Ötən il ölkədə Ədliyyə Nazirliyi tərəfindən 609 intihar hadisəsi qeydə alınıb. Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb. Belə ki, intihar edən şəxslərdən 457-i kişi, 152-i qadın olub, o cümlədən 42-si yetkinlik yaşına çatmayan şəxslər olub.
Statistikaya görə, dünyada hər 3 saniyədə 1 insan intihar edir. Onlardan əksəriyyəti istəyini reallaşdıra bilir, çox az faizi xilas edilir. İnsanları intihara bir çox səbəblər sürükləyə bilər. İntihar edənlər ən çox 15-29 yaş aralığında olan insanlardır. İntihara cəhdin səbəbləri arasında ən çox psixoloji problemlər və depressiv vəziyyət üstünlük təşkil edir. Bundan əlavə, intihara səbəb olan problemlər arasında işsizlik, ailədaxili münaqişələr, fiziki problemlər, ünsiyyətsizlik, zərərli vərdişlərdən asılılıq, yalnızlıq kimi səbəblər də var.
Məlumat üçün qeyd edək ki, intihar, dünyada yaşanan ölüm halları arasında ilk 10-luqda yer alır. Eyni zamanda gənclər arasında ölüm səbəbləri sırasında da üçüncü yerdə qərarlaşıb. Dünyada hər il təxminən 20 milyon insan intihara cəhd edir və bunun 1 milyonu ölümlə nəticələnir.
Niyə və nə üçün?
İntihar insanın həyatına son qoymaq üçün icra etdiyi ən radikal davranışdır. İntiharlar iki qrupa bölünür: intihar və intihara cəhd. İntiharlar ölümlə nəticələnsə də, intihar cəhdləri fərdin özünə zərər vermə davranışından ibarətdir, lakin ölümlə nəticələnmir. İntihara dəfələrlə cəhd edən adamlar əslində intihar etmək istəmir, bir növ SOS siqnalı verir.
İntihar hallarının artmasında müxtəlif risk faktorları və amillər var. Bu günədək aparılmış araşdırmalara görə intihar və intihara cəhd hallarına daha çox 15-25 yaş qrupunda rast gəlinir. İntiharlar kişilərdə, intihara cəhdlər isə qadınlarda daha çox olur. Subay fərdlərin intihar və intihara cəhd nisbəti daha yüksəkdir, lakin evli şəxslərin nisbəti də əhəmiyyətlidir. Təhsil səviyyəsinin aşağı olması intihar riski yarada bilər. Psixi xəstəliyin olması və ya psixiatrik diaqnozun olması intihar üçün müəyyənedici faktor ola bilər.
Qadınlar ölmək istəmir, kişilər əksinə
Əgər ümumiləşdirsək, deyə bilərik ki, qadınların sosial rolu daha çox inkişaf etdiyi üçün çətin vəziyyətlərin öhdəsindən gəlmək qabiliyyəti daha uğurludur. Kişilərin çətin vəziyyətlərlə daha narahat və səbrsiz olduğu müşahidə edilir. İntihara meyillilik bioloji baxımdan qadınlar arasında daha çox görünsə də, bu insanın duyğularını və məntiqini idarə etmək bacarığı baxımından da əhəmiyyətli vəziyyətdir. Yəni, qadınlar emosional vəziyyətlərdə özünü daha tez ələ almağı bacarır, lakin kişilər barədə bunu demək çətindir.
Kişilərin öhdəsində olan sosial-ictimai yükü, iş həyatının stressi, uzun müddət xroniki stresə məruz qalmaq kimi faktorlarla mübarizə aparmaq onları çox yorur. Sizcə də “kişi ağlamaz”, “kişi şikayətlənməz”, “kişi deyinməz” kimi stereotiplərlə onların boynuna çox yük qoymuruqmu? Ağlamasına, emosiyasını boşaltmağa icazə vermilməyən kişilərin daxilində yığılıb qalmış emosional reaksiyası bir gün müəyyən bir formada partlayış edir, nəticəsi ya ölmək, ya öldürmək olur.
İntiharmeyilli insanlara nəzarət - hamılıqla
Əslində, intihara meyil edən insanlar özlərini büruzə verirlər. Onlar həyatdan bezdiklərini, çarəsiz olduqlarını, özünə qapandıqlarını, sosial mühitdən uzaqlaşdıqlarını, işlərində gerilədiklərini, hətta bəzən intihara cəhd barədə düşündüklərini mütəmadi deyirlər. Burada ən böyük məsuliyyət ailənin və sosial çevrənin üzərinə düşür. Onu müşahidə etmək, yaxın olmaq vacibdir. Emosional ünsiyyət baxımından intihara meylli şəxsdən nə qədər uzaq olsanız, bu simptomları qaçırma şansınız bir o qədər yüksək olacaq. Dolayısı ilə nə qədər yaxın olsanız, bu simptomları tutmaq şansınız bir o qədər yüksək olacaq. Onu fikrindən daşındırmaq, intihara cəhd zamanı yaxınlığında olmaq həyatını xilas edə bilər.
Qeyd etdiyim kimi, kişilərin intihar nisbətlərinin qadınlara nisbətən daha çox olmasının səbəbi kişilərin üzərinə düşən məsuliyyətin bir fərd üçün çox olmasıdır. Kişilərin intihara meyilliliyi barədə bu qədər yüksək statistika ilə bağlıdır. Bu vəziyyət daha çox orta və aşağı gəlirli, həmçinin sosial-mədəni səviyyəsi bir qədər aşağı olan ölkələrdə baş verir. “Kişi işləməli, ailəsinə baxmalı, kişi güclü olmalıdır” fikri ilə böyüdülən oğlanlar sonralar bu yükə tab gətirə bilmir. Gücünün azaldığını və ailəsini lazımi səviyyədə qoruya bilməyəcəyini düşünəndə intihara sürüklənmə ehtimalı çox böyükdür. Yəni bu ehtimal qadınlarda olduğundan yüksəkdir.
Kişilər ölüm seçəndə də cəsarətlidir
Kişilərin intihar cəhdlərinin ölümlə nəticələnməsi halları qadınlardan daha yüksəkdir, çünki daha radikal üsullardan istifadə edirlər. Həyatdakı cəsarətləri, qorxmazlıqları ölüm üsulunu seçərkən də diqqətə alınır.
Kişilər və qadınlar intihar edərkən müxtəlif üsullardan istifadə edirlər. Məsələn, kişilər odlu silaha üstünlük verdiyi halda, qadınlar həddindən artıq dozada dərman qəbul edərək, yaxud da özünü asaraq intihar edirlər. Həmçinin, intihara cəhd edən insanların əksəriyyətində yaşamaq instinkti üstünlük təşkil edir. Əgər dərman qəbul etmisinizsə, peşman olduğunuz anda xilas olmaq şansınız var. Odlu silahdan atəşlə intihara cəhd heç bir peşmançılıq fürsəti vermədən nəticələnir.
Oğlanlar kiçik yaşlarından elə böyüdülür ki, onlar heç bir emosiyanı ifadə edə bilmirlər, heç bir ağrını rahat yaşaya bilmirlər. Cəmiyyətin stiqması kişilərin ağlamasına imkan vermir. Hətta ən əzizi öləndə belə kişilər ağlamağı zəiflik kimi anladığı üçün ağlamırlar, o ağrı, dərd onun içində hər gün böyüyür, dərinləşir. Kişilərin qadınlardan daha tez ölməsi, saçlarının daha tez ağarması, ürək xəstəliklərindən daha çox əziyyət çəkməsi də bu davranışın nəticəsində yaranır.
Araşdırmalara görə yaz və yayın ilk aylarında intiharlar daha çox olur. Həddindən artıq istilər orqanizmin elektrolit balansını pozaraq, xüsusilə psixi problemləri olan insanlarda intihara meyilliliyi artırır. Xüsusilə, 15-18 yaş qrupunda olan gənclər və 55-60 yaş qrupunda olanlar daha çox meyilli qruplardır. Gənclərdə şəxsiyyət axtarışı və özünüdərk zamanı travmatik münasibət, yaşlılarda isə tənhalıq hissi intihara rəvac verir.
Kişiləri çox yükləməyin
İntihar, əslində, bir SOS siqnalıdır – bir növ intihara əl atan adamın yardım istəmək üsuludur. Hər nə qədər kişilərin intiharı ilk cəhddə “uğurlu” alınsa da onlar əslində ölümü seçənədək çox “get-gəl”də qalırlar. Ölümlərindən sonra ailələrinin keçəcəyi çətinliklər, yaşayacaqları problemlər, övladlarının gələcək həyatı – hamısını düşünürlər əslində. Onlar çox yüklənirlər – həm iş yerində, həm ailədə, həm də cəmiyyətdə. Həmişə güclü görünməyə məcbur edilirlər, gücləri tükənsə belə.
Sərt iş rejimi, stress və qorxu altında keçən ömür, qidalanma və tv-lərin əvəzsiz “fəaliyyəti” intihar hallarının artması üçün lazımı zəmin yaradır. Bir gün özünüz, övladınız və ya hansısa bir yaxınınız intiharçı olmasın deyə stressdən uzaq olun, onları da stressli həyata məhkum etməyin, çünki stress beyini narahat edən əsas faktordur.
Televiziyada yalnız ruhunuzu dincəldən verilişlərə baxın, qanqaraldan cinayət verilişləri, başqalarının problemləri ilə efirləri işğal edən sosial layihələrlə auranızı mənfi enerjiyə təslim etməyin. Xəbər saytlarında, qəzetlərdə cinayət, intihar, qətl xəbərlərini oxumayın, efirdə izləməyin. Daha çox yaşaya, ailənizlə daha çox vaxt keçirə bilmək üçün...
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması ” istiqaməti çərçivəsində hazırlanıb
Normadan azad olmağın vaxtıdır...
Balet ayaqqabıları geri qayıdır...
Hər şey ana qayğısından asılıdır...