PDF Oxu

Sosial

  • 708

Toy adətlərimiz: dünəndən bu günə nə qalıb?..

image

Toy əsrlərdən bəri xalqımızın böyük dəyər verdiyi, təntənəli şəkildə qeyd etdiyi mərasim olub. Bunun müəyyən səbəbləri var. O səbəblərdən birincisi xalqımızın möhtəşəm ailə dəyərlərinin olmasıdır. Bu dəyərlər əsrlərin süzgəcindən süzülərək formalaşıb. Formalaşdıqca da müqəddəsləşib. Biz ailəni hər zaman müqəddəs hesab etmişik. Ailənin qurulması həyatımızın unudulmaz anı olub. Valideynlər hər zaman övlad toyu görməyi arzulayıb, bu toyu taleyin ən gözəl bəxşişi hesab ediblər.

Nikaha daxil olmağı, ailə qurmağı xalqımız vacib bir əməl kimi qəbul edib. Və bu, bütün ailələrdə təlqin olunub. O dərəcəyə çatdırılıb ki, mərhələli şəkildə həyata keçirilən, vaxtı çatanda vacib sayılan məsələlərdən biri olub. Xalqın folklorunda, yazılı və şifahi ədəbiyyatında ailə dəyərlərimizi özündə əks etdirən çoxsaylı məqamlar vardır. Bu dəyərlər isə toydan başlayır. Belə isə toylarımız barədə danışaq, görək nələri unutmuşuq, nələri yaşadırıq...

Elçilik

Bugündən dünənə baxarkən toy adətlərinin bir çoxunun ixtisara salındığını, digərlərinin isə formasının dəyişdirildiyinin şahidi ola bilərik. Bunlar barədə söhbət edəcəyik. Hələlik toyaqədərki mərhələnin birincisindən danışaq. O mərhələ ki, hələ də yaşadılır. Bu, elçilikdir.

Deməli, oğlan və qız bir-birini sevir, vaxtı çatanda oğlan bu barədə anası ilə söhbət edir. Ana da bu barədə ataya danışır. Eyni zamanda qız da öz anasına ürəyini açır. Filankəslə ailə qurmaq istədiyini bildirir. Hər iki ailə araşdırmalara başlayır. Araşdırma deyəndə ki, bir soraqlaşırlar ki, görsünlər həmin ailə necə ailədir, onlarla bunların söz-söhbəti tutar, ya yox. Və yaxud da digər məsələlər var ki, onları öyrənəndən sonra toy baş tuta da bilir, tutmaya da.

Məsələn, soraqlaşma zamanı elə məsələlər ortaya çıxa bilir ki, qız anası qızına “biz onlarla qohum ola bilmərik, çəkil otur yerində”,- deyir. Elə məsələlər olur ki, oğlan anası oğluna “ biz o qapıya gedə bilmərik, ay bala, bu söhbəti bağla”, -deyir. Yüzlərlə bu cür mənzərənin şahidi olmuşuq. Lakin bundan sonra qohumluq yarana da bilir, yaranmaya da. Bu da gənclərin israrına bağlı olur. Və burada böyük nəsihəti dinləmək məqamını xüsusi olaraq vurğulamaq lazımdır, ona görə ki, sonrakı peşmançılığın da dəfələrlə şahidi olmuşuq.

Ailələrin razılığı olmayanda bəzən qız evi tərk edir və sevdiyi oğlanla gedir. Buna qızqaçırma deyirlər. Onlardan nikaha daxil olanlar da, olmayanlar da olur ki, olmayanlar gələcəkdə problemlərlə üz-üzə qalırlar. Belə ailələrdən uğurlusu da, uğursuzu da olur.

Qayıdaq söhbətimizə. Deməli, soraqlaşma müvəffəqiyyətlə bitəndən sonra ana yaxın qadın qohumları necə deyərlər, başına yığır və qızgilə tanışlığa gedir. Bu, həm də kiçik elçilik hesab olunur. Bu mərasimdə qız tərəfdən də yaxın qadın qohumlar iştirak edir. Söhbət əsnasında tərəflər bir-birilərini tanıyır, yaxınlaşırlar. Tanışlıqdan sonra böyük elçiliyin vaxtı təyin olunur.

