Sosial

  • 6 446

Uşaqların xərçənglə mübarizəsi: qalib kim olacaq?

image

15 fevral uşaq yaşında xərçənglə tanış olanların günüdür

Uşaqlar və xəstəlik... Həm alışdığımız, həm də alışmadığımız vəziyyətdir. Həm eynilik, həm də təzaddır, deyilmi? Uşaqlar böyümə ərəfəsində xəstələnirlər, sağalırlar, yenə xəstələnirlər, yenə sağalırlar. Amma bu xəstəliklər zökəm, soyuqdəymə, lap qızılca, suçiçəyi olarsa alışılan vəziyyətdir. Zaman bizi istəmədiyimiz bir xəstəliyə də alışdırdı. Saf, tərtəmiz bədənləri amansız xəstəliyə yoluxan uşaqların xəstəliyi – xərçəng...

Dünyada hər il təxminən 300 min uşağa xərçəng diaqnozu qoyulur və 80 min uşaq xərçəng səbəbindən ölür. 15 fevral - Uşaq Dövrünün Xərçəngi haqqında məlumatlılığı artırmaq üçün “Ümumdünya Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü” kimi qeyd olunub. Ölkəmizdə hər il orta hesabla 170-200 uşağa xərçəng diaqnozu qoyulur.

Xərçəng, bədənin hər hansı bir yerində hüceyrələrin nəzarətsiz və sürətlə çoxalmasıdır. Yetkin insandan fərqli olaraq, embrion tipli xərçənglərə uşaqlarda daha çox rast gəlinir. Uşaq xərçəngi diaqnozu qoyulmuş halların təxminən 5%-də irsi səbəblər göstərilə bilər. Bu irsi xəstəliklərə Daun sindromu, neyrofibromatoz, vərəmli skleroz, xromosom qırılma sindromları, hemihipertrofiya daxildir. Ancaq uşaq dövrünün xərçənglərinin əksəriyyətinin səbəbini müəyyən etmək mümkün deyil. Buna görə də uşaq xərçəngi üçün skrininq proqramı yoxdur.

Qan xərçəngi olaraq bilinən leykemiya uşaqlıqda ən çox rast gəlinən qan xərçəngidir. Xərçənglərin 70%-i bərk şişlər, o cümlədən beyin şişləri, limfa düyünləri xərçəngləri, neyroblastoma, yəni böyrəküstü vəzinin şişi, Wilms şişi, yəni böyrək şişi, hepatoblastoma, yəni qaraciyər şişi, osteosarkoma yəni sümük şişi, Ewing sarkoması, yəni əzələ şişi, rabdomiyosarkoma, yəni yumşaq toxuma şişi, retinoblastoma isə göz şişi kimi müəyyən edilir. Uşaq dövrünün xərçəngi hər yaşda baş qaldıra bilsə də, embrion xərçəngi, xüsusilə, uşaqların ilk beş yaşında daha çox rast gəlinir.

Uşaqlıq çağı xərçənglərində xərçəngin alt tipinə görə dərman müalicəsi, yəni kimyaterapiya, şüa terapiyası, yəni radioterapiya, cərrahi müalicələr, kök hüceyrə transplantasiyası və bunların müxtəlif kombinasiyalarından istifadə edilir. Son illərdə dünyada, erkən diaqnoz, habelə diaqnostika-müalicə və dəstəkləyici müalicələrdə əldə edilmiş irəliləyişlərlə, bərk şişlərdə sağalma nisbətləri 70%-ə qədər çata bilib. Bu uğurlu nəticələrə nail olmaq üçün vacib addımlardan biri də uşaqlıq xərçəngləri haqqında məlumatlılığın artırılması yolu ilə erkən diaqnozun təmin edilməsidir.

Səbəbsiz arıqlamaq, sümük ağrısı, gəzinti zamanı tez yorulmaq, halsızlıq, zəiflik, yorğunluq, anemiya, tez-tez baş verən infeksiyalı xəstəliklər, sağalmayan yaralar, yüngül zədə alan zaman bədənin tez göyərməsi, qarın şişməsi, bədənin hər hansı bir yerində hiss edilən şişlik xərçəngin əlaməti ola bilər. Boyun, qoltuqaltı və qasıq nahiyəsində əl ilə hiss olunan şişkinlik, xüsusilə səhər saatlarında qusma ilə müşayiət olunan şiddətli baş ağrısı, dərslərə marağın və diqqətin azalması, yerişində dəyişiklik, gözlərdə qoşa görmə, balans və fokuslanmada pozuqluq da xərçəng xəstəliyinin xəbərçisi ola bilər.

Doğrudur, bu sadalananlar digər xəstəliklərin də əlaməti ola bilər. Ancaq bu simptomlar varsa, bir həkim tərəfindən müayinə olunması və xərçəng xəstəliyinin olub-olmaması dəqiqliklə yoxlanmalıdır.

