-Süleyman, qabaqdan bayram gəlir. Düz on gün evdəyik. Nə edəcəksən? Planın nədir?
-Ə nə edəcəyəm ki? Gör nə vaxtdı bilet almışam. Gedəcəm Türkiyəyə.
- Mən də dedim bəs rayona gedəcəksən. İşin-gücün qurtarıb ey, ilin-günün bu vədəsində Türkiyədə nə edəcəksən ki? Qoy bir yaz gəlsin, yay gəlsin də.
-Deyirəm, Səxavət, heç elə bil bu dünyanın adamı deyilsən ey. Ə, Allah versin elə bu vaxta. Hava sərin, gözəl. Nə edəcəyəm ki, gəzib-dolaşıb gələcəyəm.
- Ailə-uşaqla gedirsən, yoxsa?..
-Yox əşi, tək gedirəm, oturublar da evdə. İş-gücləriylə məşğul olsunlar.
-Mən dedim bəs rayona gedərsiniz, birlikdə.
-Ə, başın xarab olub, bu qara yazda rayonda nə var. Meyvəsi yox, tərəvəzi yox. Rayonunku yaydı. Göndər uşaqları, gedib üç ay tətili otursunlar rayonda, istirahət eləsinlər. Özün də aradabir get-gəl, günün keçsin. Bəs heç soruşmuram, sən hara gedəcəksən?
-İstəyirəm gedim rayona, atam-anam təkdilər, uşaqları da aparam, Novruzu da birlikdə qarşılayaq, bayramlarını da təbrik edək, gələk.
-Vallah, işin-gücün qurtarıb sənin. Ə, indi nə tək qalmaq, elə camaat tək qalmaq, yaşamaq istəyir də. Mənimkilər də təkdir evdə. Keçən il də bayramda getməmişdik rayona. Açdıq kompüteri, toplaşdıq başına. Görüntülü danışdıq, görüşdük, bayramlaşdıq. Allah bu telefon çıxaranın balasını saxlasın. Qalırdıq bu yollarda. Ay nə bilim, bu gün yeni ildi, sabah, Qurbandı, o biri gün Ramazandı, Novruzdu. Ta o biri gün dədəmin ad günüdü, o biri gün anamın yubileyidi. Dur, saatlarla yol get, çat rayona, yorğun-arğın, heç bilmirdin yediyin nədir, içdiyin nədir, istirahətin nədir. Bir-iki gün firlan oralarda, sonra da eyni yorğunluqla bu qədər yolu qayıt geri. Ə, heyif deyil indiki zəmanə. Bayramdı, telefonu açırsan, əziz ata, əziz ana, bayramınız mübarək olsun. Öpürük sizi, bağrımıza basırıq. Uşaqlar bir tərəfdən, arvad bir tərəfdən danışdı, qurtardı, getdi. O gün də dədəmin ad günüydü, zəng vurduq, hamımız danışdıq. Təbrik etdik. Kişinin ürəyi dağa döndü. Vallah, ona görə həmişə deyirəm ki, bu telefon, internet çıxaranın Allah atasına rəhmət eləsin. Bizi qəribə qayğılardan qurtarıb ə, bu telefon.
- Nə deyim, ay Süleyman. Mən getməsəm, ürəyim rahat olmur ey.
-Səxavət, sən Allah, boş ver, indi ta əvvəlki illər deyil ey. Müasir dövrdü. Kimdi gündə bir bayramdan, ad günündən yana rayona gedən. Hamı bayramları da, ad günlərini də telefonla təbrik edir, qurtarıb gedir. Vallah, biz yeddi bacı-qardaşıq, elə beşimiz burda yaşayırıq. Hamımız da belə edirik. Ordakılar gedirlər də, yanlarında olurlar. Ay qardaş, dünya müasirləşib ey, gərək ayaqlaşa biləsən. Görünür sən hələ bu müasirliklə ayaqlaşa bilmirsən. Ağlın olsun, dəqiqədə bir rayonda nə var ki? Ağlını başına yığ, sən də mənim kimi elə. Bir gün gəlib deyərsən ki, Süleyman, Allah ölənlərinə rəhmət eləsin, mən də dediyin kimi elədim, ə, bu nə yaxşı şey imiş. Əziyyətsiz-filansız.
-Süleyman, beş günlük dünyadır, bir də görəcəksən ömürləri başa çatdı, dünyalarını dəyişdilər. Adam istəyir ki, bir yerdə tez-tez olsun.
-Ay qardaş, telefonla danışanda da bir yerdə olursan da. Bir şey ki, üz-üzə dayanmısan, danışırsan. Yanı bunun fəqri var?
***
Səxavət ta bundan sonra danışmır. Süleyman da hərdənbir onun üzünə baxır, “niyə dinmirsən, ə”,- deyir. Lakin Səxavət cavab vermir, sadəcə gülümsəyir. Aradan bir az keçir. Süleymanın telefonuna zəng gəlir. Məlum olur ki, bacısıdır, rayondan zəng vurub ki, bəs yoldaşımın əmisi rəhmətə gedib. Süleyman da deyir ki, qayınatan olsaydı, sənin xətrinə gələrdim. İndi yoldaşına zəng vurub başsağlığı verərəm.
***
Süleyman əvvəlcə bacısının yoldaşına, sonra rəhmətliyin oğluna zəng edir, başsağlığı verir. Dil-ağız edir: özünüz bilirsiniz də, vallah, iş-gücdən adam baş aça bilmir ki. Bir saat vaxt tapmaq olmur.
***
Bu arada Səxavət yenə gülümsəyir.
Süleyman:
-Nəyə gülürsən, mən ölüm.
-Sənə gülürəm, ay Süleyman, nəyə güləcəyəm? Ə qardaş, sən ta hər şeyi onlayn eləmisən ki?..
Mətanət Məmmədova