Azərbaycan mediası 1875-ci ildən bu yana keşməkeşli və maraqlı tarix proseslərə şahidlik edib, eyni zamanda ölkəmizin 150 illik tarixinin yazılı (həm də auidovizual) xəzinəsinə çevrilib. Klassik mətbuatımız, televiziyamız, radiomuz böyük bir mədəniyyət məbədi funksiyasına yiələnənib və xalqımızın məlumatlanmasında, maariflənməsində, mədəni səviyyəsinin yüksəldilməsinə əvəzedilməz rol oynayıb.
Son dövrlərdə isə texnologiyanın sürətli inkişafı ilə medianın klassik iş texnologiyasını tamamilə dəyişib. Müasir media tendensiyaları bu sahədə çox mürəkkəb və ziddiyyətli vəziyyət yaradıb. Klassik, peşəkar media ilə yanaşı ortalıqda daha bir “media” var- “sosial media” adlandırılan sosial şəbəkə səhifə və kanalları, saytlar, bloqlar və sair internet resursları. İkincilər həqiqi media sayılmasa da, kütlə onları media kimi qəbul edir. Çünki artıq kütləvi informasiya vasitələri formasına keçiblər. Onlardan bəzilərinin auditoriyası peşəkar media resurslarından çoxdur. Nəticədə informasiya məkanında qarışıqlıq, nəzarətsizlik və nizamsızlıq hökm sürür. Ortalıqda bir hadisə və ya proses haqda tam antipod xəbərlər dolaşır- bir tərəfdə məsələ başqa cür verilir, digər tərəfdə başqa cür. Beləliklə, oxucu, tamaşaçı, dinləyici auditoriyası çaş-baş qalır- hansının doğru olduğunu təyin edə bilmir.
İnternet medianın inkişafı, bu sahədə ictimai və dövlət nəzarətinin olmaması çox ciddi problemlər yaradır. Biz bunu müxtəlif vaxtlarda və kritik situyasiyalarda dəfələrlə görürük. Belə vəziyyətlərdə dezinformasiyalar, qərəzli, böhtan və təxribat xarakterli materiallar çoxalır.
Artıq internet məkanında minlərlə sayt, sosial şəbəkə səhifələri və kanalları açılıb və bunun adı media qoyulub. Bundan ən çox bəhrələnənlər isə xalqımıza və ölkəmizə zərər vuran xarici və daxili qüvvələrdir. Bəziləri özlərini media kimi qələmə verərək internet məkanında qanunsuz biznes qururlar. Bir sira xarici dairələr isə bu məkanda zərərli təbliğat aparır, dezinformasiya yayır, təxribat təşkil edirlər. Lakin adi izləyicilər onların funksiyasını və məqsədlərini bilmirlər və onları media hesab edirlər.
Getdikcə internet məkanında bu “media”nın üstünlüyü ələ alması peşəkar medianı kölgədə qoyur. Üstəlik, indi hamı bir növ jurnalist olub- hərənin əlində kamera və diktofona malik internetə bağlı smartfon var- istənilən hadisəni dərhal çəkib şəbəkəyə yerləşdirirlər və peşəkar media tərpənənədək əhali bu hadisəni görür. Artıq ciddi medianın hazırladığı xəbər materialı daldan atılan daşa bənzəyir.
Burda fərq ondan ibarətdir ki, peşəkar medianın, həqiqi jurnalistlərin öz iş prinsipləri, peşə etikası, sosial və hüquqi məsuliyyəti var. Sosial şəbəkə istifadəçilərinin isə belə məsuliyyətləri yoxdur. Peşəkar jurnalist hadisə və ya proses haqda ətraflı məlumat toplamalı, mövzu ilə bağlı rəsmi mövqe almalı, ekspert rəyi verməlidir. Bu isə müəyyən vaxt aparır.
