PDF Oxu

Sosial

  • 4 506

6 aylıq döyüşün sonu: zəfər kimindir? -TƏHLİL

image

Ali məktəbə qəbul prosesi mart ayında keçirilən buraxılış imtahanları ilə start götürür. Daha aydın desək, şagirdlər tədris ili başa çatmasına 4 ay qalmış ali məktəbə qəbul imtahanlarının 1-ci mərhələsi olan buraxılış imtahanı verməli olur. Daha sonra birinci və ikinci blok imtahanları, qabiliyyət imtahanları növbəli şəkildə verilir.

Ümumilikdə, imtahanların başlanması və bundan sonrakı dövrdə baş tutacaq imtahanlar 6 aydan çox vaxt alır. Təsəvvür edin ki, ali məktəblərə hazırlaşan abituriyentlər mart ayından avqustadək imtahan verirlər.

1 və 2-ci cəhd blok imtahanı, qabiliyyət imtahanı, ixtisas seçimi, kodlaşdırma üçün tələb olunan bu müddət həm abituriyentlərin, həm də valideynlərin yarım il stress altında qalması deməkdir. Abituriyentlər ali təhsil almaq şansını qazanmaq üçün uzun müddət təhsillə bağlı prosedurlardan keçməlidirlər. Təbii ki, bu zaman yorulurlar, usanırlar və son mərhələyə gəlib çatdıqda həvəsdən düşürlər. Prosedurun ən önəmli mərhələsində həvəssiz, istəksiz, laqeyd abituriyentlər yaranır, ixtisas seçimində ya iştirak etmirlər, ya da bu proses özlərinin iştirakı olmadan həyata keçirilir. Prosesin özü çox yorucudur və onların bu prosesdən bezməsi, yorulması kifayət qədər normaldır. Bu səbəbdən 16-17 yaşlı yeniyetmələrdən böyüklər kimi davranmalarını gözləyə bilmərik.

Bu halda ixtisas seçimi valideynlərin üzərinə düşür. Seçərkən aburturiyentin istəkləri, arzuları ya nəzərə alınmır, yaxud da onların istəyindən daşındırılması üçün təzyiqlər olur. Bir çox halda ixtisas seçiminə kömək edən mütəxəssislər də bu haldan şikayətçi olur. Hətta bəzi ekspertlər abituriyent iştirak etmədiyi halda ixtisas seçimi köməyi etmir. Əgər təhsil mütəxəssislərinin və ixtisas seçimi edən müəllimlərin yanına abituriyentlər deyil, valideynləri gəlirsə, prosesdən keçəcək şəxslər ixtisas seçimi etməkdən imtina etməsi də kifayət qədər normaldır. Abituriyentin gələcəyi, özü olmadan planlaşdırıla bilməz.

Bu halların mövcudluğu, ixtisasını sevməyən, inkişaf etməyi bacarmayan gənclər ordusu formalaşdırır. Demək olar ki, ölkəmizdə heç kim öz sahəsi üzrə işləmir. Müəllimlər hansısa şirkətdə, biznesin idarə edilməsi üzrə oxuyanlar marketdə kassir, hüququ bitirənlər geyim dükanında satıcı işləyir.

Nəticə olaraq, abituriyentlər özlərinin marağı olmayan, amma valideynləri tərəfindən tələb olunan ixtisasları oxuduqda, bu kimi halların daim şahidi olacağıq. Peşəkar ekspertlər ixtisas seçimini nə valideyn, nə də abituriyent olmadan həyata keçirir. Bu zaman hər iki tərəfin fikirləri müzakirə olunur, ortaq məxrəcə gəlinir və sonda isə kodlaşdırma baş tutur. 6 ay sərasər imtahanlara hazırlaşan, yorulan, bezən, nəticədə ya valideynin təhriki ilə, ya da balı yetərli olmayıb sevmədiyi ixtisası oxumaq məcburiyyətində qalan gənclər üçün ali məktəbə qəbul zəfər yox, zorakı öhdəlik olur.

Tanınmış təhsil eksperti Ramin Nuraliyev bildirir ki, bu il 1-ci qrupda (Rİ altqrupu) 350 baldan yuxarı ixtisaslarda 30-80 bal arası düşmə gözlənilir. RK altqrupunda 300 baldan yuxarıda 30-50 bal düşmə gözlənilir. Balların enməsi həm Azərbaycan, həm də rus bölməsi üçün keçərlidir: "2-ci qrup Azərbaycan bölməsi ballarında 300 baldan yuxarı bir çox ixtisaslarda 5-10 bal qalxma gözlənilir. Rus bölməsində vəziyyət gərgin olacaq, 30-50 bala yaxın qalxma gözlənilir. 3-cu qrup Azərbaycan bölməsində ballar kecənilki səviyyədə gözlənilir, bəzi ixtisaslarda artım ola bilər. Rus bölməsində ballar düşəcək. TC altqrupunda vəziyyət çox gərgin olacaq. İxtisasa görə 80 bala kimi qalxma gözlənilir. 4-cu qrupda ballar tibbdə 575-580-dək gələcək. Aşağı ballarda çox da dəyişiklik gözlənilmir."

Məlumat üçün qeyd edək ki, bu il 1 ci qrup üzrə - 3364 nəfər, 2 ci qrup üzrə - 3037 nəfər, 3 cü qrup üzrə - 3705 nəfər, 4 cü qrup üzrə - 1674 nəfər, 5 ci qrup üzrə - 5722 nəfər imtahandan kəsilib.

İxtisas seçimi və kodlaşdırma 28 avqust saat 23:59-dək davam edib. 28 avqust saat 09:00-a olan məlumata əsasən I, II ,III, IV və V ixtisas qrupları üzrə 71221 abituriyent ərizəsini təsdiq edib. Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər. 29 avqusta olan məlumata görə isə, 70299 abituriyent ixtisas seçimi edib. Bununla da ali təhsil müəssisələrinə ixtisas seçimləri bitdi. Müsabiqənin cavabları 30-31 avqustda açıqlanacaq.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər