Xalqımızın özünəməxsus inancları var. Bunlara batil inanclar da deyirik. Əsrlərdən üzübəri gələrək yaşadılmış inanclarımız olub ki, onların həyatımızın müəyyən məqamlarında bizə uğur və uğursuzluq gətirdiyinə inanmışıq. Məsələn, bir iş arxasınca gedəndə sol tərəfdəki qonşunun ayağını ağır, sağ tərəfdəki qonşunun ayağını yüngül hesab etdiyimizdən onun qarşımıza çıxmasını arzulamışıq. Bir işə başlayanda oğlumuzun yox, qızımızın həmin işin üstünə gəlməsini istəmişik ki, onu ayağı yüngüldür, işimiz avand olsun. Bədnəzərdən qorunmaq üçün hasardan ayaqqabı tayı, heyvan kəlləsi, at nalı asmışıq. Evə yad adam gələndə bir qab qırılıbsa və yaxud da üzərimizdəki paltarın düyməsi iki yerə bölünübsə, “nəzərdir”,- deyə düşünmüşük. Körpəmizi kimsə ilk dəfə görəndən sonra o, dayanmadan ağlamağa başlayıbsa, bunu da nəzər dəymiş hesab etmişik. Süfrəyə düz dağılanda tez üzərinə bir tikə qənd qoymuşuq ki, evdə söz-söhbət yaranmasın. Kimsə asqıranda fikrimiz onun yanına qalıb ki, görək birini, yoxsa ikisini gətirəcək. Sınağımızdan keçərək bizə uğur gətirən tək səbir gələndə ürəyimiz açılıb, cüt səbir gələndə isə həmin adamı ürəyimizdə ittiham etmişik ki, gətirdiyi səbrə bax və ya əksinə. Beləliklə, zaman-zaman bir inanc toplusu yaranıb və bu günümüzədək gəlib çıxıb...
Qədimdən gələn inanclardan biri-ÜZƏRLİK
İnanclarımızdan biri də üzərlikdir. Əsrlərdən bəri yandırdığımız üzərliklə bəd nəzərləri evimizdən, özümüzdən, övladlarımızdan, mal-heyvanımızdan, həyat-bacamızdan qovub çıxarmağa çalışmışıq. Uşaq dayanmadan ağlayanda, başımız ağrıyanda üzərlik yandırmışıq və qısa bir vaxtda onun faydasını görmüşük, yəni uşaq səsini kəsib, başımızın da ağrısı kəsib.
Üzərliyin faydasını gördükcə onu nəinki yandırmaqla kifayətlənmişik, hətta dəstə-dəstə edib qurudub, dənələyib muncuq kimi sapa düzüb evlərimizdən asmışıq, dibçəkdəki, vazadakı güllərin arasına yerləşdirmişik. Hələ son illər üzərlikdən müxtəlif əl işləri də düzəldib evlərimizi onlarla bəzəməyə də çalışırıq. Məsələn, üzərliyi dənələyib çərçivəyə saldığımız parça üzərinə müxtəlif formalarda yapışdırmaqla gözəl bir tablo düzəltmək olur. Və yaxud da şüşə butulkanın parça çəkilmiş üzərinə düzməklə gözəl bir üzərlik vazası yaratmaq olur. Ailə quran qızların çıraqları, güzgüləri, xına məcməyiləri də son vaxtlar üzərliklə bəzədilir.
Bir təbiət gözəlidir ÜZƏRLİK
Bəs səhərdən bəri haqqında gözəl fikirlər söylədiyimiz, inancımız olan üzərlik bu qədər müqəddəsliyi haradan alıb? O, necə bir bitkidir ki, özünü bizə bu qədər sevdirə və inandıra bilib? Bir qədər də bu barədə danışaq...
Tanrının Azərbaycan təbiətinə bəxşişi olan üzərlik üzərlikçiçəklilər fəsiləsinə aiddir. Uzunluğu 50-70 santimetrə çatır, çoxillik və möhkəm kökləri olan bitkidir. Ağ çiçəkləri, sarı-yaşılımtıl yumru meyvələri, meyvəsinin içində xırda qara toxumları var. May-iyun aylarında çiçəkləyir, iyul-avqust aylarında yetişir. Tərkibində alkaloidlər, harmin, harmolin, harmolol, peqanin kimi maddələrlə zəngindir. Kimyəvi analiz zamanı üzərliyin kütləvi çiçək açan yaşıl kütləsində 3,7 faiz yağ, 18 faiz sellüloza, 24,1 faiz protein, 30,7 faiz ekstrativ maddələri var. Adətən kol halında bitir, quru iqlim şəraitində özünü yaxşı hiss edir.