Sosial şəbəkə istifadəçisi isə harda nə gördü eşitdisə onu birbaşa yayımlayır və istədiyi kimi qələmə verir. Nəticədə ilk xəbər onlardan çıxır və sonra peşəkar media hadisənin, prosesin həqiqi mahiyyətini çatdırana qədər kütlələr aldanmış olur. Bundan başqa süni intellekt sistemlərinin inkişafı, video və foto montaj proqramının mükəmməlləşməsi sosial şəbəkələrdə saxta materialların sayını artırır və adi oxucu, tamaşaçı bunların həqiq və ya saxta olduğunu seçmə bilmir. Beləliklə, istənilən saxta məlumatı yayaraq cəmiyyətdə istənilən ictimai rəyi yaratmaq asan olur.Bu isə çox təhlükəli tendensiyadır. Bu yolla ölkədə bəzi qüvvələr saxta məlumatlarla genişmiqyaslı təxribat da törədə bilərlər. Ona görə də, cəmiyyətə həqiqi media ilə saxta medianı, peşəkar jurnlalistlə bloggerin fərqi izah edilməlidir.
Beləliklə, peşəkar medianın sıradan çıxmaması, nüfuz və təsirini saxlaması üçün daha böyük iş aparılmalıdır. Burada həm dövlətin, həm də cəmiyyətin rolu vacibdir. Klassik media öz problemlərini öyrənməli, müzakirə etməli və həlli üçün çalışmalıdır. Bu işin başında da müvafiq dövlət orqanı olan MEDİA dayanmalıdır, bundan başqa qeyri-hökumət təşkilatı olan Mətbuat Şurası, həmçinin digər jurnalist təşkilatları, media orqanlarının özü prosesdə fəal iştirak etməlidir.
İlk növbədə klassik medianın çatışmazlıqlarını bilməliyik. Əvvəla, biz hər zaman dünya standartları, peşəkarlıq və sairə məsələləri müzakirə edirik, özümüzü bu prinsiplərə uyğunlaşdırmaq istəyirik. Amma bunu real planda tətbiq edə bilmirik. Bu halda qlobal media məkanına çıxmaq mümkün deyil.
Azərbaycan mediası həm də informasiya müharibəsi aparır. Dünya arenasına çıxmaq, Azərbaycan həqiqətlərini çatdırmaq üçün çoxsaylı peşəkar işçi qüvvəsi olan peşəkar media qruplar- tərkibində qəzet, sayt, informasiya agentliyi, televiziya, radio olan resurslar lazımdır. Yüzlərlə zəif, kiçik saytlardansa, iri media qrupları formalaşarsa, artıq informasiya məkanının mütəşəkkilliyi və effektivliyi daha yüksək səviyyədə olar. Bu təmərküzləşmə prosesinə əsasən bir neçə media orqanı birləşərək, böyük media holdinqləri formalaşdırmalıdır. Kiçik saytların az maliyyə və zəif texniki baza ilə, 1-2 nəfər işçi ilə ortaya ciddi media qoyması mümkün deyil. Onun xaricdə və ölkənin regionlarında müxbir postları yoxdur. Bu kimi çatışmazlıqlarla biz dünya mediasına çıxa bilmərik.
Media kütlələrə psixoloji təsir silahıdır. Bu silah dövlətin, cəmiyyətin əlində olmaldır. Bunun üçün peşəkar medianın inkişafına daha ciddi diqqət verilməlidir. Klassik mediada obyektivlik, peşəkarlıq, operativlik üçün maddi-texniki baza güclü olmalıdır.
İnsanlar media orqanlarında dolğun, ciddi , obyektiv məlumat ala bilməyəndə artıq sosial şəbəkələrə üz tuturlar. Hadisənin əslini, reallığı sosial şəbəkələrdə axtarırlar. Nəticədə ölkə mediası ictimaiyyətə təsir funksiyasını itirir. Bu məsələnin müəyyən edilmiş mexanizmi olmalıdır. Qızıl ortanı tutmaq lazımdır. Senzura olmur, mətbuata tam azadlıq verilir və digər tərəfdən qanunsuzluq meyllərinin qarşısı alınır. İnsanların bir-birini təhqir etməsi, şər-böhtan atması, təxribat xarakterli məlumatların yayılması məsələlərinə ciddi nəzarət edilməlidir.
