Bu, lap çoxdankı arzumdur, Xəzərin sahilində gəzmək istərəm. O sahildə ki, Xəzərin suları ilə aramda hər hansı bir hasar, maneə olmasın. Kilometrlərlə uzansın bu sahil. Xəzərlə məni heç nə ayırmasın. Mən Xəzəri görüm, onun dalğalarını hiss edim. Sularının sahilə çırpılmasına tamaşa edim. Suların sahili yumasını, özütək pak etməyə mücadiləsini görmək istərəm...
Nə qədər axtarıram, bu sahili tapa bilmirəm. Hara gedirəmsə, Xəzərlə aramda bir sədd, bir maneə var... Bəzən beton lövhələr, bəzən dəmir barmaqlıqlar... Sanki Xəzər cinayət törətmiş, dəmir barmaqlıqlar arasına salınmışdır. Sanki Xəzər o qədər qorxuncdur ki, beton lövhələrlə qarşısı alınmış, insanlara təhlükə yaratmaması üçün ciddi tədbir görülmüşdür.
Xəzər sahilində gəzmək istərəm... Onun neft qoxusu verən sularının ətrini ciyərimə çəkmək istərəm. Bizdən küsüb metrlərlə məsafədə geri çəkilən sularının ətrini...
Sahilində gəzmək, insanların heç olmasa bircə dəfə ona xoş münasibətinin şahidi olmaq istərəm. İstərəm ki, Xəzəri çirkabsız, təmiz görəm. İstərəm ki, onun qumlu sahillərində-çimərlikləri zəbt edən onlarla obyektlərin tək bir gün o sahilləri tərk etdiyini görə biləm. Xəzərin əsl bir dəniz olduğunu, sahillərinin özünə və hər kəsə eyni dərəcədə məxsus olduğunu bircə dəfə görmək istəyirəm...
Görmək istəyərəm ki, hər kəs bu geniş və gözəl sahildə xoşbəxtcəsinə gəzişir. Uşaqların əlindən tutmuş atalar, analar, babalar, nənələr... Yaşlı insanlar... Xəzərin əhd-peymanlığın şahidi olan dalğalarının gənc sevgililərin ayaqlarına çırpıldığını görmək istəyərəm.
Tək bircə metrlik boş Xəzər sahili görmək istəyərəm ki, insan yorğunluq hiss edəndə, hər hansı bir problemlə bağlı bağrı çatlamaq üzrə olanda ona pənah aparsın, dalğalarla, sularla dərdini bölüşə bilsin...
Dünyanın ən gözəl dənizi, Xəzər... Sərvət ətirli, qara qızıl qoxulu doğma Xəzər. Bəzən “nə var o neft qoxuyan sahillərdə”,- deyənlər də var... Lakin bunu söyləmək böyük qəbahət və günahdır. Tanrının bizə ərməğanına üz çevirməkdir.
Üç gün sonra- 12 avqust Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür. 2006-cı ilin məhz bu günündə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur. Xəzərin günündə onun açıq sahillərində gəzmək, göz yaşı kimi dumduru sularının pıçıltısını dinləmək, dalğalarının zümzüməsinə qulaq asmaq istəyərəm. Bu suların qoyun açdığı minlərlə canlının təhlükəsiz həyatını seyr etmək, onların qorxusuz, heç nədən çəkinmədən atılıb-düşməsinə tamaşa etmək istəyərəm. İstəyərəm ki, burada bircə canlı belə bizim kobudluğumuz, onlar üçün yaratdığımız təhlükələr üzərindən həyatını itirməsin. İstəmərəm ki, onun möhtəşəm, lakin biz insanların bir qarışını belə boş qoymadığımız sahilində istirahət edərkən bir ədəd butulkanı, sellofan paketi əlimizdən yerə tullamayaq. Və bu dənizə heç kim heç nə axıtmasın. Axı bu tullantılar, axıntılar mavigözlü Xəzərin büllur sularının göz yaşı rəngində olmasına əngəl yaradır. Onun dalğalarında görünən tullantılar bu gözəlliyin üzərindən xətt çəkir. Bu tullantılar Xəzərin çoxsaylı canlı aləminin məhv olmasına, onların kökünün kəsilməsinə səbəb yaradır...
Bütün bu səbəblərdən də Xəzəri tərtəmiz görmək istəyərəm. Qoy o, gözəlliyi ilə valeh etsin. Qoy ağuşuna aldığı canlıların evini tərtəmiz görsün. Axı bu Xəzərin də, onun canlılarının da haqqıdır.
Bəzən Xəzərə yaxın ərazidən avtomobillə ötəndə nə qədər boylanırsan ki, dənizi görəsən, lakin görə bilmirsən. Bax, bu dənizə yaxın yollardan Xəzəri görmək istərəm. Xəzərin qarşısını kəsən çoxsaylı binalar, obyektlər, tikililər nə üçün onu görünməyə qoymamlıdır axı? Bina tikmək üçün yer tapılmırdı məgər bu böyüklükdə şəhərdə?..
Hansından danışasan, hansını deyəsən ki, Xəzərin xilasına bir damla kömək gücündə ola bilsin?..
***
Avropa və Asiyanın kəsişməsində yerləşən, Yer kürəsinin ən böyük axmayan gölündən, dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanan, dünyanın okeana çıxışı olmayan ən böyük su hövzəsindən və dünya göl sularının 44%-ni təşkil edən Xəzərdən, bu dənizdə görmək istədiklərimdən danışdım.
Uzunluğu təqribən 1200 km, maksimal eni 466 km, minimum eni isə 204 km, sahil xəttinin uzunluğu təqribən 6380 km olan Xəzər dənizindən danışdım. Və əsas məsələ, Xəzərin 825 km-i ölkəmizin payına düşür. Bax, söhbətimin məğzi məhz elə bu 825 kilometr idi. Burada görmək istədiklərimi sadaladım. Bu qədər uzun məsafədə Xəzəri görünməz edənlərdən, sahili oğurlanan Xəzərdən söhbət açdım.
Kaş ki, nə vaxtsa Xəzərin sahillərini təmizlənmiş, əsl dəniz sahili necə olarsa, elə görə bilək. Bu dənizin özünü də, sahilini də zəbt edən insanların əslində ona nə qədər yaxınlaşa bilməsini bilincəyə qədər Xəzərdən danışmaq istərəm.
***
Hə, az qala unutmuşdum. Həm də başqa dənizlərin sahilində gəzərkən Xəzərin sahilləri daha qəribə, daha dözülməz gəlir insana. Məsələn, Qara dənizin sahillərində gəzərkən Xəzəri düşünürdüm, ona acıyır, halına kədərlənirdim. Qara dənizin əhatə etdiyi şəhərdən avtomobillə keçərkən buradan açıq-aydın görünən dənizi seyr edərkən Xəzəri daha çox düşünürdüm. Onun suları ilə mavi səmanın bir-birinə təmasını heyranlıqla izləyəndə, Xəzəri də bir gün belə izləməyi həm düşünür, həm arzulayırdım.
Qara dənizin beton maneəsiz, dəmir barmaqlıqsız sahillərində gəzərkən “Xəzərin bundan nəyi əskikdir”,- deyə düşünürdüm. Dalğaları sahilə çırpdıqca, Xəzər də dalğalı bir dənizdir, deyirdim. Lakin onun dalğalarının nə üçün sahildə bizə deyil, betonlara çırpıldığını da kədərlə düşünürdüm.
Xəzərin Qara dənizdən nəyi əskikdir ki?.. Nə üçün onun nəsibi olanlar Xəzərin də nəsibi deyil? Axı Xəzər gözəllikdə ondan geri qalmır, sərvətdə isə ondan üstündür...
Gözəl Xəzər, səndə görmək arzusunda olduqlarımı görmək diləyi ilə, salamat qal. Görmək istədiklərimizi bir gün görmək ümidi ilə...
Mətanət Məmmədova