Bu isə toyaqədərki ikinci mərhələ hesab olunur. Böyük elçiliyə kişilər qadınlarla birlikdə gedirlər. Burada əsas məqam həm kişi, həm də qadınlar arasında ağsaqqal və ağbirçəklərin mütləq olmasıdır. Yəni adətlərimizə görə xeyir işin təməlini ağsaqqal və ağbirçəklər qoymalı, xeyir-duanı onlar verməlidir. Beləliklə, 8-10, bəzənsə bundan bir qədər də çox sayda adam yığışır, qız evinə elçiliyə gedir. Bu dəfə də ailələr bir-biri ilə tanış olur, söhbətləşir. Daha sonra isə ağsaqqal söhbəti açır, qızı el qaydasına görə ata-anasından istəyir.

Razılıq olanda oğlan evi şirin çay istəyir. Süfrəyə şirin çay gətirilir. Nəlbəkiyə oğlan evi tərəfindən şirinlik olaraq pul qoyulur.

Nişanqoyma mərasimi

Nişandan əvvəl bəzi regionlarda “bəlgə” adı verilən mərasim də keçirilir. Yəni elçilik zamanı oğlanın anası qıza yaylıq və üzük verir. Buna “bəlgə” deyirlər. “Bəlgə”, yəni “nişan etmək”, “adlandırmaq” kimi anlama gəlir. Əvvəllər “bəlgə”dən sonra toy yaxın vaxtda keçiriləcəkdirsə, nişan qoyulmurdu, yox, əgər bir il, il yarım sonra olacaqdırsa, nişan qoyulurdu.

Hazırda isə bu mərasim ailələrin imkanına görə öz aralarında razılaşma şəklində həyata keçirilir. Ailələr var ki,” bəlgə” və yaxud evdə kiçik nişanqoyma ilə kifayətlənir. Ailələr də var ki, geniş nişan keçirir, hansı ki, iki ay sonra toy olacaq.

Nişanı qız tərəfi ev şəraitində və yaxud şadlıq evində keçirir. Nişanqoyma mərasiminə oğlan evi xonçalarla gəlir. Bu xonçalarda gəlin üçün zinyət, geyim, bəzək əşyaları, şəkərbura, paxlava, badambura olmaqla, müxtəlif şirniyyatlar olur. Şirniyyatlardan mərasimdəki bütün qonaqlara paylanır. Mərasim iştirakçıları həmin şirniyyatları evə-övladlarına aparır və inanca görə bu nişan şirniyyatlarından dadmaq onlara da belə xoş günün qismət olması anlamına gəlir.

Nişanqoyma toyaqədərki ən maraqlı, şənlikli mərasimlərdən biridir. Nişanlanmaq iki gəncin həyatına yenilik gətirir, onları çıxdıqları yeni bir yolda birləşdirir. Nişan üzüyü iki gəncin bir-birinə məhəbbətinin tərənnümü kimi rəmzi məna daşıyır. Həmin gündən qız oğlanın, oğlan qızın üzüyünü barmağında gəzdirməklə, artıq yeni bir həyata qədəm qoyduqlarını ətrafdakı insanlara bəyan edirlər.

Nikah

Ta qədimdən nikah günü evlərimizdə təntənəli şəkildə qeyd olunub. Bunun üçün analarımız süfrə açıb, üzərinə min bir adda, ləzzətdə şirniyyatlar düzüb, yeməklər hazırlayıb. Bütün yaxınların, rəfiqə və dostların iştirak etdiyi nikah mərasimi süfrə başında, deyib-gülməklə, subaylara da bu günün nəsib olması diləyi ilə xatirələrə köçüb.

Nikahlanmağımızı təsdiq edən sənəd evimizin ən yuxarı hissəsində, etibarlı bir yerdə saxlanılıb. Hər zaman qorunub. Bütün bunlar isə yenə də ailəyə verdiyimiz dəyərdən, iki gəncin rəsmi şəkildə bir araya gəlməsinə müqəddəs yanaşmağımızdan qaynaqlanıb. Hər il nikah gününün qeyd olunması, bu münasibətlə evlilərin bir-birinə hədiyyələr bağışlaması bu müqəddəsliyin göstəricisidirsə, ailələrimizdə Gümüş, Qızıl, Brilyant toyların qeyd edilməsi isə bu xalqın nikaha verdiyi dəyərin bariz nümunəsidir.

Lakin təəssüf ki, bu gün rəsmi nikaha girmədən qurulan çoxsaylı ailələr də var. Onlar yalnız dini qaydada, yəni kəbin kəsdirməklə evlənir. Lakin bunu anlamaq bir o qədər çətin deyil ki, rəsmi nikah olmadan birlikdə yaşamaq doğru olmayan hal- günahdır. Bu, həm də sonrakı illərdə ailələrin çoxsaylı problemlərlə üzləşməsi ilə nəticələnir. Odur ki, əziz valideynlər, rəsmi nikah olmadan qızlarınızı evdən çıxarmayın.

Nikah ailənin təməl daşıdır. Bu təməli sadəcə kəbinlə əvəzləşdirmək bünövrənin düzgün qoyulmaması deməkdir. Düşünürəm ki, kəbin ailəyə ailə statusu verə bilməz. Ən əsasını söyləyək, rəsmi nikahı olmayan ailələr uşaq dünyaya gələn zaman ona doğum haqqında şəhadətnamə alarkən çətinliklə üzləşir. Və heç istəmədiyimiz hal, boşanma vəziyyəti yarananda rəsmi nikahın olmaması hər iki tərəf üçün problem yaradır.

Xınayaxdı idi, oldu ciyər axşamı

Bu gün “ciyər axşamı” deyilən mərasim vaxtilə xınayaxdı idi. Xınayaxdı toydan bir gün əvvəl keçirilərdi. İndiki kimi yeyib-içmək, israfçılıq yox idi xınayaxdılarda. Sadəcə şirniyyatlarla bəzədilmiş çay süfrəsi açılardı.

Axşam oğlan evində mağarda toy çalınanda bir dəstə gənc toydan çıxar, uzaq məsafəyə maşınla, yaxın məsafəyə piyada qız evinə xınayaxdıya gedərdilər. Oğlan evində isladılmış xına xonçada qız evinə aparılar, gəlinə xına yaxıldıqdan sonra oğlana göndərilərdi. Oğlan da çeçələ barmağını xınaya batırmaqla bu müqəddəs ittifaqa daxil olmağının sevincini yaşayardı.

Qız evinədək yolboyu haxıştalar deyilər, qız evinə çatanda isə bu haxıştalar qız və oğlan adamları arasında deyişmə formasına keçərdi. Hamı rəqs edər, sonra gəlinə xına qoyulardı. Xınayaxdı mərasimini bir qədər yaşlı qadın həyata keçirərdi. Xına qoyulduqca gəlinə xeyir-dua verər, xoşbəxtlik, səadət arzulayardı. Sonra isə süfrə başında şirniyyatlarla çay içilər, gənclər yenə də toya qayıdardılar.

Bu gözəl adətimiz indi unudulub, yerini ciyər axşamı alıb. Həm qız, həm də oğlan toyundan bir gün əvvəl ev yiyəsi qazan-qazan yemək hazırlayır. Bu yemələr xaş və ciyər qovurması olur. Sabah toyda iştirak edənlərin əksəriyyəti bu ciyər axşamında olur. Masa üzərinə yeməklə bərabər, spirtli içkilər düşülür. Yeyib içmək bitəndən sonra isə gəlinə əvvəlki xınayaxdılardan tamamilə fərqli xına qoyulur. Bu mərasim o qədər soyuq şəkildə keçirilir ki, hər dəfə ötən illəri xatırlamalı, “heyif o illərdən”,- deməli olursan. Ciyər axşamı oğlan evindədirsə, bu, sadəcə yemək-içmək məclisi olur.

Maraqlıdır ki, sabahısı toy edən ev sahibi nə üçün bu qədər xərcı də üzərinə götürür? Bu nə adətdir, haradan gəlib o gözəl, sadə xınayaxdıları əlimizdən aldı...

Bəzən isə qızlara valideynləri tərəfindən kafe və restoranlarda xınayaxdı keçirilir. Bu isə tamamilə israfçılıqdır. Çünki eynilə toyu xatırladır. Yəni bir gün sonra buna bənzər bir toy da keçirilir. Bütün bunlar isə adətlərimizi unutmağımızla yanaşı, israfçılıq və yorğunluqdan başqa bir şey deyil.

