Bu gün biz insanlar etiraf etməsək də, süni intellektin həyatımızdakı rolunun fərqindəyik. Bildiyimiz kimi, XXI əsr texnologiya əsridir. Saniyələr içərisində ağlımıza gələn sualın cavabını tapa bilmək imkanımız var. Bunun nə qədər asan və əlverişli olduğunu düşünərək almaq istədiyimiz cavabı əldə etmək bizi şüuraltı şəkildə bu asanlığa alışdırır. Lakin dərindən düşünəndə bunun fəsadlarını görmək mümkündür.
İlk olaraq ən böyük fəsad odur ki, insanlar özünə əziyyət vermək istəmir və süni intellekt vasitəsi ilə hər şeyi biləcəklərinə özlərini inandırır. Əvvəl hər kəs Google-dən istənilən sualı yazıb, araşdırıb bir nəticəyə gəlirdisə, indi heç bir araşdırma etmədən həmin an informasiyanı əldə edir. Lakin bu heç də xoş hal deyil, çünki insan beyni kütləşir, özünə əziyyət vermədən hər şeyə belə tez bir zamanda nail olacağını sanıb əslində robota təslim olur.
Hətta süni intellektə o qədər bel bağlayırlar ki, tibbi diaqnoz nəticələrini də onunla paylaşıb, sanki onun bu barədə fikrini alırlar. Lakin burada düşünülməyən məqam odur ki, süni intellekt sistemləri tez-tez qərar vermə prosesində istifadə olunur. Bu sistemlər bəzən yanlış məlumatlar əsasında səhv qərarlar verə, səhv diaqnozlar qoya və yanlış müalicələrin tətbiq edilməsinə səbəb ola bilər.
İnsanlar süni intellekti dostu olaraq görür və onunla söhbətləşərkən şəxsi məlumatlarını da özlərindən asılı olmayaraq onunla bölüşürlər. Amma həmin an unudulan budur ki, süni intellekt sistemləri çox miqdarda məlumatı toplamaq və analiz etmək qabiliyyətinə malikdir. Bu da şəxsi məxfilik və təhlükəsizlik problemlərini ortaya çıxara bilər. İstifadəçilərin şəxsi məlumatlarını təhlil edərkən bu məlumatların qeyri-qanuni şəkildə istifadə olunması və ya sızması riski mövcuddur.
Smartfonların və süni intellektin inkişafı ilə birlikdə insanlar daha çox virtual ünsiyyətə və əyləncə vasitələrinə çəkilir. Sosial media, oyunlar və digər tətbiqlər süni intellektlə idarə olunur və istifadəçilərin davranışlarını təhlil edərək onları daha çox telefon istifadə etməyə təşviq edir. Bu da telefon asılılığının artmasına səbəb olur. Məsələn, sosial media tətbiqləri istifadəçi maraqlarına əsaslanaraq fərdi məzmun təklifləri edir və insanların tətbiqlərdə daha çox zaman keçirməsinə səbəb olur. Süni intellekt həmçinin alqoritmləri, insanları daha çox cəlb edən bildirişlər və məzmunlarla qarşı-qarşıya qoyur. Bu, insanların diqqətini yayındıraraq məhsuldarlığın azalmasına gətirib çıxarır.
İstər iş, istərsə də təhsil zamanı insanlar daim telefonlarını yoxlamaq istəyir, bu da onların əsas vəzifələrinə konsentrasiya olmasını çətinləşdirir. Məhz buna görə də onlar telefondan bacardıqları qədər uzaq durub sevdiklərinə, özlərinə vaxt ayırmalı, kitab oxumalıdır. Zənnimcə, hər şey qədərində gözəldir. Bir az artıq olanda istər-istəməz insan özünə zərər və qarşı tərəfə qıcıq verir.
Bu günlərdə ən təəssüf etdiyim digər məqamlardan biri isə süni intellektin artıq dünyanı əlinə alması və bütün işləri görərək insan əməyinin azalma prosesinə təkan verməsidir. Süni intellekt texnologiyaları bir çox sahələrdə avtomatlaşdırma və optimallaşdırma təmin edərək məhsuldarlığı artırır. Lakin bu da bəzi işlərin insanlardan maşınlara keçməsinə səbəb olur və işsizlik səviyyəsinin artmasına gətirib çıxara bilər. İnsan əməyinin azalması isə neçə insanın işsizliyi və bir o qədər ailənin çətin vəziyyətə düşməsi deməkdir. Ötən günlərdə sosial mediada belə bir videoya rast gəldim: xaricdə bir restoranda artıq qarsonlar deyil, robotlar fəaliyyət göstərməyə başlamışdı. Və mən gördüklərim qarşısında deməyə söz tapa bilmədim. Robotlar evdə yemək hazırlayıb, restoranda qarson olacaqsa, bəs bu dünyanın sonu hara gedir?
Süni intellektin və texnologiyanın geniş istifadəsi insanların sosial həyatına da təsir göstərə bilər. Onlar daha çox virtual dünyaya bağlı olduqda real həyatda sosial münasibətlərdən uzaqlaşa bilər. Bu da sosial təcrid, yalnızlıq hissi və digər psixoloji problemlərlə nəticələnər.
Texnologiya durmadan inkişaf edir, bəli, sevindirici haldır. Günü-gündən daha da müasirləşirik, lakin bu o demək deyil ki, biz bu əsrin əsiri olaq. Necə lazımdırsa, mübarizə aparmaq lazımdır. Məlumatların məxfiliyini qorumaq üçün güclü şifrələmə üsullarından istifadə etmək və kibertəhlükəsizlik tədbirlərini gücləndirmək, şəxsi və həssas məlumatlara çıxışı məhdudlaşdırmaq və yalnız səlahiyyətli şəxslərə icazə vermək vacibdir. Süni intellektdən asılılıq və sosial izolyasiyanın qarşısını almaq üçün isə insanlar arasında sosial və emosional dəstək sistemlərinin gücləndirilməsi vacibdir. Bu tədbirləri həyata keçirərək, süni intellektin verdiyi zərərlərin qarşısını almaq və onun potensialından maksimum faydalanmaq mümkündür.
Sonda qeyd etmək istərdim ki, dünya sosial bir mühitdir və biz hər an yeniliklərlə tanış oluruq. Biz bu dəyişikliklərə uyğunlaşaraq məqsədəuyğun şəkildə yaşayaraq və dövrün tələblərinə cavab verərkən özümüzün və sevdiklərimizin qarşılaşa biləcəyi kiberhücumlardan qorumalıyıq. Bu, sənin, mənim, bizim-hamımızın borcudur.
Nərmin Hüseynli
BDU, Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi