hesab etməyə başlayır, evdə lazımsız olduğunu düşünür, evdəkilərə problem yaratdığını hesab edir və “könüllü” qocalar evinə gedir. Onu bu könüllülüyə məcbur edən isə doğma ailəsidir.
Qocalar evində həyat necə keçir?
Yaşlı insanları qocalar evində, öz otağında tək qoymaq, ünsiyyətsiz saxlamaq onları qocalar evinə yox, tənhalığa alışdırır. Ona görə onlar üçün ümumi məşğələ məkanları, mütaliə zalları, televizor salonları alternativləri yaradılır, həmyaşıdları ilə ünsiyyətlərinə maksimum şərait qurulur. Bir müddət sonra ətrafı ilə təmasda olan qocalar özlərinə yoldaş, həmsöhbət də tapırlar.
Qocalıqda atılan hər addım insan zehnini uşaqlığa bir addım da yaxınlaşdırır. Necə ki, hər uşağın sevgi və diqqətə ehtiyacı var, eləcə də yaşlı insanların öz yaxınlarından umduqları, ehtiyac duyduqları qayğı, şəfqət payı var. Təəssüf ki, gənclər bunu anlamaq istəmir, yaşlı böyüklərinə görə məsuliyyət daşımaq, qayğısına qalmaq onlara çətin gəlir. Əksəriyyəti ahıl yaşlarında olan valideynlərini ildə bir dəfə görməyə getmir, uşaqlar nənə-baba qayğısı görmədən böyüyür, valideynlər nəvə sevgisindən məhrum edilirlər. Valideyn övlada bir ömür baxır, dünyaya gətirir, böyüdür, təhsil verir, evləndirir, həyat qurur, bütün problemlərini həll edir, amma övlad valideyninin qayğıya möhtac olduğu illərdə ona dəstək olmur.
Hər gün bir az da müasirləşməyə çalışan cəmiyyətimiz indi yeni-yeni adətlər “icad edir”. Əvvəllər ata-ana evin tacı hesab edilərdi, indi gənclər evlənən kimi ata-anadan, evdən uzaqlaşmağa, ya da valideyni uzaqlaşdırmağa çalışırlar. Damın altında tək, kimsəsiz qalan valideynlərə ayda-ildə bir dəfə baş çəkirlər və bununla da vəzifələrinin bitdiyini hesab edirlər. Bəzi hallarda isə evdən gedən valideyn olur, ömrünü onu göndərdikləri qocalar evində başa vurur. Oğullu-qızlı valideynlər qocalar evindəki həyatına alışmağa çalışır - gözü yolda, qulağı səsdə, ailəsinin ziyarətini gözləyə-gözləyə...
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb
Normadan azad olmağın vaxtıdır...
Balet ayaqqabıları geri qayıdır...
Hər şey ana qayğısından asılıdır...