Bir zamanlar ziyalılarımız məktəb açıb millətimizi savadlandırmaq fikrinə düşəndə bu yolda nə əziyyətlər çəkdilər, bilməyən yoxdur. Həm də o vaxt dərd tək məktəbin yer dərdi deyildi ki, indiki repetitorlar kimi evinin bir otağında stol-stulları düzüb dərs keçərdilər. Bunun icazəsi vardı, çarı, mülkədarı, nə bilim nələri vardı. Hələ molla məktəbləri də vardı ki, cahil insanlar uşaqlarını yalnız həmin məktəblərdə oxutdurmaq istəyirdilər. Daha doğrusu, təkcə o məktəbləri məktəb hesab edirdilər. Ziyalılarımızın açacağı məktəbləri şeytan yuvası adlandırırdılar. Onların təklif etdiyi məktəbləri övladlarını doğru yoldan sapdırmaq kimi düşünürdülər.
Hə, məktəb açmağın belə çətinlikləri vardı. Maarifpərvər ziyalılarımız birinci maarif toxumunu səpdilər. Yazıq toxum, nə edərdi, gərək cücərməsi üçün münbit yer ola axı. Çox çətinliklə, illə sonra ordan-burdan cücərməyə başladı. Sonra da ki, icazə məsələsi. Bizim o fədakar ziyalılarımız da dəridən-qabıqdan çıxırdılar ki, nəyin bahasına olursa olsun, məktəblər açılsın, millət maarif, elm görsün. Bunun üçün həbslər görmədilər, söyülmədilər, təhqir olunmadılar, kənddən-kəsəkdən qovulmadılar? Başlarına gəlməyən oyun qaldımı məgər?
Nəhayət ki, bir-iki məktəb açdıra bildilər. Bu dəfə də qaldılar dini əsla doğru anlamayanların, ondan öz istəyi kimi istifadə edənlərin əlində. Uşaq dedi, mən məktəbə getmək istəyirəm, ata dedi, qoymaram, Allah bizim cəzamızı verər. Yazıq ata başa düşmürdü ki, elm elə Qurani-Kərimdən gəlir. Nə isə... Bu İslamı hələ də anlamayanlar var.
Beləliklə, bizim ziyalılarımız həmin ataların üzərinə getdikcə, onlar “ay qardaş, nə istəyirsiniz, oxutmuram, əl çəkin”,- dedilər. Oğul mənimdir, mən bilərərəm, nə istəyirsiniz? Mən bilərəm, övladımı molla məktəbində oxutduraram, yoxsa sizin şeytan yuvası olan məktəbinizdə. Beləcə, çox uzun illərin mücadiləsi lazım gəldi insanların beynində elm rüşeymlərinin cücərməsinə. Amma axır ki, cücərdi. Sonda hamı uşağını məktəblərə təhsil almağa göndərdi. İndi o əsrin üzərindən neçə əsr keçib. Ziyalılarımızın o zəhmətinin, əsrlərdir, faydasını görür bu millət.
Bəli, məktəblərin sayı-hesabı yoxdur. Hamı da uşağını göndərir məktəbə. Uşaqlar da sağ olsunlar, oxuyanı da var, oxumayanı da. Mövzum bu deyil. Yuxarıda danışdıqlarımı havayıdan söyləmirdim. Lakin indi də başqa bir bəlaya düşmüşük axı... Ölkəmizin bütün məktəblərində, şəhərlərimizdə rayonlarımızda, hətta ən ucqar kəndlərimizdə kitabxanalar fəaliyyət göstərir. Əvvəllər uşaqlı-böyüklü hamı o kitabxanaları ən sevdikləri ünvana çevirmişdilər. Kitab qalmırdı, daşıyıb evlərə aparır, oxuyur, qaytarır, dəyişir, bir də aparırdılar. İndi artıq həmin kitabxanaların qapısını açıb içəri girən yoxdur. Kitabxanalarda da ki, tapa bilməyəcəyin ədəbiyyat, kitab yoxdur. Dövlətimiz tərəfindən kitabxanalara latın qrafikası ilə minlərlə kitab hədiyyə olunub, istifadə üçün hər cür şərait yaradılıb. Gözəl, işıqlı oxu zalları, hərtərəfli şəraiti olan kitabxanalarımız var. Bu kitabxanalarda milyonlarla kitab oxucu yolunu gözləyir. Lakin o qapılar açılırmı?
Bir vaxtlar məktəblərimiz üçün “Oxutmuram, əl çəkin” sözlərini eşidirdik, indi isə sanki bütün kitabxanalardan oxucuların səsi gəlir: ”Oxumuram, əl çəkin”. Çox düşündüm, çox daşındım, bir çarə tapa bilmədim ki, görəsən nə edə bilərik ki, insanları internet, telefon, kompyuter başından ayırıb bu kitabxanalara dəvət edə bilək? Elə ona görə də bir vaxtlar məktəb qapılarını aça bilən ziyalılarımızı xatırladım. Bax bizə onlar kimi ziyalılar lazımdır ki, bəlkə bu kitabxanaların da qapılarını açmağı bacaralar.
Qaldı oxucuya, axı niyə gözlərini kitabdan ötrü kor eləsin ki? Onsuz da indi əksəriyyətin gözlərini internet xarab edib də, durub bir də kitab vərəqləyəcəklər? İnternetdə, sosial şəbəkələrdə bir-birindən maraqlı xəbərlər, xüsusilə də şou xəbərlər var. Mən də kitab oxumaqdan danışıram. İndi yenə oxucular mənə geridə qalmış deyəcəklər, mən də ki, inciyəcəm. İnciyəcəm, ya yox? Nə isə... Deyəcəklər ki, sən bizdən nə istəyirsən, bir sözü neçə dəfə demək olar, oxumuruq da, əl çək!
Mətanət Məmmədova