Sosial

  • 4 467

Ünvanlı dövlət sosial yardımı necə tətbiq olunur? - HÜQUQŞÜNAS AÇIQLADI

image

"Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.Vəkil bildirib ki, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə aztəminatlı ailə hesab olunur: "Ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.
Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.Ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisidir. Ailənin son bir il ərzində əldə etdiyi gəlirinin 12 aya bölünməsi yolu ilə tapılır. Ailənin gəlirləri dedikdə ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu başa düşülür. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində müəyyən edilmişdir. Ünvanlı dövlət sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin səbəblərə daxildir:
ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin verdiyi ailə tərkibi haqqında arayış əsasında notariat orqanı tərəfindən təsdiq edilmiş ərizə ilə sosial yardımın alınması üçün müraciət edə bilər."Bununla əlaqədar olaraq, təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətindən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq “Ünvanlı yardım” (VEMTAS) altsisteminə göndərir.Həmin Qaydaların 3.1-ci bəndinə uyğun olaraq sosial yardımın alınması ilə bağlı edilmiş müraciətlər VEMTAS tərəfindən araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar çıxarıldığı hallarda isə imtinanın səbəbi göstərilməklə bu barədə VEMTAS tərəfindən Qaydaların 3.8-ci bəndinə əsasən “Ərizə-bəyannamə”də qeyd edilmiş əks əlaqə vasitəsinə məlumat göndərilir.Ünvanlı dövlət sosial yardımının təyin edilməsi hüququna baxılması üçün vətəndaşlar elektron qaydada www.sosial.gov.az və www.e-gov.az internet portalları vasitəsi ilə müraciət edə bilərlər.
Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur.
Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir" - deyə o əlavə edib.
Müəllif: Söylü Ağazadə

Digər xəbərlər