Əsas problemlərdən biri də, jurnalistlərin peşəkarlığının zəif olmasıdır. Bununla bağlı ilk vaxtlarda media orqanlarına maliyyə yardımı lazımdır. Hər hansı bir media özünü tam doğruldanadək ona edilən yardımlarla, peşəkarları ətrafına toplamalı və onları əlində saxlamağı bacarmalıdır. Peşəkarlıqdan kənar, intellektual bazası olmayan ucuz işçi qüvvəsinin toplanması mediada özünü doğrultmayan, yanlış və effektsiz materialların yayımlanmasına səbəb olur. Bundan başqa, media özünü daha savadlı və təcrübəli əməkdaşlarla təmin edə bilməlidir. İntellektual səviyyəsi zəif olan, müəyyən təcrübə bazası olmayan şəxsin cəmiyyət qarşısında çıxış etməsi düzgün deyil.
Bütün bu məsələlər kompleks şəklində həll edilməlidir. Məsələnin bir tərəfini həll edib, digər tərəfini boş buraxdıqda bu problemlər ortadan qalxmayacaq. Elə bir şərait yaradılmalıdır ki, həm dövlətin çatdırmaq istədiyi məlumatlar, həm də ortaya qoyulan sosial problemlər böyük kütləyə çata bilsin. Vətəndaşlar mediaya inansın, onu dinləsin, oxusun, izləsin. Yalnız bu halda media dövlət və cəmiyyət arasında əlaqəçi funksiyasını yerinə yetirə bilər. Məlumatlandırma və maarifləndirmə işində öz rolunun öhdəsindən layiqincə gələr.
Ümumiləşdirsək, hazırda mediamız özünü maliyyələşdirə bilmir, maddi-texniki təminatı, peşəkar kadr bazası zəifdir. Bu tip media ictimaiyyət arasında nüfuz qazana bilmir. Bu baxımdan son zamanlar dövlətimizin, o cümlədən Medianın İnkişafı Agentliyinin bu sahədə həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. MEDİA jurnalistlər üçün mütamadi təlimlər, təkmilləşmə kursları təşkil edir, media orqanlarının layihələrini maliyyələşdirir, onların bir çoxuna maddi yardımlar edir ki, mediamız güclənsin.
Ümumiyyətlə, son illərdə Medianın İnkişafı Agentliyi jurnalistlər peşəkarlığının artırılması, media məkanında daha savadlı, daha peşəkar, daha faydalı yazıların çoxalması üçün müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirir. Jurnalistlərə təlim kursları təşkil olunur, gənc jurnalistlərin media peşəkarları ilə görüşləri təşkil olunur, yazı müsabiqələri təşkil olunur və s.
Artıq son illərdə aparılmış işlər bu sahədə müsbət tendensiyaların əsasını qoyub və xeyli dəyişiklik baş verib. Bu işlər davam etdirildikdə, tezliklə media sahəsində sağlam və təhlükəsiz mühitin yarandığını görə bilərik.
Media haqda Qanun da bu istiqamətdə fundamentlan islahatların aparılması məqsədilə qəbul olunub. Dövlət peşəkar medianı sosial mediadan ayırmaqla onun daha üstün olduğunu cəmiyyətə göstərir. Media subyektlərinin və jurnalistlərin vahid reyestrinin yaradılması da buna xidmət edir. Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların peşəkar iş mühitində çalışması və əmək hüquqlarının qorunması, media subyektlərinin zamanla ayaqlaşa bilməsi üçün maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlər təqdirəlayiqdir. Şübhə yoxdur ki, aparılan bu islahatlar media sahəsində vəziyyəti sağlamlaşdıracaq, Azərbaycan mediasının dünya media məkanında öz layiqli yerini tutması üçün lazımi şərait yaradacaq.
Elçin Bayramlı