Körpələri yaradılışın ən möcüzəvi qidasından məhrum edirlər
BMT-nin Uşaq Fondu (UNİCEF) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ölkəmizdə avqust ayının 1-dən 7-dək “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” keçirilir. Bu tarix ana südü ilə qidalandırmanın qorunması, təşviqi və dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNİCEF, dövlət siyasətçiləri və digər təşkilatlar tərəfindən 1990-cı ilin avqust ayında imzalanan “Inocenti Deklarasiyası”nın xatirəsinə həsr edilir.
Uşaqları süni qida ilə tənbəlləşdirirlər
Ana südü hər körpənin təməl qidası olmalıdır, amma təəssüf ki, hazırda çox körpə bundan məhrum edilir. Ona görə “edilir” deyirəm ki, bir çox ana özü könüllü şəkildə övladını ana südündən məhrum edir, süni uşaq qidası ilə qidalanmasına səbəb olur. Halbuki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), bütün dünya həkimləri, hətta müqəddəs kitablarda belə körpənin iki il ana südü ilə qidalanması vacib və mütləq hesab edilir.
Qeyd edək ki, doğuşdan sonrakı ilk günlərdə süd vəziləri zülal və mineral maddələrlə zəngin, tərkibində çoxlu miqdarda İgA, az miqdarda yağ və karbohidrat olan ilk südü -molozivo istehsal edir, həkimlər bu südü körpənin ilk peyvəndi adlandırırlar və hər körpənin mütləq molozivo ilə qidalanmasını vacib sayırlar. Xəstəxanalarda isə çox zaman körpəni bundan məhrum edərək anaya ilk südün formalaşmasının 1 həftə çəkəcəyini deyirlər. Təcrübəsiz ana da inanır və südü formalaşanadək körpəsinə süni uşaq qidası verir. 1 həftə bu qidanı yeyən körpə isə əmmə refleksini itirir, tənbəlləşir və heç vaxt ana südü əmmək istəmir.
Ana südü həyatımızı xilas edir
UNICEF-in məlumatına görə, ana südü ilə qidalanmayan uşaqlarda ölüm nisbəti qidalananlara nisbətən 4-6 dəfə çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, qida çatışmazlığı 5 yaşa qədər uşaq ölümlərinin 7 faizinə səbəb olur və bunun təxminən yarısının əsas səbəbidir. ÜST bildirir ki, əmizdirən qadınların nisbəti yüksək olarsa, ana südü hər il 800 000-dən çox insan həyatını xilas edəcək.
Körpə ilk 6 ayda yalnız ana südü ilə (susuz) qidalanmalı, 6 aydan sonra əlavə qidalara keçsələr belə, ən azı 2 yaşa qədər və daha sonra ana südü ilə qidalanmalıdırlar. Ana südü ilə qidalanan körpələrdə allergik xəstəliklər, 1 və 2 tip diabet, iltihablı bağırsaq xəstəlikləri, hipertoniya, xərçəng, allergiya, astma, piylənmə, dağınıq skleroz, diş quruluşunun pozğunluqları və bəzi psixi xəstəliklər daha az rast gəlinir. Ana südü ilə qidalananların təhsildə uğur qazandıqları da məlumdur. Üstəlik, əmizdirmə təkcə körpəyə deyil, həm də anaya, ölkə və ailə iqtisadiyyatına, ətraf mühitə öz töhfəsini verir.
Azərbaycanda ana südü ilə qidalandırma faizi dəhşətlidir
Azərbaycanda yeni doğulanların ana südü ilə qidalandırılma statistikası ən son 2021-ci ilə aiddir. Ölkəmizdə yenidoğulanların 82,9 faizi (hər min nəfərə) ana südü ilə qidalanır. Onlardan 3 ayına qədər yalnız ana südü ilə qidalananlar 58,2 faiz təşkil edir. 6 ayına qədər ana südü qəbul edən körpələr 68 faizdir. Onlardan yalnız ana südü ilə qidalananlar isə 39,2 faiz təşkil edir.
12 ayına qədər ana südü ilə qidalananlar 46,4 faiz, 1,5 yaşına qədər ana südü ilə qidalananlar 16,9 faiz, 2 yaşa qədər ana südü ilə qidalananlar 8,7 faizdir. Bu, olduqca təhlükəli rəqəmdir.
Qeyd edək ki, ana südü ilə qidalanan yenidoğulan körpələrin sayı (hər min nəfərə) 2010-cu ildə 77.9 faiz, 2011-ci ildə 74.5 faiz, 2012-ci ildə 83.5 faiz, 2013-cü ildə 86.5 faiz, 2014-cü ildə 93. 2 faiz, 2015-ci ildə 90.3 faiz, 2016-cı ildə 95.2 faiz, 2017-ci ilə 89.7 faiz, 2018-ci ildə 82.8 faiz, 2019-cu ildə 82.9 faiz təşkil edib.
