Sosial

  • 5 512

Xərçəng qadın orqanizmini sevir

image

…çünki çoxalmaq üçün münbit şərait var

Uşaq doğmaq qadınları xərçəngdən sığortalayır

Dünyada aparılan araşdırmalar zamanı uzun boylu qadınların xərçəngə yaxalanma riskinin daha yüksək olması barədə nəticələr əldə edilir. Bunu bir müddət öncə Amerikanın Albert Enşteyn Tibb Colleci də sübut etdi. Araşdırmanın nəticəsinə görə, hər 10 sm uca boy qadınların süd vəzi, yumurtalıq, böyrək, dəri xərçəngi kimi xəstəliklərə yaxalanma riskini 13 faiz artırır. Bundan öncə də İngiltərənin Oksford Universitetində aparılan araşdırmalar 1,52 sm-dən uzun insanlarda hər 10 sm-ə görə xərçəng riskinin 16 faiz artdığını müəyyən etmişdilər.

Boyla xərçəngin nə əlaqəsi?

Ümumiyyətlə, dünyanın bir çox araşdırma mərkəzi iddia edir ki, qadınların boy ölçüsü ilə yumurtalıq xərçəngi arasında əlaqə var. Aparılan araşdırmalar nəticəsində uzunboylu qadınların bəstəboylara nisbətən yumurtalıq xərçənginə tutulma riskinin böyük olduğunu da təsdiqləyir.

Araşdırma müddətində 14 ölkədən 25 min yumurtalıq xərçəngi xəstəsi və 80 min sağlam qadın müayinə edilib və uzun boyun bu xəstəliyə yoluxmaq üçün tutarlı bir səbəb olduğu müəyyən edilib. Alimlər deyir ki, qısa və bəstəboylu qadınların yumurtalıq xərçənginə yoluxma riski 1000 nəfərdə 16-dırsa uzunboylu qadınlarda bu rəqəm hər min nəfərə 20 risk təşkil edir.

Tək uca boy olsaydı nə vardı…

Ümumiyyətlə, qadınların uca boyundan başqa, artıq çəkili olması da xərçəngə yoluxma səbəblərindən biridir. Araşdırmalara görə, qadınlarda xərçəngi artıq çəki, kişilərdə isə stress və tütün yaradır. Mütəxəssislər hər 500 qram artıq çəkinin xərçəng riskini 6% artırdığını iddia edirlər. Böyük çəkidə doğulmuş və ya həyatının gələcək illərində artıq çəkiyə sahiblənmiş qadınların kişilərə nisbətən daha çox xərçəngə yoluxma riski var.

Çəkisi dörd kiloqramdan artıq olan körpələr 3-3,5 kq olan körpələrdən 16% çox xərçəng riski daşıyır. Qadınların artıq çəkisi süd vəzilərində və uşaqlıq yolunda xərçəngə səbəb olur. Artıq çəki ilə bərabər artan qadınlıq hormonu uşaqlıq yolu xərçənginin birinci səbəbidir.

Orqanizm mümkün qədər mübarizə aparır

Xərçəng çoxalan hüceyrələr xəstəliyidir, bir orqanda nə qədər sürətli və çox böyümə varsa xərçəng riski də bir o qədər yüksəkdir. Normal halda hüceyrələr orqanda yenilənmə məqsədi ilə çoxalmalıdır. Amma hər hüceyrənin də bir ömrü var, ölən hüceyrənin yerinə yenisi yaranır. Bəzən bu hüceyrələr orqanizmin nəzarətindən çıxır və sürətli şəkildə çoxalır. Bu çoxalma o qədər sürətlidir ki, ölən hüceyrələr bu sürətə yetişə bilmir və beləliklə xərçəngin təməli qoyulur.

Orqanizm bir çox hallarda bu hüceyrələri nəzarəti altına ala bilmir, amma mümkün qədər nizamlamağa çalışır. Əgər orqanizmimiz nizamı qorumağa çalışmasa bu gün dünyada xərçəngdən ölənlərin sayı fəlakət həddə çatardı.

Doğuş qabiliyyəti olmayanda…

Endokrinoloq Sahib Məmmədov deyir ki, qadınlarda döş, uşaqlıq, yumurtalıq xərçənginə ona görə çox rast gəlinir ki, onların orqanizmi xərçəng üçün münbit zonadır: “Qadınlıq orqanları xərçəngin yaranması və inkişafı üçün olduqca əlverişli yerlərdir. Uşaqlığın iç təbəqəsi olan “endometrium” qadın bədəninin ən hərəkətli zonasıdır və 1 sm qalınlığındadır, elə buna görə burada xərçəng üçün münbit şərait yaranıb. Yumurtalıq xərçənginin yaranma səbəbi isə bu orqanda da hüceyrələrin hərəkətli olmasıdır”.

Həkim deyir ki, həm hüceyrə yenilənməsi, həm də yumurtalığın özünün tez-tez yenilənməsi səbəbindən bu orqanın xərçəngə yoluxması halları digər xərçəng növlərindən daha çox rastlanır. Heç vaxt uşaq doğmayan, və ya gec doğan, eləcə də tez-tez abort etdirən qadınlarda yumurtalıq xərçəngi çox rastlanır.

