Xəzinə-pul, cəvahirat, qiymətli əşyalar saxlanan yer mənasını verir və ilk səslənmədə göz önündə maddi bir varlıq canlanır. Qədimdə hökmdar saraylarında qızıl, qaş-daş və digər maddi dəyərlər saxlanılan yer idi xəzinə. İndi isə bütün dövlətlərdə xəzinə ona məxsus pul, sərvət və torpaq anlamındadır. Və xəzinə hansı əsrdə harada, necə, nə formada olubsa, onun qorunması möhkəm əsaslarla təşkil olunub və olunmaqdadır. Çünki o, xəzinədir.
Maddi nemətlərin saxlandığı xəzinə ilə yanaşı, mənəvi dəyərlərə məxsus xəzinə də vardır ki, bu gün məhz ondan söhbət açmaq istəyirik. O xəzinə ki, nə dövlətlərə, nə saraylara aiddir. Həmin xəzinə dünyada yaşayan bütün insanların içində daşıdığı bir xəzinədir. Mənəviyyat xəzinəsidir adı. Bu söhbətimizdə kişilərin deyil, qadınların bu xəzinələri necə qorumasından, mühafizə etməsindən danışaq.
Bədənimiz xəzinəmizdir
Bəli, hər bir qadının bədəni onun xəzinəsidir. Vaxtilə saraylarda xəzinələr necə qorunurdusa, bunun üçün əlisilahlı mühafizəçilər gecə-gündüz necə ayıq-sayıq dayanırdısa, elə bu gün dövlət xəzinələri necə qorunursa, hər bir qadın da özü öz xəzinəsinin qoruyucusu, mühafizəçisi olmalıdır.
Kiçik yaşlarında biz qızlarımızı-xəzinələrimizi qoruyuruq. Onları qorumaq əlbəttə, biz ana-ataların borcudur. Və zamanla övladlarımızı elə yetişdirməyə çalışırıq ki, müəyyən yaşdan sonra onlar özləri özlərini qoruya bilsinlər. Lakin buna nail ola da bilirik, olmaya da. Bu da təbii ki, bizim özümüzdən, xüsusilə analardan asılıdır. Biz qızlarımıza nəyi necə təbliğ edə biliriksə, illər sonra onun bəhrəsini də eynilə görürük.
Bədənimiz xəzinəmizdir, deyirik. Bəs biz qızlarımıza bunu kiçik yaşlarından aşılaya bilirikmi? Onların bədənlərini qorumağı, mühafizə etməyi, bu dəyəri qoruyub saxlamağı yetərincə öyrədə bilirikmi? Bu gün açıq-saçıq geyinən qızlarımızın bədənlərinin qapalı qalmalı olan yerləri hər kəsin gözü önündədir. Qısa ətəkləri, yaxası normaldan çox aşağı, göbəkdən yuxarıda qalan qısa köynəkləri, adı şalvar olub ancaq qızlarımızın örtülü qalmalı əzalarını bayırda qoyan şalvarları kim alır onlara? Qızlar bu cür geyinmələri üçün kiminlə məsləhətləşir?
Fərqinə varırıqsa, müasirlik adı altında dəyərlərimiz əlimizdən gedir. Biz xəzinəmizin ağzını açıb qoymuşuq ortaya, gələn-gedən nə istəyirsə, götürür, keçir. Axı bu xəzinə bir gün tükənə bilər. Bu kimi isə qorxuya, təşvişə salmırmı?
Nə üçün bizim bədənimiz kimlərinsə gözü önündə olmalıdır? Nə üçün biz qızlarımızı qarşımızda əyləşdirib bir ana kimi onlara bu qiymətli, dəyərli xəzinə və onu qorumaq, mühafizə etmək barədə söhbət etmirik.
Fabriklər varlandıqca, biz kasıblaşırıq
Onsuz da bütün dünyada tikiş fabrikləri “haqqın” yolunu tapıb. Az parça ilə böyük qazanc yolunu seçiblər. Qısa ətəklər, qolsuz, yaxasız köynəklər, donlar belə fabriklərə milyonlarla vəsait gətirir. Fabriklər varlandıqca, biz kasıblaşırıq. O mənada kasıblaşırıq ki, mənəviyyatımız əlimizdən gedir. Həm baha qiymətə paltar alıb geyinməli oluruq, həm də bu geyimlərlə mənəviyyatımızı ucuzlaşdırmaq qarşısında qalırıq.
Kimlər verir bu cür paltarların dizaynını? Heç qadın olaraq bir yerə toplaşıb onlara qarşı üsyana qalxa bilmişikmi? Yoxsa gündəlik iş və ev həyatına başımız elə qarışıb ki, gözümüzün önünü belə görə bilməmişik? Tamamilə belədir. Belə olmasaydı, biz qızlarımızın geyim-keciminə diqqət edərdik, onların nə geyindiyi ilə maraqlanardıq. Əksinə, sanki bir pərdə çəkilib gözlərimiz önünə. Bütün bunları olarmış kimi qəbul edib əyləşmişik yerimizdə. Başımıza seriallarla, telefonlarla, əttökən sosial şəbəkələrlə qatıb qızları ötürmüşük özbaşına.
Hələ böyük qızlar bir kənara, 2-3 yaşlı körpə qızlarımız üçün fabriklər eyni paltarları tikib bizə təqdim edir. Bir də baxırsan ki, küçədə gözəl bir qız uşağı, göbəyi açıq paltarda . Eynilə böyüklərin paltarının kiçik forması. Biz də bunları sevə-sevə alıb geyindiririk bu körpələrə ki, elə bu ağılla, başla böyüyün. Görək onlar böyüyəndən sonra əyinlərinə normal paltar geyinib öz xəzinələrini gizlədə biləcəklərmi? Əlbəttə, xeyr. Çünki biz onları elə böyüdürük. Etinasızlığımızla, “müasirliyə”, dəbə aldanmağımızla elə bir tərbiyə aşılayırıq ki, onlar düşünür ki, bu, elə belə də olmalıdır.
Lakin təəssüf ki, itiririk. Mənəvi dəyərlərimizi fabriklər, dizaynerlər, əlimizdən alır, biz də zaman gələcək ki, onların arxasınca baxa-baxa qalacağıq.
Çılpaqlıqla açıqlığın fərqi
Hər ikisi özlüyündə ayrı-ayrı mənaları izhar etsə də, lakin hər ikisi geyimdə eyni mənanı verir. Ya çılpaq gəzmiş, ya bədənin mübhəm yerlərini bayırda qoymuş, bunların hər ikisi eynidir. Elə söz düşərkən deyəndə ki, bu qızlar niyə belə geyinirlər, bunların anaları haraya baxır, cavab alırıq ki, nə olub ki, çılpaq deyillər ki. Əslində isə bu cür cavab özünümüdafiədən başqa bir şey deyil. Bəs özünü müdafiə edən adam nə üçün xəzinəsini müdafiə edə, qoruya bilmir, maraqlıdır.
Qadının sinəsi, göbəyi, budları onun kiminsə görməməli olduğu əzalarıdır. Bizim qədim milli geyimlərimizdə bu hissələrə çox diqqət verilirdi. Görənlər görüb, görməyənlər isə bu gün muzeylərimizdə nümayiş etdirilən qadın geyimlərindən ibrət dərsi götürə bilərlər. Bəli, o zamanlar qadınlar öz xəzinələrinin sahibi idi. Bu xəzinə onlar tərəfindən göz bəbəyi kimi qorunurdu.
Bu gün isə biz açıq-saçıq geyimlərlə öz milliliyimizin qənimlərinə çevrilmişik. Düşünürük ki, bu geyimlərlə dəbliyik, müasirik, gözəl görünürük. Lakin tamamilə əksinə. Açıq geyinməklə nə dəbli, nə müasir, nə də gözəl görünmək olar. Gözəllik açıqda deyil, gizlidədir: sinənin örtülü olmasında, göbəyin ümumiyyətlə, görünməməsində, ayaqların uzun ətəyin altında mübhəm qalmasındadır. Belə olanda gözəl bir qadın dayanır gözlər önündə. Onun zərif bədəninə normal biçimli paltarlar xüsusi bir gözəllik verir. Burada bir xəzinə effekti yaranır. Bu xəzinənin içərisində nə var, onu necə görmək olar marağı gizlənir. Biz öz xəzinəmizi qoruduqca, mühafizə etdikcə ətrafdan bir o qədər diqqət çəkir. Və bizim mühafizəkarlığımız zamanla özümüzün özümüzə hörmətinə, eləsə də ətrafdakıların bizə hörmətinə səbəb olur. Çünki bizim dəyərimizi mühafizə etməyimiz onlara da gün kimi aydın görünür.
Paltar qısalır, saçlar uzanır
Vaxt vardı ki, paltarlar da uzun idi, saçlar da. Saç hər zaman Azərbaycan qadınının yaraşığı olub. Uzun saç bizim milli geyimlərimizin ən gözəl aksesuarı da olub. O paltarların üzərinə bir hörük atmaq bu gözəlliyi füsunkarcasına tamamlayıb.
Lakin zaman ötdükcə, biz o saçlara divan tutduq. Bir aralar tam qısaltdıq. Daha sonra ətəklərimizi, donlarımızı qısaltdıqdan sonra saçlarımızı uzatmağa başladıq. O yerə kimi uzatdıq ki, saçlarımız ətəklərimizlə, şortlarımızla bir oldu. Bu da oldu dövrün dəbi. Qısa ətəklər, şortlar, üzərində o qədər uzunluqda saçlar...
Əslində necə, buna dəb demək olarmı? Bəlkə də kimlər üçünsə dəbdir, müasirlikdir. Bəlkə də kimlərsə bunun üçün bizi qınayar, geridə qalmış adlandırar da. Lakin həqiqətdə bu, heç də xoşagəlim bir dəb deyil. Çünki o gözəllikdə saçlar açıq bir bədənin nə qüsurunu örtür, nə də eyibini. Əksinə, bu açıqlığa yeni bir cəlbedicilik qatır ki, bu, bizim qızlarımıza əsla lazım deyil.
Elə dərd də buradadır ki, əksər qızlarımız bu cür geyimlərə meyillidirlər. Və əksər analar da onların qarşısını almaqda ya acizdir, ya da bu geyimləri olduqca normal hesab edir. Beləliklə, xəzinəmiz təhlükəli bir vəziyyətdə qalır. “Nə etməli” sualı da elə buradaca öz cavabını axtarır.
O, xəzinədirsə...
Bəli, bilən bilir, bilməyən də qoy öyrənsin ki, qadının bədəni onun qiymətli xəzinəsidir. Bu xəzinəni qorumaq üçün o, bütün gücünü sərf etməlidir. Çünki xəzinəyə tək bir dəfə soyğunçuluq başlayarsa, bu, davam edəcək. Qarşısını almağa güc yetməyəcək. Belə isə elə ən başdan xəzinə qorunmalıdır. Birinci analar tərəfindən, sonra isə qızlarımızın özü onu mühafizə etməlidirlər. Necə ki, bir deyimimizdə deyilir: ana, özümü tanıyanadək sən məni qoru, sonra mən özümü qoruyacağam. Bax bu deyim həmin xəzinələrin qorunmasına aiddir. Çünki hər şey elə qorumaqdan, qorumaqla yanaşı, anlatmaqdan, başa salmaqdan başlanır. Yoxsa qorumaq tək başına bir işə yaramaz. Eyni zamanda anlatmaq, zamanla öyrətmək lazımdır ki, övladımız vaxtı çatanda özünü qoruya bilsin, yəni geyimi, davranışı, hərəkəti ilə bir qiymətli xəzinə və bu xəzinənin də dəyərli olduğunu hər kəsə nümayiş etdirə bilsin. Əks təqdirdə biz milli dəyərlərimizin üzərindən xətt çəkmiş olarıq.
Mətanət Məmmədova