Üzərliyə bütün Mərkəzi Asiya respublikalarında, xüsusən də Qazaxıstanın cənubunda, həmçinin Qafqazda rast gəlinir. Azərbaycanda üzərlik quru iqlim şəraiti olan bütün bölgələrdə, az qala Abşeronun hər qarışında bitir. Ən maraqlı xüsusiyyəti əsasən qəbiristanlıqda yetişməsidir. Hətta üzərliyin rus dilindəki adlarından biri tərcümədə “köhnə qəbiristanlıq” mənasını verir. Üzərliyə olan mistik münasibət və inanclar, çox güman ki, bitkinin qəbiristanlıqda yetişməsi ilə əlaqədardır. Elmi mənbələrdə də onun niyə qəbiristanlıqda bitdiyi izah edilmir.
Məhz elə bu barədə Şahbuz rayonunun Aşağı Qışlaq kəndində yaşayan 80 yaşlı Sədaqət nənə ilə söhbət etdim. Nənəyə üzərliyə tək qəbiristanlıqda deyil, ayrı yerlərdə də rast gəldiyimizi dedim. Sədaqət nənə cavab verdi ki, kim deyir, üzərlik tək qəbiristanlıqda bitir? Üzərlik pak-təmiz, insan ayağı dəyməyən hər yerdə bitə bilir. O, əlini uzadaraq qarşıdakı dağı göstərdi və dedi ki, bax, biz illər uzunu həmişə üzərliyi o dağın ətəyindən yığmışıq. Qaldı üzərliyin qəbiristanlıqda daha çox bitməsinə, bəli, ona görə orada çox bitir ki, qəbiristanlıq təmiz, pak yerdir. Torpaq altında yatanların hər biri hansı əqidənin sahibi olmasına baxmayaraq paklanmış şəkildə oraya yollanır. Ona görə də paklığı, təmizliyi sevən üzərlik məskən olaraq dağ ətəklərini, bir də qəbiristanlığı seçib.
Min bir dərdin dərmanı-ÜZƏRLİK
Üzərlik son dərəcə qiymətli müalicəvi bitkidir. O qədər də xoşagələn dadı yoxdur, buna görə də onu dərman kimi qəbul etmək heç də asan deyil. Vərdiş etdikcə dadının heç də pis olmadığı məlum olur. Orta əsr alimləri üzərliklə kəskin əsəb xəstəliklərini, epilepsiyanı, iflici, zəif görməni müalicə ediblər. Həmin dövrdəki mənbələrdə üzərliyin xassəcə isti və quru olması, bədəni isti saxlaması, yuxu gətirməsi, bronxlardan bəlğəmi çıxarması, bağırsaqlardan qazı qovması və qanı durulaşdırması barədə məlumatlar var. Döş, mədə-bağırsaq, ürəkkeçmə və sair xəstəliklərin müalicəsində istifadə edilir.
Üzərliyin qaynadılmış suyu saçı qaraldır. Üzərlik toxumunun dəmləməsi sidiyə çətin getmənin dərmanıdır. Sulu dəmləməsi isə revmatizm xəstəliyində oynaqlarda yığılan duzları təmizləyir.
Hələ Qədim Misirdə bu bitki sakitləşdirici və epilepsiya müalicə edən vasitə kimi istifadə olunurdu. Müasir elmi araşdırmalar da üzərliyin sinir sisteminə olan müsbət təsirini təsdiq edib.
Streslə mübarizədə köməkçi olan üzərliyin bir çox faydası var. Üzərliyin müalicəvi əhəmiyyəti əsasən əsəb-sinir sistemi xəstəlikləri ilə bağlıdır. Antiseptik, antimikrob və virus əleyhinə xüsusiyyətləri hamıya məlumdur. Lakin üzərliyin digər daha az bilinən faydalı xüsusiyyəti də var. Tərkibində olan harmalin, harmin və harmalol adlı alkaloidlər həyacanı azaldır, sinir hüceyrələrini bərpa edir, sinir keçiriciliyini yaxşılaşdırır, iflic, qıcolmalar, yuxusuzluq zamanı kömək edir, sinir sisteminə sakitləşdirici təsir edir.
Üzərlik ekstraktı nevrasteniya, şizofreniya, Parkinson xəstəliyi zamanı effektlidir, güclü təbii antidepressantdır, depressiya zamanı kömək edir. Üzərliyin bu faydalı xüsusiyyətləri əczaçılıq sənayesində geniş istifadə olunur, bitki bir çox sakitləşdirici preparatların tərkibinə daxildir.
Üzərlik sinir sisteminin gərginliyini, yuxusuzluq problemi və daha bir çox narahatlığı aradan qaldıran ən təsirli bitkilərdəndir.
Bədnəzərin düşməni- ÜZƏRLİK
İnanclara görə, üzərlik bədnəzərin düşmənidir. Məsələn, nasazlayan körpə uşağa üzərlik yandırırlar. Toy məclislərində yandırılan üzərliyi qonaqların arasında gəzdirərlər. Onu evlərin qapı-bacasından, mal-heyvan çox olan tövlələrin girişindən bədnəzərdən qoruyan vasitə kimi asarlar.
Əksəriyyət insan hər hansı bir işi düz getmədikdə, başına xoşagəlməz hadisə gəldikdə, bunu kiminsə nəzəri ilə əlaqələndirir, gözdəymədən, nəzərdən qorunmaq üçün üzərlik yandırır. Bitkinin yumru hissələri kəsilir, dəmir bir qaba yığılır, üzərinə bir az soğan qabığı və bir çimdik duz atılaraq ocaqda yandırılır. Bu zaman onu yandıran şəxs sağ əlində üzərliyin toxumlarını, soğan qabığını və duzu tutaraq ailə üzvlərinə bir-bir yaxınlaşır. Sağ əlini ailə üzvlərinin hər birinin başı üzərində üç dəfə fırladır, hər dəfə onun sağ çiyninə toxundurur və deyir: “Kimin nəzərinə gəlmişik, onun nəzərini yandırırıq”.
Üzərlik yandırmağın bir neçə forması var. Onlardan biri də Sədaqət nənənin söylədiyi şerlə də həyata keçirilir. Sədaqət nənə deyir ki, mis tavaya üzərlik və duz atırsan, onu kim üçün edirsənsə, başına üç dəfə fırladıb deyirsən:
Üzərliksən havasan,
Hər bir dərdə davasan.
Səni dərman deyiblər,
Qada-bala sovasan.
Bizim evdə qalasan,
Üzərlik burda pırtlasın,
Yaman gözlər çatlasın.
Bəd nəzərdən qorumaq üçün yandırılan üzərliyi evin hər yerində gəzdirib “aldım duzunu, ovdum gözünü” deyirlər.
Üzərliyim tüstülən,
Bədnəzəri kor elə.
Qohum olsun, ya özgə,
Qoy qapıdan girməsin.
Sədaqət nənə onu da deyir ki, bəzən xəstəni sağaltmaq üçün də üzərlikdən istifadə edirlər: axır çərşənbədə ağır xəstənin sağalması üçün niyyət edilir, başı üstündə üzərlik yandırılır, üç dəfə belinə vurub deyirlər ki, “naxoşluğun səhraya, dərd-azarın dəryaya”.
Üzərlik yanan zaman ətri, tüstüsü insana xoş əhval-ruhiyyə bəxş edir. Ağbirçək nənələrimizin dilindən üzərlik haqqında zaman-zaman deyilən çoxlu bayatılar da eşitmişik.
Üzərliyəm həvayam,
Yaman dərdə davayam.
Pis gözü, pis nəzəri,
Üstünüzdən azayam.
Bəs ÜZƏRLİK nə vaxt yığılır?...
Bəzən bazarlarda qarşısında kisə-kisə üzərlik satan satıcılar görürük. Düşünürsən ki, görəsən bu qədər üzərliyi haradan alıblar? Axı üzərliyin yetişmə yerinə gedib çıxmaq bir işdirsə, onu vaxtında dərmək isə əsas işdir. Bu “üzərlik qanunlarını” kimdir belə həyata keçirib, onu kisə-kisə yığıb satışa çıxarıb? Sanki toxumun səpib yetişdirib bu qədər məhsul əldə edib, sonra satışa çıxarıblar.
Üzərliyin toplanması ilə bağlı çox maraqlı bir məqam da var. Bu barədə də Sədaqət nənədən dinləmişdim. O, deyirdi ki, üzərliyi xoruz səsi çatmayan yerlərdən yığmaq lazımdır. İnanclara görə, xoruz səsi eşitməyən üzərlik bədnəzərə qarşı daha çox təsirli olur. Onu yığan zaman kökünün dibinə bir muncuq, ya da düymə atıb sonra yığılmalıdır. Bu da inanca görə, onun gələn il də bitməsi, necə deyərlər, bar verməsi ilə əlaqədardır.
Hətta üzərliyin yığılma saatı da var. Belə ki, üzərlik sübh çağı yağılmalıdır. Günəş bir az üfüqdən boylandısa, deməli, üzərliyi dərmək olmaz Çünki sübh namazı da “o baş” deyilən zaman qılınır. Elə üzərlik öz müqəddəsliyini də, dərilmə vaxtını da buradan alıb. Həm də xalqımız ən xeyirli işləri, əkin-biçinin təməlini, təndir salıb çörək bişirməyi, heyvan növbəsinə getməyi də zaman-zaman həmişə sübh çağına salıb. Çünki sübh çağı görülən işin faydası çox olar deyib ata-babalarımız.
Beləliklə, üzərlik min dərdin dərmanı olmaqla, həm də min bəd nəzərin geri qaytarılmasına xidmət edən bitkidir. Odur ki, ona batil inanc kimi deyil, Tanrının bəndələrinə göndərdiyi bir nemət kimi baxmaq daha doğru olar.
Mətanət Məmmədova