Sosial

  • 2 257

Zəfər seçkisi MÖVQE

image

Yazıçının düşüncələri dəftərindən

2024-cü il. Azərbaycan xalqı parlaq ədalətli, qürurverici və əzəmətli Prezident seçkilərinə doğru addımlayır. Bu seçki Azərbaycan tarixində ən böyük bir tarixi hadisədir. Ona görə ki, bu seçkidən əvvəl xalqla həmrəy olan, onun arzularını həyata keçirilməsi üçün gecə-gündüz çalışan, ölkənin Qarabağ dərdinə köklü əncam çəkən, bir Prezidentlə seçkilərə gedirik! 1805-ci ildən üzübəri Azərbaycanın Qarabağ ellərində bir qara yara kimi kök salmış erməni nankörları ən qüdrətli təbib əli ilə birdəfəlik kəsilib atıldı və dəmir yumruğu ilə “utilizasiya” olundu.

Uzun illərdən bəri heç bir azərbaycanlının ayağı belə dəyə bilməyən Şuşada, Xankəndidə qələbə paradı keçirən Prezidentlə seçkilərə gedirik. Azərbaycan xalqının ürəyində, mənəviyyatında, ruhunda gəzən və orada özünə böyük heykəl ucaldan bir Prezidentlə seçkilərə gedirik. Azərbaycan Hərb tarixində Nadir şah Əfşardan sonra (1736) xarici təcavüzkarlara qarşı aparılan inadlı mübarizə və ən böyük qələbə məhz İlham Əliyevə məxsusdur.

Zəfər paradı, Zəfər bayramı, Zəfər seçkisi məhz İlham Əliyevə məxsusdur.

Uzun illərin ciddi mübarizəsindən sonra Xankəndi və onun ətraf rayonları hesabına yaradılan ikinci erməni dövlətinin ləğvi asan başa gəlmədi...

Dünyanın bir sıra böyük dövlətlərinin dəstəklədiyi bu qondarma “Artsax” adlı dövlətçik 30 il Azərbaycan torpaqlarının istismarı, sərvətlərinin Ermənistana daşınması, Azərbaycan xalqının əsəblərinin gərginləşməsi ilə məşğul oldu. Bu qələbənin əsası hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Bu strateji platformanın uğurla həyata keçirilməsi isə İlham Əliyevə nəsib oldu. Azərbaycan Respublikasının iqtisadi inkişafının əsası ulu öndər Heydər Əliyevin bağladığı neft kontraktları oldu. O zamanlar nəinki dənizdə heç quruda belə neft çıxarmaq üçün büdcədə vəsait yox idi. Xarici sərmayədarların hesabına dənizin dərinliklərindən neft, qaz çıxarmaq ölkənin iqtisadiyyatın inkişafına çox böyük təkan verdi. Eyni zamanda, ordu quruculuğuna, yeni hərbi texnika və hərbi sursatların alınmasına böyük stimul yaratdı. Güclü ordunun arxasında həmişə güclü iqtisadiyyat dayanır. Elə həmin vaxtı Ulu Öndər belə bir maraqlı kəlam demişdi: “Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir və iqtisadiyyatı güclü olan xalqı məğlub etmək olmaz”.

Böyük dövlətlərin - Rusiya, ABŞ və Fransanın yaratdığı ATƏT-in MİNSK qrupu çərçivəsində öz həllini tapa bilməyən Qarabağ səddini ən böyük qəhrəman, Dəmir yumruq sahibi Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə müzəffər Azərbaycan ordusu tərəfindən yarıldı.

Bu münaqişənin həlli əlbəttə, Azərbaycan dövlətinə çox baha başa gəldi. Qələbə naminə milyardlarla pul hesabına ən müasir silahlar alındı, ordu müasir səviyyədə formalaşdırıldı. Minlərlə şəhidimiz hesabına təcavüzkar erməni qüvvələri yerlə yeksan oldu. Artıq dövlət başçısının xarici siyasətindəki uğurlar daxili və xarici müxaliflər tərəfindən də aşkarda bəyənildi və onları susdurdu. Əlbəttə, ölkənin apardığı müharibə şəraitindən və gərgin xarici amillərlə mübarizə vəziyyətindən istifadə edərək, ölkə daxilində bir sıra nöqsanlara yol verən harınlamış məmurların günahı ucbatından bir sıra məsələlər xalq arasında haqlı narazılığa səbəb olmuşdur.

Məsələn: - Vətəndaş şikayətlərinə vaxtlı-vaxtında baxılmaması.

-Süründürməçiliyə yol verilməsi.

-Bir sıra məmurların qəbuluna əhalinin düşə bilməməsi.

-Uzun illərdən bəri bələdiyyələrin verdiyi sənədlər əsasında tikilən evlərə çıxarışların verilməməsi.

-Bəzi Hüquq mühafizə orqanlarının öz vəzifələrini düzgün icra etməməsi.

-Uşaq pulu məsələsi.

-Ədalətli pensiya təminatının olmaması.

-Əlillərin hüquqlarının bir mərkəzdən qorunmaması və şikayətlərinin vaxtında həll olunmaması.

... Bu kimi ciddi məsələlər və bir sıra narazılıqlara səbəb olmuş və əli hər yerdən üzülən müxalif qüvvələrə ip ucu vermişdir.

Əlbəttə, bu yönümdə bir sıra işlər görülsə də davam etdirilməlidir.

ASAN xidmət, DOST Mərkəzinin yaradılması çox böyük rəğbətlə qarşılanmışdır. Bir sıra məsələlərdə ümidvaram ki, qısa müddətdə həllini tapacaq. Maaşlar və pensiyalar artırılacaq, qaz, işıq limiti ləğv olacaq və müstəqil məhkəmə sistemi yaradılacaq.

Onsuzda böyük amallarla yaşayan xalqımız ölkəmizin dinamik inkişafını və yeniliklərini yaxşı görür. Ən çətin günlər artıq arxada qalıb.

Qarabağ atı üstündə qürurla irəliləyən dövlətimizin başçısı seçkidən sonra inanıram ki, ölkə daxilində islahatlarla bağlı çox ciddi göstərişlər verəcək.

Xarici qüvvələrdən dəstək alan bir sırra müxaliflər və cibində YAP-ın biletini gəzdirən, xalqı adam yerinə qoymayan, xalqa yuxarıdan aşağı baxan kiçik “hökmdarlar” sülaləsi coşqun axan çay üzərində yaranan köpük kimi kənara tullanacaq.

Azərbaycan xalqının bu günü və gələcəyi İlham Əliyevə bağlıdır. Azərbaycan xalqını İlham Əliyev qatarı ilə irəliyə doğru iri addımlarla, böyük coşğu ilə “Zəfər seçkisinə” dəvət edirəm.

Çətinliyə sinə gərib yol açan,

Bu torpağa, bu millətə qol açan,

Hər fəsildə ürəyində gül açan,

Millətimin qeyrətinə səs verin.

Ayağı dəyən yer gülüstan olur!

Səhralar göyərib bağ-bostan olur!

Hər sözü-söhbəti bir dastan olur!

Yaradanın qüdrətinə səs verin!

Zəfərlərlə yola salır illəri,

İnsanlara bəxş edir xoş günləri,

Hər addımı düşündürür elləri!

Xalqımızın şöhrətinə səs verin!

İldən-ilə zirvələrə ucalan,

Üfüqlərdən günəş kimi boylanan,

Dəmir yumruğuyla zəfərlər çalan

Milyonların vəhdətinə səs verin !!!!

Nəriman OCAQLI,

yazıçı- jurnalist

Qızıl qələm mükafatçısı

Digər xəbərlər