Azərbaycanda 2023-cü ilin yanvar-iyun aylarında avtomobil yollarında 780 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Qeyd olunur ki, bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 4,8 faiz azalaraq 1056 nəfər olub. Onlardan 387-si həlak olub, 669-u yaralanıb. Hadisələrin 44,3 faizi gündüz, 39,4 faizi gecə, 16,3 faizi isə toran vaxtı baş verib. Bu hadisələrin 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Qəzaların istisnasız səbəbkarları – taksi sürücüləri
Yəqin siz də fərqindəsiniz, baş verən qəzaların böyük əksəriyyətində tərəflərdən biri şəhərimizdə taksi kimi məşhurlaşan “Toyuta Prius” avtomobilləridir. Bir müddət əvvəl Baş Dövlət Yol Polisi İdarəsi bu taksilərin iştirakı ilə baş verən qəzalar haqqında açıqlama da vermişdi. İdarənin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli bildirirdi ki, baş verən qəzalarda günah sürücülərdə olur: “Təəssüflər olsun ki, qeyri-peşəkar sürücülərin qaydaları pozması nəticəsində qəzalar baş verir. Eyni zamanda, taksi şirkətləri bu modeldən geniş istifadə edir. Yol polis dəfələrlə sənədsiz, spirtli içki və narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücüləri aşkar edib. Nəticədə qəzalar qaçılmaz olur. “Toyota Prius” idarə edən kifayət qədər təcrübəli sürücülər var. Lakin araşdırmalar onu deməyə əsas verir ki, daha çox peşəkar olmayan şəxslər bu avtomobillərin sükanı arxasına əyləşir.”
Taksi şirkətlərinin üstünlük verdiyi “Toyota Prius” markası cəmiyyətdə həm etibarsız, həm də ucuz avtomobil kimi assosiasiya yaradıb. Onun qəzaya meyilli olması, qəza zamanı maksimum zədə görməsi kimi fikirlər formalaşıb. Vəziyyət o həddə çatıb ki “Prius”un iştirakı olmadan baş verən yol qəzalarında belə rişxəndlə “günah Priusdadır” deyilir.
Əslində, “Prius” modeli həm komfort, həm ekonom, həm də dizayn baxımından əlverişlidir, çox avtomobilin ehtiyat hissələri də həm sərfəli, həm də əlçatandır. “Prius” “Toyota” markasının istehsalıdır, dünyanın ilk seriyalı istehsal olunan hibrid avtomobilidir. “Prius” 2005-ci ildə Avropada “ilin avtomobili” seçilib. Ölçüsü, təchizatı və qiymətinə müvafiq orta sinif avtomobil qəbul edilir. Gələcəyin motor texnologiyası olaraq görülən hibrid sistemində benzin və ya dizelli bir motor ilə elektrik motoru eyni zamanda çalışır.
Yeni istifadəyə verilən avtomobildə heç bir problem aşkarlanmır, sadəcə, sürücülər texniki baxışı, avtomobil müayinələrini zamanında etdirmədiyi üçün qəzalar çox baş verir. Həmçinin taksi şirkətlərinin icarəyə verdiyi avtomobillərə o qədər də “can yandırılmadığı” sirr deyil. Nəzərə alsaq ki, taksi şirkətlərinin sürücülərinin əksəriyyəti gənclər və təcrübəsi olmayanlardır, o zaman qəzaların çoxluğunun səbəbini anlamış olarıq.
Xəbərdarlıq və etinasızlıq
Önümüzdəki, sağ və ya solumuzdakı avtomobillərin şüşələrinə bərkidilmiş xüsusi nişanlar diqqətimizi çəkir bəzən. Bəzən işıqforda dayananda, dayanacaqda avtobus gözləyəndə də müşahidə edirik. Fərqli xəbərdarlıq işarələridir, bəzisi avtomobildə körpə olduğunu, bəzisi təcrübəsiz sürücü olduğunu, bəzisi isə sürücünün eşitmə probleminin olduğunu bildirir.
Avtomobildə körpə olduğunu bildirən xəbərdarlıq işarəsi, habelə təcrübəsiz sürücü və eşitmə problemi olan sürücünün olması barədə bildirişlər yoldan istifadə edən digər nəqliyyat idarəçilərini xəbərdar etmək və daha ehtiyatlı davranmalarını xahiş etmək üçündür. Təbiidir, sürücü nə qədər peşəkar olursa olsun yolda ona meneə yaradılarsa, qeyri-peşəkar sürücülər tərəfindən hərəkəti məhdudlaşdırılarsa təcrübəsiz sürücünün də, avtomobildəki körpənin həyatı da təhlükə altında olar.
Uşaqların fərdi avtomobillərdə təhlükəsizliyini təmin etmək üçün xüsusi oturacaqlar mövcuddur, qəza anlarında bu oturacaqlar can qurtarır. Azərbaycanda yalnız fərdi maşınlarda quraşdırılan uşaq oturacağı bir çox Avropa ölkəsində taksilərdə və şəhərlərarası avtobuslarda da quraşdırılır. Almaniyada isə yeni doğum etmiş ananın öz uşağını xəstəxanadan çıxarması üçün avtomobilində uşaq oturacağının olmasını təsdiq edən sənəd gətirməlidir. Qonşu Türkiyədə 2010-cu ildən fərdi avtomobillərdə uşaq oturacaqlarından istifadə edilməsi məcburidir, əks təqdirdə sürücü cərimələnir. 2010-cu ilə qədər bu ölkədə çox az sayda satılan uşaq oturacaqları indi ən çox tələbat olan uşaq əşyaları sıyahısındadır.
Qeyd edək ki, uşaq oturacaqlarının ən vacib özəlliyi kilid sistemidir. Bu sistem doğru bağlandığı zaman uşaqları qəza anında xəsarət almaqdan maksimum qoruyur. “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinə müvafiq olaraq, 12 yaşınadək uşaqları minik avtomobilinin ön oturacağında xüsusi qurğu olmadan daşımaq qadağandır. Bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 151.2 maddəsinə müvafiq olaraq, 60 manat cərimə nəzərdə tutulur və 3 balla qiymətləndirilir. Arxa oturacaqda uşaq oturacağı tələbi yoxdur, lakin kəmərlərdən istifadə
Məlumat üçün bildirək ki, “Yol hərəkəti haqda qanunun 56-cı maddəsinin 9-cu bəndinə görə yalnız ön oturacaqda 12 yaşadək uşaqlar daşınarkən xüsusi oturacaqdan istifadə edilməlidir. Arxa oturacaqlarda uşaqların daşınması üçün “avto-kreslo” tələb olunmur. Həmçinin, arxa oturacaqda daşınan uşaqlar üçün kəmər taxmaq da məcburi deyil, lakin təhlükəsizlik üçün kəmərlərin bağlanması məsləhətlidir.
Lalə Mehralı