Xərçəng yoluxucu xəstəlik deyil. Ancaq həm xəstəliyin özü, həm də tətbiq edilən müalicələr immunitet sisteminə təsir etdiyi üçün xəstələr infeksiyalara daha çox meyilli olurlar.

Uşaqlıq dövrünün xərçəngindən qorunmağın qəti yolu yoxdur. Ancaq uşaqlarımızı xərçəngdən qorumaq üçün şərtlər var. Yaxşı qidalanma, qablaşdırılmış hazır qidaların, fast-foodların istehlakını azaltmaq, infeksiyalardan qorunmaq, immunitet sistemini gücləndirmək, kimyəvi kanserogenlərdən uzaq olmaq, radiasiyadan qorunmaq, günəş işığına həddindən artıq məruz qalmamaq, günəşdən qoruyucu vasitələrdən istifadə etmək kimi tədbirlər görülə bilər. Bütün uşaqların mütəmadi olaraq tibbi müayinədən keçməsi vacibdir. Uşaqlıq çağında aşkarlanan xərçənglər bu gün yüksək müalicə uğuru olan xəstəliklərdir. Erkən diaqnozla bu uğur daha da artır.

Ümumiyyətlə, xərçəngli uşaqların müalicəsində hər gün yeni bir ümid işığı yanır. Erkən diaqnozun vacib olduğu xərçəng xəstəliyində hər xəstəlikdə olduğu kimi, müalicənin uğurla nəticələnmə nisbətini artırmaq üçün vaxtında müdaxilə vacibdir. Son 50 ildə uşaqlıq xərçənginin müalicəsində dünyada sözün yaxşı mənasında inqilab oldu. 1960-cı ilə qədər 20%-dən aşağı olan sağalma nisbəti indi 85%-ə çatıb. Lakin bu uğuru əldə etmək üçün xəstələrin “doğru zamanda, doğru yerdə və düzgün müalicə”yə əllərinin çatması şərtdir. Qeyri-adekvat şərait, maddi imkanlar və zəif səhiyyə sistemi olan ölkələrdə bu xəstəlik hələ də təhlükəli olmaqda davam edir. Əslində, bugünkü tibbi texnologiya ilə uşaqlıq dövrü xərçənglərinin 85%-ə qədəri müalicə effekti versə də, dünya üzrə orta göstərici 50% olaraq qalır. Qərbi Avropa və Şimali Amerikada 80% həddi aşıldığı halda, hələ də müalicənin müsbət nəticələnməsini 10-20% təşkil edən olduğu ölkələr var. Doğru yerdə düzgün müalicə ala bilən xəstələr üçün bu rəqəm daha da yüksələ bilər.

Azərbaycanda 2012- ci ildə Milli Onkologiya Mərkəzinin nəzdində regionda birinci olan Uşaq Onkoloji Klinikası açılıb. Uşaq Onkoloji Mərkəzində kompleks mülicənin bütün növləri icra edilir-kimyəvi terapiya, şüa terapiyası, cərrahi müalicə, immunoterapiya və s. Korpusda uşaq cərrahiyyə, uşaq kimyaterapiya, uşaq şüa terapiya və uşaq reanimasiya vıə anesteziologiya şöbələri fəaliyyət göstərir.

Məlumat üçün qeyd edək ki, ölkəmizdə “Mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində onkoloji xəstələrin qeydiyyatı və uçotu Qaydası”nın təsdiq edilməsi haqqında və “Onkoloji xəstələrə göstərilməli olan tibbi yardımın həcmi vəkeyfiyyət standartları”nın təsdiq edilməsi haqqında qanunlaq qəbul edilib. Lakin onkoloji xəstəliyin müalicəsi olduqca böyük rəqəmlər tələb edir. Transplantasiya, radio və kimya terapiyalar üçün tələb olunan vəsait bir çox ailə üçün əlçatan deyil. Bu səbəbdən də onkoloji xəstəliklərin sığorta paketinə daxil edilməsi şərtdir.

Ötən ilin sonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bunun müzakirə edildiyini, Səhiyyə Nazirliyi və aidiyyəti qurumlarla onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində olması üçün bir neçə görüşlər keçirildiyini bildirmişdi. Açıqlamada bu istiqamətdə hesablamalar aparıldığı, xarici ölkələrdən bu işə mütəxəssislər cəlb edildiyi bildirilirdi. Agentlik rəhbəri məsələ ilə əlaqədar ötən ilin sonuna qədər müəyyən hesablama və nəticə olacağını desə də, bir nəticə elan edilmədi. Lakin onun sözlərindən belə qənaətə gəlmək olardı ki, bütün növ onkoloji xəstəliklər yox, bir neçəsi sığorta paketinə daxil edilə bilər ki, bunlardan biri də süd vəzisi xərçəngidir. Uşaqlıq dövrünün xərçəng xəstəliklərinin sığorta paketinə daxil edilib-edilməyəcəyi ilə bağlı heç nə qeyd edilmədi.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər