Sosial

  • 2 190

Qoy ahıllıq ömrün hamar yolu olsun...

image

Ömür suya bənzər. Axar, gedər. Yolu hamar, maneəsiz olanda, su öz yatağından on illərlə həzin-həzin, sakit-sakit axıb getdiyi kimi, insan ömrü də belədir, yolunu tapdısa, bu yolda keşməkeşlərlə rastlaşmadısa, ötər, gedər: sakit-sakit, həzin-həzin. Və yaxud, su axarkən qarşıdakı məneə onu ətrafa dağıtdığı, daşa, qayaya çırpdığı kimi, ömür yolunun da keçilməzliyi onu bəzən yarıda qoyur, nakam insan taleyinə çevirir. Elə bu cəhətlərdən də su yolu ilə insan ömrünü bir-birinə oxşadırıq. Maneələrlə rastlaşan su yolunun “ömrü” qədər qısa da, özünə yol tapan su yolu qədər uzunömürlü də olur insan ömrü.

İkinci kimi olanda insan ömrünün ahıllıq çağına çata bilir. O çağ ki, ömrün ən hamar, ipək çağıdır. İnsanın həyatın hər üzünü görüb, onun keşməkeşlərindən döyüşə-döyüşə, qələbə ilə çıxıb, mənasını tamamilə anladığı bir yoldur ahıllıq...

Bu yol dünənin gənc oğlanının baba, gənc qızının nənə dövrüdür. Hələ nəticələr, kötücələr də var bu yolda. Bu dövr ipək nənələrin nağıl dövrüdür. Ağsaqqal, pirani babaların nəvə-nəticə ilə vaxt keçirmək, onlarla birlikdə bağ-bostanda çalışmaq, park-xiyabanlarda gəzmək, balacaların saysız sualını cavablandırmaq, dünyanın gərdişini nəvələrə öyrətmək dövrüdür.

Ahıllıq həm də sınaq dövrüdür

Ahıllıq həm də həyatın ən kövrək anıdır. Nədənsə insan yaşlananda, kövrək olur. Qəlbinə hər şey tez toxunur. Elə buna görə də ahıllıq eyni zamanda bir sınaq dövrüdür. Xeyr, ahılların deyil, övladlarının sınaq dövrüdür. Ahıllıq çağı övladları sınayır. Kim valideyninə sahib çıxır, həyatını bəxş etdiyi, zəhmət çəkərək böyüdüb ərsəyə çatdırdığı, yuxusuz gecələrini verdiyi övladların hansı valideyninin ahıllıq çağının sahibidir, bax bunu məhz həmin dövr göstərir.

İnsan yaşlandıqca, bir evin işığına, nuruna çevrilir. Lakin bu nurun da qayğıya ehtiyacı olur. Övladlar onu, necə deyərlər, ovcunun içərisində saxladıqca, onlar bu qayğını gördükcə, ömürlərinin yeni baharlarını yaşayırmış kimi sanırlar özlərini. Ailəyə işıq saçırlar. Hər kəsi başlarına toplayır, bir evə ağsaqqallıq, ağbirçəklik edirlər. Böyük olan yerdə Allah vardır, deyiminə əsasən belə evlərdə bar-bərəkət də olur. Böyüyün, kiçiyin yeri bilinir. Hər iş öz nizamı, axarı ilə gedir.

Lakin övladlar da var ki, valideyni qocaldıqca, artıq ona yük kimi gəlir. Axı onlar əvvəlki kimi işləmir, qazanc gətirmir, ev, həyət-baca işlərində əvvəlki qədər onlara kömək göstərə bilmirlər. Bu səbəbdən də belə övladlar öz ahıl valideynlərinə sahib çıxmır, onları tək qoyur, ayrı yaşamağı seçir, əksər halda isə ahıllar evinə yola salırlar.