Azərbaycanda qadınların xərçəng statistikası

2022-ci ilin statistikasına görə, Azərbaycanda xərçəng xəstəsi kimi qeydiyyatda olan şəxslərin sayı 59 min nəfər olub. Məlumata görə, ölkəmizdə vəfat edən hər 9 nəfərdən təxminən 1-i xərçəngdən ölür. Ölümə səbəb olan xərçəngin növünə gəlincə, süd vəzisi 2638 , traxeya, bronx, ağciyər 1379, mədə 1372, bağırsaq 701, qida borusu isə 486 təşkil edib.

Süd vəzi xərçəngi - dünyada yayılmış ən geniş xərçəng növüdür. Hər il dünyada 400000 qadına bu diaqnoz qoyulur. Bu 29 saniyəyə bir qadının xəstə olması deməkdir. Ümumilikdə hər 8 qadından birində xərçəngin bu növünə rast gəlinir. Dünyada 40 yaşdan aşağı qadınlarda bu xəstəliyə görə 1-ci yeri Türkiyə tutur. 40 yaşdan aşağı qadınlarda SVX diaqnozu saya görə dünyada birinci yerdədir. Azərbaycanda hər 8 qadından biri süd vəzi xərçəngindən əziyyət çəkir və bu rəqəm ilbəil artmaqdadır. Üstəlik də, bu xəstəlik artıq çox gəncləşib. Bir çox qadının mammoqrafiya etdirmədiyini nəzərə alsaq bu rəqəmin çox olduğunu ehtimal etmək olar.

Qeyd edək ki, xərçəng xəstələri daha çox Bakıda yaşayır. Bunun da əsas səbəbi paytaxtda əhalinin sıxlığı və ekoloji durumun pis olmasıdır. Radiasiya faktoru da xərçəngin yayılmasında mühüm rol oynayır. Xüsusilə akasiya ağaclarının kütləvi qırılmasının xərçəng xəstəliyinin artamasına təkan verdiyi barədə tutarlı araşdırmalar var. Bu araşdırmalara görə bir akasiya ağacı 40 kvadratmetr ərazini radiasiyadan təmizləyir.

Erkən diaqnoz sağalma ehtimalını çoxaldır

Qadınların süd vəzisi xərçənginə yoluxmasının səbəbinə gəlincə isə, bu süd vəzilərinin tez-tez hormon dəyilikliyinə uğraması ilə əlaqədardır. 40 yaşını keçən hər yüz qadından 2-si süd vəzisi xərçənginə yoluxur. Erkən diaqnozu qoyulan xəstəliyin sağalma şansı 95 faizdir.

Yumurtalıq xərçəngi qadınlarda xərçəngdən ölmə səbəbi arasında 5-ci sıradadır. İlk sıralarda ağciyər, döş, bağırsaq və mədəaltı vəz (pankreas) xərçəngləri qərarlaşıb. Maraqlıdır ki, tez-tez rastlanan xərçəng növləri daha az ölümə səbəb olduğu halda nadir rastlanan xərçənglər bir anda öldürə bilir. 40 yaşdan yuxarı qadınların ölümünün 2 faizinə yumurtalıq xərçəngi səbəb olur. Bu xərçəng növü ən çox 50-60 yaşlarda rastlanır və ən çətin diaqnoz qoyulan növdür.

Xərçəng xəstəliyinin qadınlarda özünü göstərən növləri əsasən yumurtalıq, süd vəzisi və uşaqlıq boynu xərçəngidir. Erkən diaqnozun müalicədə böyük paya malik olduğunu bilmək önəmlidir.

Əsrin bəlasından necə qorunmalı?

Xərçəng xəstəliyi təhlükəlidir, nə elm, nə texnologiya onu kökündən məhv edə bilmir. İnkişaf etmiş xəstəlik üçün ediləcək çox az müalicə növü var. Amma erkən diaqnoz qoyulmuş xəstələrin sağalma ehtimalı yüksəkdir. Qadınların xərçəngə yoluxmasının qarşısını alacaq yeganə insan elə qadın özüdür.

Xərçəngdən qorunmaq istəyən qadının ən effektiv silahı isə vaxtaşırı həkim müayinəsindən keçməkdir. Xərçəng başlanğıcda çox yavaş irəliləyən xəstəlikdir, bu səbəbdən də diaqnozu çətindir. Qadının 6 aydan bir keçəcəyi həkim müayinəsi bu diaqnozu vaxtında qoya bilər.

Xərçəngi yaradan faktorların başında stress gəlir, stressi həyatınızdan uzaq tutun. Natural qidalanın, fast-food qidalanmadan uzaq durum. İdman edin, gəzintiyə çıxın, real sosial həyat yaşayın, doslarla, qohumlarla sıx ünsiyyət qurun. Doğuşdan sonra körpənizi əmizdirin, görkəmim pozular deyə südü süni yollarla kəsməyə çalışmayın, körpəsinə süd verən qadınlarda xərçəng nadir rastlanır.

Limon, mandarin, nar xərçəngin düşmənidir, bol-bol istifadə edin. Göbələk xərçəng hüceyrələrini məhv edir. Yerkökü döş, uşaqlıq xərçəngi ilə müabirizədə güclüdür. Pomidor xərçəng hüceyrələrini azaldır. Ümumiyyətlə, bütün qırmızı meyvə və tərəvəzlər xərçəng xəstəliyi ilə mübarizə gücünə malikdir. Kələm, yaşıl çay, brokoli, gül kələmi, qatıq, ananası çox istifadə edin. Xərçənglə ona yoluxmamışdan öncə mübarizə aparın.

Lalə Mehralı

Digər xəbərlər