Ağıllı analar və tənbəl analar
Pediatr Şahanə Yadigarlı deyir ki, əgər hansısa pediatr uşağa süni qida verilməsini məsləhət görürsə, bu, həmin həkimin savadının aşağı olmasının göstəricisidir: “Pediatr analara ancaq onu tövsiyə etməlidir ki, ilk altı ayadək övladını yalnız ana südü ilə qidalandırsın, ana südünü hansı yollarla artırsın. Altı aydan sonra isə ana südü ilə yanaşı, əlavə qidalar da vermək olar ki, bu da bir çoxunun başa düşdüyü kimi süni uşaq qidaları deyil, yumurta sarısı, yulaf, qarabaşaq, manna (buğda yarması) və digər sıyıqlardır. Mən analara həmişə mağazalarda satılan hazır yox, ev şəraitində hazırlanan qidaları məsləhət görürəm. Amma təəssüf edirəm ki, tənbəl analarımız çoxdur, alma püresini belə hazır alırlar. Ağıllı analar isə uşaqlarına konservantlarla konserviləşdirilib uzunmüddətli istifadəyə yararlı olan qablaşdırılmış uşaq yeməkləri vermirlər”.
Həkim deyir ki, anaların südü ola-ola doğum evlərində pediatrlar analara süni qidalar təklif edir, çox qadın da savadsızlıqdan bunu məcburi hesab edir: “Reseptlərə ən bahalı uşaq qidaları yazılır. Yanıma uşağını müayinəyə gətirən qadınlar var ki, baxıram südü olduğu halda süni qida verir uşağa. Alternativ qidalanma olduqda anaların südü quruyur, üstəlik, doğum evindən çıxıb evə gedəndən sonra da süni uşaq qidaları satan firmalar analardan əl çəkmir, tez-tez zəng edib uşağın qidalanması ilə maraqlanırlar. Bu, həmin firmaların həkimə pul ödəməsi deməkdir”.
Məlumat üçün süni uşaq qidası ilə qidalanan ailənin büdcəsini əks etdirən kiçik bir qiymət araşdırması etdik. Friso uşaq qidası hazırda 27 manata, Friso Frisopep adlı növü isə 31 manata təklif edilir. Hipp Komfort 21, Smilac uşaq yeməyi növlərindən asılı olaraq 31- 41, Hipp 16, Humana 18, Kabrita 100 manat civarında qiymətə satılır. Əldə etdiyimiz məlumatlara görə, ölkəmizdə təxminən 1 yaşadək olan 100 mindən artıq körpə süni uşaq qidası yeyir.
Qərb niyə ana südündən qorxur?
Amerikalı yazıçı Florens Villiams özünün “Breasts” (Süd vəziləri) adlı kitabında ana südündən imtina etmənin “səbəbləri”ni yazanda bir çox ölkədə etiraz doğurdu. Kitabın “müəllifi” iddia edirdi ki, yaradılışından bəri insanın təməl qidası hesab edilən ana südünün tərkibində zəhərli maddələr var. Öz südünü bir laboratoriyada yoxladan jurnalist yazır ki, onun südündə reaktiv təyyarənin yanacağının tərkibində olan maddə, müxtəlif kimyəvi maddələr, hormonlar üçün qəbul edilmiş dərmanların qalığı və bu kimi xeyli sayda maddə aşkarlanıb. Amma maraqlıdır ki, o kitabında silikondan istifadə etdiyini qeyd etməyi “unudub”. Çünki kitab sifarişli yazılıb, milyonlarla uşaq süni uşaq qidası ilə qidalandırılmalı, işbazların bazarı çiçəklənməlidir axı...
Sadəcə maraq üçün qeyd edim ki, bir neçə il əvvəl israilli pornoulduz Orit Foksun döşünü dişləmiş ilan öləndə məlum oldu ki, aktrisanın döşündə silikon var. Əgər silikonun zəhəri ilanı belə öldürürsə, o zaman onun ana südünə verdiyi zərər təsəvvür belə edilə bilməz.
Ana südü körpənin haqqıdır
Ana südü əmən uşaqlarda miningit, qulaq infeksiyaları, revmatizm, əsəb problemi, immun çatışmazlığı da olmur, orta qulağın iltihabını belə ana südü sağalda bilir. Bundan əlavə döş əmən uşaqlar çox az xərçəng xəstəliyinə tutulma riski daşıyırlar, onlar yaşıdlarına nisbətdə daha az diabetə yoluxurlar.
Ana südü hər körpənin haqqıdır, onu bu nemətdən məhrum etməyə heç bir ananın haqqı yoxdur. Hamiləlikdə sağlam qidalanın ki, övladınızın təməl qidası bol olsun, onu yalnız biznes maraqları güdən işbazlardan, süni qidalarla genefondumuzu dağıtmağı qarşısına məqsəd qoyan böyük güclərin təsirindən qoruyasınız. Hər yeri zəbt etmiş süni qidalarının reklamlarındakı “biz sizin övladınızı düşünərək ən yaxşı qidanı hazırladıq” kimi cümlələrə aldanmayın. Unutmayın ki, heç kim sizin övladınızı sizin qədər düşünə bilməz.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb