Sosial

  • 1 280

Vəzifə, vəzifə, vəzifə... -FELYETON

image

Bir adamın neçə evi olmalıdır? Deyəcəksiniz ki, bir evi olsa, bəsdir də. Nə edəcək, adam bir evdə yaşayır da. Desək ki, iki evi olsun, onda da qayıdıb deyəcəksiniz ki, iki evi bir adam nə edir?

Yaxşı, bir adamın neçə maşını olmalıdır? Hamı bir ağızdan deyəcək ki, biri bəsdir də. İkincini kim sürəcək? Yaxşı, bununla da razıyıq. Amma gəlin bir görək, bunu deyən adam bir vəzifəyə gedəndən sonra da belə düşünəcəkmi?

***

Həsənqulu dünənədək sadə bir oğlan idı. Bir evi, bir maşını vardı. Başını salıb aşağı dolanırdı bir təhər. Bir gün Allahı gətirdi, getdi vəzifəyə. Vallah, özləri gizlədir, amma yerin də qulağı var, yerdən səs gəldi ki, bu adam durub-dayanmaq bilmir. Evdir, maşındır ki, alır, puldur ki, yığır.

Məmmədqulu da dünənədək bir evli, bir maşınlı oğlanlardan idi. Günlərin bir günü getdi vəzifəyə. Aradan bir il keçmədi, Məmmədqulunun yerişi də dəyişdi, əyni-başı da, maşını da. Evinin ətrafına bir hasar çəkdi ki, oradan ha boylan ki, görə biləsən ki, içəridə nə var. Ay gördün, ay.

Hüseynqulu lap dəyişdi ey. Vəzifə bu adamı elə elədi ki, ta qonşularla salamını da kəsdi. Vallah, yalan-doğru deyirlər, pul-pənəsini buralara etibar etmir, xarici banklarda saxlayır. Deyirlər, 10-dan çox evi var.

Nəcəfqulu arıq bir oğlan idi. Elə ki, vəzifəyə keçdi, vəzifə buna düşdü, həm də necə düşdü. Nəcəfqulu oldu 100-150 kiloqram, bəlkə də yanılıram, bundan da çox. Həm də deyirlər, adam yaman pul yığıb.

Hələ Rzaqulunu demirəm, bizim kimi sadə bir adamıydı da. İndi gəlin, baxın. Vəzifəyə getdi, həyatı dəyişdi. Evini deyək, maşınını deyək, dolanışığını deyək, hansını deyək? Pula da pul demir. Dünənədək arvad-uşağı Sədərək bazarından yığılmırdı, indi “Mall”ardan çıxmırlar.

Əşi, özləri bilər ey, yığsınlar, xərcləsinlər. Bal tutan barmaq yalayacaq da. Bunu atalar deyib, biz uşaq-muşaq deməmişik ki. Amma başqa məsələ maraqlıdır ey. Səhərdən bəri mətləbə gəlmək üçün yola çıxmışam. Şükür, deyəsən gələ bildim.

Mətləb budur ki, ay qardaş, sənə bu vəzifəni verməyiblər ey, talançılıqla məşğul olasan. Birinci ona görə veriblər ki, iş görəsən, bir işə, əmələ yarıyasan. İkinci, başqalarından fərqləndirildiyin üçün qanadların yanında dura, göylərə avaz eyləməyə.

Amma çox halda belə deyil axı. Elə ki, vəzifə başına keçildi, məqsəd dəyişir. Adam başlayır pul yığmağa. Yığır, yığır, yığır, deməli, bu pul ailəni aşır, övladı aşır, nəvələri aşır, nəticələri aşır, kötücələri aşır, yadıcaları ( yadlaşmaqda olan nəsil) da aşır, lakin adam durmur. Eşidirsən ki, milyonları mənimsəyib, lakin gözü hələ də doymayıb.

Deyirəm, haradan alım Molla Nəsrəddini, gələ bunlara bir az ağıl-huş verə. Deyə ki, ay yazıqlar, dayanın, özünüzü biabır etməyin. Gözünüz doysun, nə edirsiniz? Bu qədər yetər. Vallah, heç qədrinizi övladınız bilməyəcək. Pulunuzu elə sovuracaq göylərə ki, baxıb görəcəksiniz ki, oba köçüb, yurdu qalıb. Nəvələriniz xərcləyəcək, amma inanın, bicə dəfə sizə rəhmət oxumayacaqlar. Nəticələriniz üzünüzü görə, ya görməyə. Xərcləyib, heç sizi əsla anmayacaqlar. Qaldı kötücəyə, yadıcalara, vallah, onlardan yana bu qədər həyəcana, qorxuya dəyməz. Çünki bu pulun axır-uxuru onlara çatacaq, az olduğu üçün hələ bir kəllənizi də söyəcəklər.

Mətanət Məmmədova

Digər xəbərlər