Məktəbəqədər qrupların fəaliyyəti uşaqların məktəbə hazırlanmasına və birinci sinifdə dərs proqramını yüksək səviyyədə qavramasına şərait yaradan bir prosesdir. Son illər dövlətimiz tərəfindən körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evlərinin yenidən qurulması, onların maddi-texniki bazasına və kadr heyətinə diqqətin artırılmasının nəticəsi olaraq bu gün ölkəmizdə onlarla nümunəvi uşaq müəssisəsi fəaliyyət göstərir ki, bu da uşaqların sağlam şəraitdə böyüməsinə və təlim-tərbiyə prosesinin uğurla nəticələnməsinə şərait yaradir.
Məlum olduğu kimi, əvvəllər uşaq bağçaları yalnız valideynlərin iş saatı çərçivəsində övladlarını sadəcə etibar etdikləri bir müəssisə idi. Uşaqlar bağçalarda müəyyən saat ərzində saxlanılır, sonra valideynlərinə təhvil verilirdi. Baxmayaraq ki, burada uşaqların qidalanması, əylənməsi kimi, öyrədilməsi üçün proqramlar da var idi, lakin bütün bunlar heç də mükəmməl şəkildə həyata keçirilmirdi.
Uşaq bağçalarında işə qəbil da ciddilik amilinə əsaslanmırdı. Təlimlə yanaşı, təhsil müəssisəsinin olmasına baxmayaraq son illərə kimi belə müəssisələrdə təhsilli kadrlar barmaq sayı qədər idi. Hansı ki, uşağın bağçadakı son 1-2 ili sırf məktəbəhazırlıq üçün nəzərdə tutulub. Təəssüf ki, uşaq bağçalarında hələ də bu kimi hallar mövcuddur.
Məktəbəqədər təhsil gələcəyə uğurlu yol kimi...
Adıçəkilən aid uşaq müəssisələrində təlimlə yanaşı, həm də tədris prosesinin həyata keçirildiyini qeyd etdik. Buna görə də uşaq bağçalarının Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi təbii ki, burada məktəbdə hazırlanan uşaqların gələcək təhsilinin keyfiyyətini də şərtləndirən amildir. Ötən illər ərzində yuxarıda adları çəkilən uşaq müəssisələri şəhər və rayon icra hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərərək, bu qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin nəzarətinə verilmişdi.
Düzdür, rayon və şəhər icra hakimiyyətləri bu müəssisələrin yeni binalarda yerləşdirilməsi, avadanlıq və qida təchizatı, kadr islahatı, uşaq qəbulunun şəffaflığı, əmək intizamı, sanitar-gigiyenik qaydalara əməl olunması kimi məsələləri daim diqqətdə saxlayır, yaranan problemi dərhal aradan qaldırırdı. Lakin burada həm də təhsil prosesinin həyata keçirilməsi bu müəssisələrin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyətinin daha məqsədəuyğun olmasını şərtləndirirdi. Çünki qeyd etdiyimiz kimi, bu müəssisələrdə həm də məktəbəqədər qruplar fəaliyyət göstərir ki, onlar bilavasitə uşaqları məktəbə hazırlayır. Bu səbəbdən də yerli təhsil şöbələrinin bu müəssisələrə nəzarətinin olması eyni zamanda məktəbəqədər təhsilin daha mükəmməl şəkildə həyata keçməsinə səbəb ola bilərdi. Təbii ki, təhsillə bağlı yeniliklərin, məktəbəqədər təhsilə hansı prizmadan yanaşılması, uşaqlarla işin müasir tələblər səviyyədə qurulması birbaşa təhsil qurumuna bağlı olduğundan təhsillə bağlı nazirliyin məktəbəqədər qruplara nəzarəti icra hakimiyyətlərindən effektiv ola bilərdi.
Həm uşaq müəssisələri, həm də məktəblər
Son illər isə uşaq müəssisələrində məktəbəqədər qruplar olduğu kimi, məktəblərdə də məktəbəhazırlıq qrupları təşkil olunub. Bu qruplara 5 yaşlı uşaqlar qəbul olunur. Bu qruplar onlarda ətraf mühit, ilkin dünya görüşü, riyazi və məntiqi təfəkkürün, oxu və yazı bacarığının formalaşdırılması ilə yanaşı, gələcəkdə məktəb dərslərini daha yaxşı mənimsəməyə zəmin hazırlayır.
Uşaq bağçalarında məktəbəqədər qruplarda uşaqlar da eyni proqram çərçivəsində təhsil alırlar. Bəs bağçaya getməyən, yaşadığı yerdə bağça olmayan uşaqlar neçə? Bu qrupların təşkil olunması uşaq bağçaları olmayan yaşayış ərazilərində yaşayan 5 yaşlı uşaqların təhsilə hazırlanması baxımından təqdirəlayiq idi. Lakin uşaq müəssisələri ilə məktəblərdəki məktəbəqədər qrupları bir-birindən fərqli hesab edən valideynlər var. Bu səbəbdən də məktəbəqədər və məktəbəhazırlıq qruplarının həmin cəhətlərindən söhbət açmaq istəyirəm. Məsələn, birincisi bu idi ki, bəzi valideynlər bunun məktəblərdə daha üstün olduğunu düşünüb uşağı bağçadan ayırıb məktəblərdəki qruplara göndərir, bu isə təbii ki, uşağın psixologiyasına mənfi təsir göstərirdi. Ona görə ki, o, illər ərzində alışdığı müəssisədən, dost və rəfiqələrindən ayrılıb yeni bir mühitə düşməli olurdu. Həmin mühitə alışmağa lazım olan vaxt təbii ki, xeyli olduğundan uşaq bu qruplarda heç nə öyrənə bilmirdi. Hansı ki, uşaq bağçasında dost və rəfiqələri əhatəsində daha çox öyrənə bilərdi. Valideynlər bu məsələdə səbəb olaraq onu göstərirdilər ki, bu təhsili məktəblər bağçalardan daha yaxşı verə bilər.
Əslində isə məktəbəqədər hazırlıq eyni proqramla həyata keçirilir, istər uşaq müəssisələri, istərsə də məktəblər olsun. Lakin valideynləri belə düşünməyə vadar edən uşaq bağçalarının icra hakimiyyətləri tabeliyində olması idi. Valideynlər məhz bu səbəbə görə məktəblərin məktəbəqədər hazırlığını daha çox təqdir edirdi.
Bu gün bütün yaşayış ərazilərində uşaq müəssisələrinin, xüsusilə də uşaq bağçalarının olmadığını nəzərə alsaq, məktəbəqədər hazırlığın bundan sonra da həm uşaq müəssisələrində, həm də məktəblərdə həyata keçiriləcəyi şübhəsizdir. Lakin uşaq müəssisələrinin adıçəkilən nazirliyin tabeliyində olması valideynlərin də fikir ayrılığının həll olunması deməkdir.
5 yaş ilkin təhsil üçün münasibdirmi?
Bir çox xarici ölkələrin ilkin təhsil proqramları ilə müqayisədə bizim təhsil sistemi uşaqların bir qədər artıq yüklənməsi xarakteri daşıyır. Məktəbəqədər və məktəbəhazırlıq qrupları təqdirəlayiqdir. Yəni bununla uşaq məktəbə xeyli hazırlıqlı şəkildə getmiş olur. Lakin proqramda göstərildiyindən fərqli olaraq bu qruplarda uşaqlar bəzən daha artıq yüklənir. Bu da onların inkişafına əngəl törədə bilər.
Məsələn, baxmayaraq ki, Yaponiyada ibtidai təhsil altı ildir, lakin bu ölkədə təhsilin ilk ilində uşaqlar yalnız məktəbə uyğunlaşma prosesi keçir, ümumi dünya görüş, təbiət və heyvanlar haqqında məlumatlandırılır. Lakin biz bunu bağça və məktəb hazırlıq qruplarından başlayıb, təhsilin ilk ilində birbaşa yazmağa və oxumağa keçir, uşağa misal, məsələ, çalışma həll etdirir, üstəlik xarici dil də öyrətməyə başlayırıq. Bu isə azyaşlı uşaqların yüklənməsi ilə nəticələnir.
Hələ bəzi valideynlər bununla kifayətlənmir. Yəni onları qınamaq da düzgün deyil. Çünki valideyn baxır ki, övladı proqramı qavramır, məcbur qalıb onu əlavə hazırlığa qoyur ki, öyrənə bilsin. Deməli, ölkəmizdə birinci sinfə gedən uşaqların kütləvi əlavə hazırlığa qoyulmasının özü bir göstəricidir ki, onların dərs yükü ağırdır. 6 yaşdan məktəbə başlayan uşağa bu dərs proqramı çətin gəlir. Elə bu səbəbdən də təhsilə 7 yaşdan başlamaq bəlkə də daha effektiv ola bilər. Baxmayaraq ki, kompüter, sürət əsridir, deyirik, lakin bunlar uşaqlarımızın qavrama səbəbi deyil ki...
Yeni Fərman məktəbəqədər təhsilin effektivliyini artıracaq
Məlum olduğu kimi, “Bakı şəhərində körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidenti 11 may 2012-ci il tarixdə Fərman imzalamışdı. Fərmana görə “Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin sərbəstləşdirilmiş ştat vahidləri hesabına Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yaradılmışdır.
Bu Fərmana ölkə başçısının “Bakı şəhərində körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 20 sentyabr 2023-cü il tarixli Fərmanı ilə dəyişiklik edilmiş və dəyişikliyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv edilmişdir.
Elm və Təhsil Nazirliyindən aldığımız məlumata əsasən uşaq müəssisələri adıçəkilən nazirliyin tabelində fəaliyyət göstərəcək. Bunun da məktəbəqədər təhsilin effektivliyinin artmasında təbii ki, böyük rolu olacaq.
Mətanət Məmmədova