Uzun illər yaşadığım Şahbuz rayonunda da belə bir ahıllar evi var idi. Tez-tez yolumu oradan salır, buradakı ahıllarla söhbətləşirdim. Hər biri Azərbaycanın bir bölgəsindən idi onların. Kiminin heç kəsi yox idi, ona görə ahıllar evinə pənah gətirmişdi. Kimi isə övladı tərəfindən atılmış, bu səbəbdən dövlətin himayəsinə sığınmaq məcburiyyətində qalmışdı. Onlarla söhbət etdikcə, üzlərindəki illərin açdığı qırışlardan və xüsusilə də əllərindən-zəhmətin bütün çalarları çökmüş əllərindən, bir də yollara dikilən gözlərindən gözümü çəkə bilmirdim. Axı bu əllər bir zamanlar övlad başı sığallamışdı, onun hər bir qayğısının zəhmətini çəkmişdi. Axı bu gözlər gecə səhərədək beşik başında yuxuya həsrət qalmışdı. Axı üzlərdəki bu qırışların hər biri ötən illərin qayğılarının inikası idi...

Bəs haradadır övladlar?..

Ahıllar evindəki ahılları hə zaman pəncərə önündə görmək olurdu. Onlar sanki bu pəncərələrdə kiminsə yolunu gözləyirdi. Gözləri daim yol çəkirdi. Yəqin vicdanı nə vaxtsa narahat olacaq övladlarını gözləyirdilər.

Lakin onlar gəlmək bilmirdi. Başları harada qarışmışdı, nə işlə məşğul idilərsə, yadlarına ata-anaları əsla düşmürdü. Ahıllar vardı ki, bir dəfə də onlarla maraqlanan olmurdu. Bəzən uzaq qohumlardan onları görməyə gələn olurdu, lakin öz övladlarından səs-səmir gəlmirdi...

Odur ki, pəncərə önündə gözləri yolda qalırdı onların... Ahılları belə görəndə adamın ürəyi parça-parça olurdu. Bir anlığa həmin övladları axtarmaq, tapmaq və belə bir sual vermək istəyirdim: haradasınız? Nə üçün bircə dəfə də olsun, yadınıza ata-ananız düşmür. Məgər onları unutmaq belə asandımı?

Və hər dəfə düşünürdüm ki, belə övladlar həyatda xoşbəxt ola bilməz. Bir evin çırağı olan ata-anasını ahıllar evinə atan, ondan illərlə xəbər almayan övladın evində işıq yana bilməz. Çünki evlərimizin işığı da, nuru da valideynlərimizdir. Onlar yaşlaşdıqca, bu nur daha da artır. Onun şöləsi ətrafa daha da çox yayılır. Hər kəs bu işığa gəlir. Övladlar, sonra nəvələr, daha sonra nəticələr, kötücələr və sair...

Bəs o işıq yoxdursa, o evdə necə yaşamaq olar? Bu nur həm işıq, həm də istilikdir. Bir evdə ki, istilik yoxdur, orada rahatlıq olarmı?

Onlar heç kimə yük deyillər...

Onlar yaşlaşdıqca, xəstələnə, sağlamlıq imkanlarını itirə bilirlər. Bundan xoflanan, valideyninin ona yük olacağını fikirləşən övladlar olur. Lakin dərindən düşünəndə, onlar əsla yük deyillər. Bu, həyatın gedişatıdır. Dünən sən onların qolları üstündə idin, bu gün onlar sənin nəvazişində olmalıdır. Və sabah da sən bu gün qayğısını çəkdiklərindən qayğı görmək istəyəcəksən. Bax, budur həyat.

Lap belə deyək, dünənədək sən onlara necə yük ola bilirdinsə, onlar da sənin yükün ola bilərlər. Bu yükü çəkmək isə sənin borcundur, övlad. Bu yük yuxusuz gecələrdən, ağzının ən şirin tikəsini sənin ağzına qoymaqdan, səhərdən axşamadək çalışıb sənin istəklərini yerinə yetirməkdən, bir qarın ac, bir qarın tox yalnız sənin qarnının tox olmasını düşünməkdən, min bir çətinliklə sənə təhsil verməkdən, toy etməkdən ağır ola bilməz. Odur ki, et ki, sənə də sabah edən olsun.

Onlar heç kimə yük deyillər. Sağlamlıq imkanları, fiziki gücləri azalsa da, maddi vəziyyətləri yerindədir. Çünki dövlətdən məvacib-pensiya alırlar. Bəzən bu pensiyanın dörddə biri onların özlərinə sərf olunmur. Övladlar var ki, öz ailəsinin qayğılarını bu vəsaitlə qarşılayır. Və bu vəsaitin sahibinə isə yeri gələndə səsini qaldırır.

Övladlar var ki, məhz bu pensiyaya görə valideynlərinin yanında qalır. Yoxsa, onları çoxdan tərk etmiş olardı. Gündəlik siqareti də onların pensiyası ilə alır. Lakin ahıl ata-ananın ürəyi alma istəyir, onlara aylarla bu meyvədən bir kiloqram alan oğul-qız olmur.

Onlar isə susurlar. Bu qayğısızlığa səslərini belə çıxarmırlar. Sanki nədənsə qorxur, susurlar. Bəlkə də evdə söz-söhbət yaranmaması üçün susurlar. Bəlkə də atılmış valideynlər gözləri önünə gəlir, buna görə susurlar. Yaşdaşlarının başına gələnlər gözlərini qorxudur ahılların. Axı onların əvvəlki tək gücü, necə deyərlər “əli-ayağı” yoxdur. Onların qayğıya ehtiyacı var. Məhz bu qayğı kəsir qarşılarını. Bəzi övladlar nə sitəm etsə də, ahıllarımız susur, buna dözürlər.

Ahıllarla övladları aradında bircə qalır vicdan. Vicdan varsa, övlad insanlıqdan öz nəsibini almışsa, valideyninin ahıl çağında ona sahib çıxır. Ona özünə göstərilən qayğını göstərir. Yox, əgər vəziyyət əksinədirsə, yuxarıda dediyim kimi, ata-analarımız ahıl çağında həyatın məşəqqətləri ilə qarşılaşır. Lakin susur, susurlar...

Dövlətimizin ahıl vətəndaşları

“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar. 2023-cü ilin əvvəlinin statistikasına görə, Azərbaycanda ahıl vətəndaşların sayı 460 minə yaxındır.

Ümummilli Lider Heydər Əliyev tərəfindən ahıl insanlara, onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilib. Bunun nəticəsi kimi, hələ 1993-cü ildən ölkəmizdə də hər il Beynəlxalq Ahıllar Günü yüksək səviyyədə qeyd olunmaqla, bu kateqoriyadan olan vətəndaşların təminatlarının artırılması üçün ardıcıl işlər aparılıb.

Ötən 20 ildən artıq dövrdə isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət ahıl insanlarımızın etibarlı sosial müdafiəsinə yönələn tədbirlərin ildən-ilə daha da genişlənməsinə imkan verib. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” və digər sənədlər nəticəsində ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımlar atılıb.

Dövlətimiz hər bir vətəndaşı kimi, ahılların da sahibidir. Onların rifah halı üçün nə lazımdırsa, edib və etməkdədir.

***

Evlərimizdən isə qoy ağsaqqal, ağbirçəklərimiz əskik olmasın. Hər zaman onların işığı, nuru yollumuza aydınlıq gətirin, xeyir-duası həyatımızı istiqamətləndirsin.

Onlar bizim dəyərlilərimizdir. Gəlin bu dəyərin dəyərini verə bilək. Çünki bu, həm də bizim borcumuz. Qoy ahıllıq ömrün hamar yolu olsun. Bu yolda yaşıötmüşlər problemsiz addımlasınlar.

Bayramınız mübarək, əziz ahıllar. Siz evlərimiz kimi, həyatın da yaraşığısınız.

Mətanət Məmmədova

Digər xəbərlər