Sosial

  • 3 638

Dəb qadınları sonsuz, kişiləri xədim edir

image

Dəb, moda insan həyatına girəndən bəri insanlar ondan faydadan çox zərər görür. Maddi problemlər yaratması bir tərəfə, dəbin sonsuzluq, varikoz kimi xəstəliklərinin yüksəlmə statistikasına ciddi təsiri var. Həkimlər xəbərdarlıq edir ki, həddindən artıq dar, neylon, sintetik, kimyəvi geyimlər həm kişilərdə, həm də qadınlarda qarşısı alınmaz, müalicəsi olmayacaq sağlamlıq problemlər yaradır.

2021-ci il üzrə Azərbaycanda 18-29 yaş daxil olmaqla sonsuzluqdan əziyyət çəkənlərin 102 nəfəri kişi, 759 nəfəri qadın olub. 30 yaşdan yuxarı isə 341 kişi, 1313 qadın sonsuzluqdan əziyyət çəkən kimi qeydiyyata alınıblar. 2020-ci il üzrə isə Azərbaycanda sonsuzluqla bağlı aparılan statistikaya əsasən, 18-29 yaş daxil olmaqla 117 kişi, 798 qadın, 30 yaşdan yuxarı şəxslər arasında isə 680 kişi, 1290 qadın sonsuzluqdan əziyyət çəkir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilir ki, dünyada təxminən hər altı nəfərdən biri sonsuzluqdan əziyyət çəkir. Bu, dünyanın bütün ölkələrində bütün sosial qruplara təsir göstərir. Təşkilatın baş direktoru bildirib ki, zəngin ölkələrdə böyüklərin 17,8%-nə, orta və aşağı gəlirli ölkələrdə isə 16,5%-nə bu diaqnoz qoyula bilər.

Sonsuz kişilərin sayı artır

Kişilərin dar şalvar geyməsi isə kişi yumurtalıqlarının (xayaların) bədənə daha yaxın yerdə dayanmasına səbəb olur. Yumurtaların bədəndən daha az temperaturda olması lazımdır, amma dar geyim onları bədənə sıxdığı üçün bədənin temperaturu ilə uyğunlaşır. Bu vəziyyətin də sperma hüceyrələrinin hərəkətliliyinə və sayına mənfi təsir göstərdiyi sübut edilib. Sonsuzluğun başlıca səbəblərindən biri məhz budur.

Mütəxəssislər kişilərə dar şalvar geyməmələrini bir də ona görə tövsiyyə edir ki, dar şalvar və dar alt paltarları geymək sperma yollarının tıxanmasına yol aça bilir. Və qeyd etdiyimiz kimi, bunun da sonu məhz sonsuzluqla nəticələnir. Dar geyim geyinən kişilərin sonsuzluğunun eyni zmaanda bir səbəbi də o geyimlə saatlarla oturaraq işləməsidir. Uzun yol sürücüləri, kompyuter arxasında uzunmüddətli işi olanlar da bu qəbildən olanlardır. Dar geyimlər hüceyrələri korlaşdırır, zəiflədir. Bu cür geyimlərin qan dövranına maneə törətdiyi və bunun da toxumaların və hüceyrələrin korlaşmasına səbəb olduğu bildirilir.

Qadın sonsuzluğu pik həddədir

Qadınların uzun müddət dar şalvar geyməsi damarların sıxılaraq qeyri-normal vəziyyət almasına səbəb olur. Rəhmdə iltihablanma, göbələk, ayaqların büküm yerlərində bədən yaralarına, ayaqlarda varikoz genişlənməyə də səbəb olur. Bu cür geyimlər mütəmadi geyinilərsə rəhm və yumurtalıq xərçənginin peyda olmasına rəvac verir. Daha çox dəbdə olan dar cins şalvarlar əsasən bel və mədənin aşağı bölgəsini həddindən artıq sıxdığına görə mədə yırtılmasına, mədə xorasına-qastritə səbəb ola bilər.

Əsasən yaz-payız aylarında geyilən neylon və sintetik parçalardan hazırlanmış geyimlərin də sağlamlıq baxımından təhlükəli olduğu bildirilir. Tül corablar, günlük həyatımızda istifadə etdiyimiz kapron corablar da bu qəbildən olanlardır. Əsasən də revmatizm-yel xəstəliyindən şikayəti olanlar bu cür geyimlərlə öz xəstəliklərini daha da qüvvətləndirirlər. Eyni zamanda dar geyimlərin digər bir zərəri də qan dövranına maneə törətməsidir. Bu geyimə görə bədənin bəzi bölgələrinə gec çatan qan insanın üşüməsinə səbəb olur.

Qadınların ayaq hissədən daha çox üşüməsi və soyuqlaması bir çox xəstəliyə səbəb olur. Mütəxəssislər bildirir ki, xüsusilə gənc qızlar buna diqqət etməlidirlər. Amma gözəl olmaq, incə və zərif görünmək məqsədi ilə paltarlar diqqətli seçilmir. Gənc qızların istifadə etdiyi dar paltarların parçaları bədənə yapışdığı üçün soyuq hava birbaşa bədənə təsir edir. Halbuki gen-bol bir şalvar arada hava boşluğu yaradır və çöldəki soyuq hava birbaşa bədənə təsir etmir. Tez-tez sidiyə gedən, qarın boşluğunda sancılar olan və cinsi orqanından maye gələn qadınlar bu xəstəlikləri məhz dar geyimin sayəsində qazanırlar.

Cins başına bəla oldu

Həkimlər dar şalvarların eyni zamanda əzələlərə və sinir sisteminə də zərər vurduğu qənaətindədir. Belə ki, Avstraliyada dar şalvar geyinən 35 yaşlı qadının başına gələnlər bu istiqamətdə araşdırılma aparılmasına təkan verərək çox ciddi bir problemin aşkar edilməsinə səbəb olub. Evini dəyişərkən saatlarla dar şalvarda əyilib əşyaları qutulara yığan qadının ayaqları, daha çox baldırları inanılmaz dərəcədə şişib. Günün sonunda ayaqlarını hiss etməyən qadını təcili həkimə aparıblar, müayinələrdən sonra məlum olub ki, qadın dar şalvarda çömələrək iş gördüyü üçün ayaqlara həddindən artıq basqı olub və nəticədən “kompartman sindiromu” adlanan xəstəlik yaranıb.

Qeyd edək ki, “kompartman” adı verilən bu xəstəlik əzələlərdə şişmə və qanamaya səbəb olan ağrıdır. Dəb dünyasının “skinny jeans” adı verdiyi dar şalvarların əzələləri sıxması səbəbindən geyinməyi məsləhət görməyən həkimlər bu geyimin insanlarda hissiyyatı öldürdüyünü deyirlər. Bu qənatə həkimlər avstraliyalı qadının ayaqlarının şişməsindən sonra yıxılması, təkrar qalxmaq istədikdə isə ayaqlarının hiss edə bilməməsi faktından sonra gəliblər. Qadın yalnız 4 günlük müalicədən sonra normal həyatına dönə bilib.

Ayaqlarında yetərli qədər qan dövran eləməyən dar cins həvəskarları da əzələlərinin hissiyatını az-az itirirlər və bunun hələ fərqində deyillər. Ayaqlardakı şişkinlik və zədələnmə sinir sisteminə də təsir göstərir, hissiyyatın ölməsi də bu səbəbdəndir. Beli qısa dar şalvarlar ikiqat təhlükəlidir, çünki bu şalvarların qısa beli yumurtalıqları sıxaraq fəaliyyətinə mane olur. Eyni zamanda, bədənimizdəki sinir bölgələrindən biri də məhz kəmər yerində yerləşir və çanaq sümüyü bölgəsi bədənimizdəki yeganə yerdir ki, sinirlər dəriyə daha yaxındır. Bu səbəbdən çox sıxılmış kəmərlər də orqanizmə ciddi zərər verir.

Həkimlər xüsusilə də dar şalvarları geydikdə ayaqlarını üst-üstə aşırıb oturmağı ciddi narahatlıqlar yaradacağını da istisna etmirlər. Oturma əsnasında bədən daha çox sıxılır, bu zaman bədəndə dar geyim olduqda isə ayaqlarda uyuşma, sanki iynə batırırmış kimi kiçik sancılar olur. Əgər ağrı və sancılar çoxdursa həkimə müraciət etmək lazımdır. Dolabınızda dəb adı altında gizlənən xəstəlik yaradıcılarını isə istifadə etməyin.

Lalə Mehralı

Digər xəbərlər