Ailə, ailə dəyərləri xalqımızın ən qiymətli sərvəti olduğu üçün hər zaman yeni ittifaqların qurulması toyla, çal-çağırla reallaşıb. İllər uzunu toy adət-ənənələrinin yaşadılması, onların hər birinin ardıcıl şəkildə həyata keçirilməsi ilə ərsəyə gələn toyların özü ona verdiyimiz dəyərin göstəricisi olub. Bu adətlərdən yayınmaq istəyənlər həmişə xalq tərəfindən qınaq edilib. Elə buna görə də hər kəs toy adətlərindən kənara çıxmamağa çalışıb və beləliklə də möhtəşəm toy adətlərimiz yaşadıla bilib.

Bəs bu gün? Yəqin ki, artıq insanların bir-birini qınaq etməsi də elə keçmişdə qalıb. Odur ki, toy adətlərimizdən getdikcə uzaqlaşırıq. Bunun acı nəticəsi isə bugünkü toylarımızdır.

Vağzalı

“Vağzalı” Azərbaycan toyunun rəmzidir. Əvvəllər gəlini aparmaq üçün qız evinə gələn oğlan adamları qızgilin qapısında, həyətində bir saata qədər rəqs edər, şənlənərdi. Elə ki, “Vağzalı” səsləndi, deməli, artıq gəlinin çıxması zamanı çatmışdır. Bu mərasim də ağsaqqalların nəzarəti ilə həyata keçirilirdi.

Bu musiqi səslənəndə hər kəsi ötən illərə qonaq edər, ailə qurduğu anı xatırladar. Elə buna görə də “Vağzalı” səslənəndə gözlərdən yaş axar. Çünki “Vağzalı” həm də bir qızın ata evini tərk etməsi musiqisi kimi qəbul olunub.

İllərdir, “Vağzalı”nı da unutduqlarımızın ardınca göndərmişik. İndi həm qızı, həm də oğlanı evdən çıxarmaq dəbi var. Bu zaman isə “Vağzalı”nın səsini çox az-az eşitmək olur.

Restoranlarda keçirilən toylar isə demək olar ki, “Vağzalı”nın qəniminə çevrilib. İndi əksər gənc restorana Avropa musiqiləri ilə girməyi üstün tutur. Heç nə anlamadığımız bu musiqilər “Vağzalı”ımızı əlimizdən alıb. Hansı ki, uzaq məsafədən belə eşitdiyimiz bu musiqi həmişə bizi riqqətə gətirib, saflığı, təmizliyi, müqəddəsliyi ehtiva edib. Bu musiqi özündə adət-ənənələrimizi, ağsaqqal nəsihətini, ağbirçək tövsiyəsini yaşadıb. Lakin çox təəssüf ki, bugünkü gənclər arasında bu musiqini sevənlərin sayı gündən-günə azalır.

Toy

Toydan danışmaq istəyərkən adamın gözləri yaşarır. Çünki toylarımızda artıq toydan əsər-əlamət qalmayıb. Ötən illərlə müqayisədə toylar o qədər dəyişib ki, kənardan izləyənə bu, bir azərbaycanlı toyu təsirini bağışlaya bilmir.

Əvvəlki toylarda əsas məqsəd rəqs, demək-gülmək, şadyanalıq etmək idi. Yeyib-içmək ikinci məsələ idi. Hazırda isə yeyib-içmək, süfrələri min bir adda nemətlərlə doldurmaq, qonşudan daha yaxşı toy etmək yarışı üstünlük təşkil edir.

Əvvəlki toylarda bir-birinin ardınca səslənən xalq, bəstəkar mahnılarının yeri verilib dəqiqəbaşı yazılan əttökən mahnılara, diskotekalara. Gurultudan toyda nə oturmaq olur, nə də yanındakı insanın bir kəlməsini eşitmək. Sanki camaat bu toylara yemək-içmək, bir də guppultu səsini eşitməyə yığışır.

Baxarkən düşünürsən, hanı o əliçubuqlu, istəkləri yerinə yetirən, ardıcıl şəkildə hər kəsin rəqs etməsinə şərait yaradan toybəyiləri, maraqlı söhbətləri ilə hər kəsin diqqətini özünə çəkən tamadalar... Sazı sinəsində bütün məclisi heyran edən aşıqlar, xanəndələr, müğənnilər...

Fanaqrama ilə keçən toylarımız... Ağız deyəni qulaq eşitməyən toylarımız... Yallıların yerini saatlarla çəkən diskotekaların aldığı toylarımız...

Uşaqların yoxa çıxdığı toylarımız... Söhbət yaxın qohumlardan gedir. Hamı bilir ki, indiki toylarda evdən yalnız bir, ya iki nəfər iştirak edə bilər. Buna görə də restoranlarda keçirilən toylara uşaqlar aparılmır. Nəinki uşaqlar, çox vaxt yeniyetmə, gənclər də gedə bilmir. Çünki qonaq say ilədir, yer say ilədir. Bu səbəbdən də uşaqlar, yeniyetmə-gənclər adətlərimizdən kənarda qalır. Bu, nəinki toy adətlərinin unudulmasına, qohumluq əlaqələrinin pozulmasına gətirib çıxarır. Bu barədə isə hələlik narahat olan az sayda adam var.

Ah, toylarımız, səni bu gedişlə hara aparırlar?..

Duvaqqapma, əlöpmə, qonaqlıq

Duvaqqapma toyun səhəri günü keçirilən mərasimdir. Bu mərasimdə də yemək, çay verilir. Əvvəllər həmin gün gəlinin cehizi gətirilər, mərasimdə iştirak edənlərə göstərilərdi. Gəlinin xonçaları açılar, camaata çay verilərdi.

Sonra isə gəlinlə tanış olmaq üçün o, camaat olan yerə dəvət olunar, ortalığa qoyulmuş stula əyləşər, balaca oğlanlardan biri onun duvağını başından çıxararaq qaçırıb həyat yoldaşına verər və əvəzində ondan şirinlik olaraq pul alardı.

Həm də duvaqqapma mərasimi xüsusi qaydada keçirilər, yaşlı qadınlardan biri şeirlə qıza xoşgəldin edər, qayınananın, qayınatanın, baldızın, qayının gəlinə atası-anası, bacı-qardaşı qədər yaxın, doğma olduğu bu şeirin misralarında öz əksini tapardı.

Bu adət demək olar ki, şəhər yerlərində tamamilə unudulub. Kəndlərdə isə az şəkildə yaşadılır. İndi cehiz gəlin köçməmiş evinə yığılır. Duvaqqapma isə demək olar ki, keçirilmir.

Toyun üçüncü günü gəlinin həyat yoldaşı ilə ata evinə gəlməsinə “əlöpmə” deyilərdi. Valideynlərdən halallıq almaq məqsədi daşıyan bu adətlə onların əli öpülərdi. Hazırda bu mərasim keçirilmir.

Lakin yeni ailə quranları ailəsi ilə birlikdə qonaq çağırmaq ənənəsi hələ də davam edir. Etiraf edək ki, biz nədənsə qonaqlıqlara üstünlük verənlərik. Odur ki, bu adəti də qoruyub saxlaya bilmişik.

Tamamilə unudulan toy adətlərimiz

Toy adətlərindən danışdıq: həm yaşadılanlardan, həm də forması dəyişdirilənlərdən. Lakin toy adətlərimiz var ki, onlar tamamilə unudulub. Məsələn, “çörəküstü” mərasimi. Bu mərasim kənd yerlərində toy çörəyi bişiriləndə həyata keçirilirdi. Belə ki, qonşu, qohumlar təndirdə çörək bişirilən zaman şirniyyat xonçaları ilə çörəküstünə gələr, ev sahibinə gözaydınlığı verərdilər. Təndir başında toy çörəyindən kəsib yeyər, şirniyyatlarla çay içər, yeri gələndə çörəyin bişirilməsinə, daşınmasına kömək edərdilər.

Hazırda kəndlərimizdə təndir salıb ailəsi üçün çörək bişirən qadınlar çox az sayda qalıb. İllərdir ki, kənd camaatı çörək sexlərinə sifariş etməklə çörək tələbatını ödəyir. Özünə əziyyət verib təndir salmaq, qol çırmayıb xəmir hazırlamaq artıq ötən illərdə qalıb.

Tamamilə unudulan mərasimlərdən biri də “parçabiçimi”dir. Bu mərasim həm şəhər, həm də kənd yerlərində toydan bir-iki gün əvvəl qız evində keçirilərdi. Belə ki, oğlan evi qız üçün alınan geyim, bəzək, zinyət əşyalarını gətirər, həyətdə qurulan mağarda və ya evdə keçirilən mərasimə dəvət olunanlara göstərərdi. Qız evi yemək verər, çay paylayar, qonaqlar isə nəlbəkiyə nəmər qoyardılar. Bu, sonrakı illərdə dəyişilmişdi. Qonaqlar nəməri artıq nəlbəkiyə deyil, dəftərə adlarını yazdıraraq verirdilər. Bu gün isə həmin mərasim heç bir kənd və şəhərdə qalmayıb.

Uşaqlığımızın ən gözəl xatirəsi olan toy adətlərindən biri də qapı, maşın qabağı kəsmə də tamamilə unudulub. Yadımdadır, uşaq vaxtı, eşidəndə ki, yaxınlıqdakı yoldan gəlin maşını keçəcək, qızlı-oğlanlı yığışıb uzun sim və ya ip tapırdıq, həmin yerdə yolu kəsib, gəlin maşınını gözləyirdik. Maşın karvanı gələndə ortalığa çıxıb pul verməsini sürücüdən istəyirdik. Sürücüdən pul alandan sonra yolu açıb maşınların keçməsinə icazə verirdik.

Sonralar bu adətlər unuduldu. Həm də pul verən də olmadı. Bizdən sonrakı uşaqlar danışırlar ki, yolu kəsirdik, lakin, sürücülər bizi aldadıb pul vermədən sürətlə ötüb keçirdilər. Burada adamın ağlamağı gəlir. Bir şirinlik gözləyən uşaqları aldatmaq nə deməkdir? Axı maşın qabağı kəsmək, yolu bağlamaq bizim qədim toy adətlərindən biri olub. Bunu nə haqla yoxa çıxardıq?..

Gəlin evdən çıxanda “qapıkəsmə” adlı bir toy adətimiz də var idi. Bu da indi yavaş-yavaş sıradan çıxır. Ya heç qapı kəsilmir, ya da qapı kəsənə şirinlik verilmir. Bu da adətlərin unudulması, yaddan çıxması deməkdir.

Başlıq və süd pulu

Toy adətlərindən ən əsası başlıq pulu idi. Bu adət oğlan evinin adamlarının qız evinə toy danışıqlarına getdiyi zaman həyata keçirilirdi. Belə ki, oğlan atası qız atasından başlıq pulunun nə qədər olacağını soruşurdu. Lakin qız atası bu məbləğin nə qədər olacağını dilinə gətirmir, “hamı necə, biz də elə”,- deyirdi. Başlıq pulu el arasında müəyyən olunurdu, hər kəs də qız evinə o qədər pul verirdi. Zaman-zaman pulun məbləğı dəyişirdi, lakin bu toy adətinin bir vaxt tam sıradan çıxacağı heç kimin ağlına gəlmirdi.

Hazırda bu adət tamamilə unudulub. İstər kənd, istər şəhər olsun, nə ataya başlıq pulu, nə də anaya süd pulu verən var. Hansı ki, illərlə qız evdən gəlin köçəndə qayınatası qızın anasına süd pulu verirdi. Düzdür, bunun məbləği o qiymətli südün dəyərindən dəfələrlə az olsa da, lakin rəmzi mənası toy adətlərimizin baş tacı idi.

Kimdir müqəssir?..

Yazıda toyaqədərki və toydansonrakı adətlərin əksəriyyətindən söhbət açdıq. Yaşadılanlardan, unudulanlardan, tamamilə sıradan çıxanlardan danışdıq. Yaşadılanlar çox gözəldir, təqdirəlayiqdir. Unudulanlar, tamamilə sıradan çıxanlar isə bizim günahımızdır. Bəzən bu günahı zəmanəyə yükləməyi sevirik. Lakin zaman nə etsin ki? Bu məsələdə müqəssir özümüzük. Adətləri unuda-unuda illəri illərə verən biz...

Lakin bu qədər gözəl adətlərin sıradan çıxmasına təəssüflər olsun. Təəssüf ki, onları qoruyub saxlaya bilmədik. Bir zamanlar toylarımızdakı adətlərə həsədlə tamaşa edən Avropaya özümüzü oxşada-oxşada bu həsəd hissini aradan qaldırdıq. Bizim də toylarımız onlarınkı kimi sönükləşdi, solğunlaşdı. Çünki adət-ənənələr toyların rəngi, işığı, təmtərağı idi. Lakin biz bu təmtərağı tamamilə başqa şeylərdə görməyə başladıq. Çox təəssüf...

Mətanət Məmmədova

Digər xəbərlər