PDF Oxu

Sosial

  • 758

"İdeal həyat" sindromu

image

Sosial media platformaları günümüzdə həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Burada hər kəs öz həyatını paylaşır, müxtəlif təcrübələrini izləyiciləri ilə bölüşür. İnsanlar burada nəinki xəbərləri, maraqlı məlumatları izləyir, həm də başqalarının həyatını müşahidə edir, bəzən isə bu müşahidə dəyərləndirməyə və özünü müqayisə etməyə qədər gedib çıxır. Sosial mediada “ideal həyat” obrazı-daim xoşbəxt olan insanlar, bahalı həyat tərzi, gözəl bədənlər, uğurlu münasibətlər əslində bir teatr tamaşasıdır. Çünki heç kim öz ağladığı anları, yorğunluğunu, uğursuzluqlarını paylaşmır. İnsanlar yalnız parlaq tərəfləri göstərir və bu da izləyicilərdə belə bir təəssürat yaradır: “Hamının həyatı mükəmməldir, təkcə mənimki belə deyil. Bu, zamanla özünə inamsızlığa gətirib çıxarır.

Bəs sosial mediada təqdim olunan “ideal həyat” obrazları insanların psixoloji vəziyyətinə necə təsir göstərir?

Psixoloq Aynur İsmayılova məsələyə belə münasibət bildirib: Sosial mediada izləyicisi çox olan insanların bizə göstərdiyi həyat əslində heç də real deyil. Əgər söhbət sosial media qəhrəmanlarından gedirsə, onların paylaşdıqları videolar və ya postlar çox zaman yalnız çəkim məqsədi ilə paylaşılan görüntülərdən ibarətdir. Onların gerçək həyatı isə bu görüntülərdən tamam fərqlidir.

Bu “ideal həyat” obrazını göstərmək çox vaxt digər izləyicilərin diqqətini çəkir. İnsanlar bu fenomenlərin, bloggerlərin həyatını əslində tanımadan, onların yaşadıqları gerçəklikləri bilmədən, sadəcə gördükləri ilə kifayətlənirlər. Sonra onların istifadə etdiyi məhsulları almağa, geyindiklərini geyinməyə çalışırlar. Bu da zamanla insanın öz həyatını onlarınkı ilə müqayisə etməsinə və real olmayan bir həyat tərzinə can atmasına gətirib çıxarır.

Nəticədə insanlar depressiyaya düşür, davamlı stress yaşayır, maddi imkanlarını aşaraq ödəyə bilmədikləri ehtiyaclar yaradaraq daxili təzyiqlərlə qarşılaşırlar. Bəziləri isə daha da irəli gedərək bu bloggerlərin həyatını yaşamaq üçün fırıldaqçılara aldanır, kredit və borclara girərək öz həyat tərzlərini dəyişməyə başlayırlar. Buna görə də insan bilməlidir ki, sosial mediada gördüyü sadəcə bir görüntüdür. O görüntü yalnız təqdim olunan bir tərəfdir, tam həyatın özü deyil. Mən bu insanı yalnız bir paylaşımda görürəmsə, deməli onun həyatını tam anlamıram və yaşaya da bilmərəm. Əgər bu reallıq normal şəkildə qəbul olunsa və insanlar şəxsi inkişafına yönəlsə, təbii ki, daha sağlam və balanslı bir psixologiyada yaşaya bilərlər.

Nərmin Hüseynli

Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi

Digər xəbərlər