Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirib, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi qayğısına qalıb. Ulu öndərin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ölkədə idmanın inkişafına güclü təkan verib. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilib, 1997-ci ildən gənclər və idman siyаsəti yeni mərhələyə qədəm qоyub. Həmin il iyul аyının 31-də cənаb İlhаm Əliyеvin Milli Оlimpiyа Kоmitəsinin Prеzidеnti sеçilməsindən sоnrа ölkəmizdə idmаn hərəkаtı daha da gеnişlənib, bu sahənin inkişafına xidmət edən kоmplеks tədbirlərin həyаtа kеçirilməsinə bаşlаnıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Mən imkan daxilində hamıya, gənclərə isə, əlbəttə, maksimum dərəcədə idmanla məşğul olmağı məsləhət görürəm. Ona görə ki, bu, sağlamlıq üçün, ilk növbədə cəmiyyət üçün faydalıdır”.
Sağlam nəsil –güclü idman
Son illər ölkə iqtisadiyyatının sürətli inkişafı bədən tərbiyəsi və idmanı da əhatə etmişdir. Ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Prezident cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin 25 illik yubileyi münasibətilə keçirilən mərasimdə deyirdi: “Biz əlbəttə ki, ilk növbədə, idmanla məşğul olmaq üçün şərait yaratmalı idik və bu istiqamətdə dövlət investisiyaları hesabına Azərbaycanda bir çox müasir Olimpiya idman qurğuları tikilib istifadəyə verilmişdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksi tikilmişdir. Bakıda isə bu gün ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilmiş idman obyektləri əsaslı təmir olundu və eyni zamanda, son illərdə bir neçə böyük stadion, idman zalı inşa edildi. Onların arasında əlbəttə ki, təxminən 70 min tamaşaçı yeri olan Olimpiya Stadionunu qeyd etməliyəm. Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi böyük investisiya tələb edən müasir idman qurğularıdır. Eyni zamanda, Bakıda idman şəhərciyi fəaliyyət göstərir. Bir sözlə, son illər ərzində həm bölgələrdə, həm Bakıda idmanın inkişafına, infrastruktur layihələrinə qoyulan vəsait öz nəticəsini verməkdədir”.
Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir. Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. İdmançılarımız 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında uğurla çıxış edərək 7 medal qazanıb və Azərbaycan dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutub.
Prezident İlham Əliyevin Sərəncamı ilə “İdman İli” elan edilən 2012-ci il də Azərbaycan idmançıları üçün uğurlu il olub. İdmançılarımız Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında daha yaxşı nəticə əldə edib. London Olimpiadasında idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmaqla bundan əvvəlki olimpiadalardakı rekordunu yeniləyib. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan milli komandası medal sayına görə 14-cü yerdə qərarlaşdı. İdmançılarımız milli komandamızın aktivinə 18 medal yazdırdılar.
2021-ci ildə Tokioda XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan 44 idmançı ilə təmsil olunub və ölkəmizə 3 gümüş, 4 bürünc medal gətiriblər. Azərbaycan komandası medalların əyarına görə 67-ci, medalların sayına görə 33-cü pillədə qərarlaşıb.
Ötən il Fransada keçirilən XXXIII Yay Olimpiya Oyunları da ölkəmizə uğur gətirdi. Bu günədək 2 cüdoçumuzun qızıl medal qazanaraq Olimpiya çempionu olması Azərbaycanda idman sahəsinə göstərilən qayğının nəticəsidir. Dövlətimizin başçısının və birinci xanımın idmançılarımız Hidayət Heydərov və Zelim Kotsoyevə zəng vurmaları, təbrikləri, onlarla bağlı sosial şəbəkə hesablarında paylaşım etmələri ümumilikdə Azərbaycan gəncliyinə verilən dəyərdir.
Azərbaycan Milli Olimpiya Komandası Paris Olimpiadasını 7 medalla (2 qızıl, 2 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev final görüşündə qələbə qazanaraq Paris Olimpiadasının qalibi oldu. Taekvondoçu Qaşım Maqomedov həlledici görüşdə zədə səbəbi ilə məğlub olaraq olimpiadanın gümüş medalına sahib oldu, yunan-roma güləşçisi Həsrət Cəfərov isə Paris Olimpiadasını bürünc medalla başa vurdu.
Paris Olimpiadasında 7 medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 30-cu pillədə, medalların sayına görə isə 33-cü pillədə qərarlaşdı.
Bütün qələbələrin təməlində dövlət başçısının ötən dövr ərzində tez-tez federasiya rəhbərləri, idmançılarla görüşləri, tövsiyələri, onlara qayğı ilə yanaşması, zəhmətlərini dəyərləndirməsi dayanır. Həmçinin idman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu da yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, 2019-cu ildə bədii gimnastika üzrə dünya çempionatının, habelə Formula-1 Azərbaycan Qran-prilərinin, 2021-ci ildə futbol üzrə Avropa çempionatının müəyyən mərhələlərinin yüksək səviyyədə təşkil olunması ilə nəticələndi.
İdmançılarımız yarışlarda qaldırdıqları Azərbaycan bayrağını Qarabağda da qaldırdılar
“İdman təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır, iş qabiliyyətidir, mənəvi vəziyyətdir”,- deyən Prezident İlham Əliyevin bu dəyərli fikirlərinə istinadən demək olar ki, bəli, idman sağlamlıqla yanaşı, həm də özünəinamı, eyni zamanda qorxmazlığı, əyilməzliyi, igidliyi özündə ehtiva edir ki, bütün bunlar isə insanda vətənpərvərlik hissinin formalaşmasında böyük əhəmiyyətə malikdir.
Ölkəmizdə gənc nəsil bədən tərbiyəsi və idmanla kütləvi şəkildə məşğul olduğundan bu, son illər vətənpərvər gəncliyin də yetişməsində mühüm rol oynamışdır. Sağlam həyat tərzi, düzgün yaşam, cəmiyyət üçün gərəkli fərd olmaq insanda Vətəninə, torpağına, el-obasına sevgi, qədirbilənlik hissini formalaşdıran amillərdir. Bugünkü gəncliyin yüksək vətənpərvərlik keyfiyyətinə malik olmasında bu sahəyə göstərilən diqqət və qayğı öz sözünü deyib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində gənclərimizin dünyaya nümunə olan vətənpərvərliyi dövlətimizin vətəndaşına göstərdiyi qayğının bəhrəsi kimi təzahür etdi. Statistikaya görə Vətən müharibəsində idman sahəsi üzrə 500 nəfər iştirak edib. Onlardan 54 nəfəri şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə 390 nəfər könüllü kimi qatılıb. Hərbi xidmətə çağırılanlar 33, hərbçi kimi iştirak edənlər isə 23 nəfər olub. Müharibə iştirakçılarından 67 nəfər yaralanıb.
Gənclərimizin torpaqlarımızın işğaldan azad olunması uğrunda göstərdikləri şücaət, onların fiziki gücü, son nəfəslərinədək rəşadətlə döyüşməsi, torpaq, Vətən uğrunda şəhid olması göstərdi ki, bu xalqın övladlarının Vətən sevgisi bütün sevgilərdən, istəklərdən öndədir. Hər bir yarışda Azərbaycan bayrağını qürurla dalğalandırmağa nail olan idmançılarımız üçrəngli bayrağımızı Qarabağda da dalğalandırmağa nail oldular. Gənclərlə görüşündə Prezident İlham Əliyev onların Vətən müharibəsindəki şücaətindən söhbət açaraq demişdir: “Şuşa qalasına dırmaşmaq, təkcə Daşaltıdan Şuşaya piyada getmək, necə deyərlər, böyük sınaqdır. Amma sənin üzərinə avtomatlardan, pulemyotlardan, tanklardan atəş yağdırılırsa, mənəvi və fiziki ruh yüksəkliyi lazımdır. Bu, mənəvi və fiziki ruhun birliyidir. Bəs əgər bizim gənclər hazırlıqsız olsaydı, əgər onlar fiziki cəhətdən zəif olsaydı, bacarardılarmı? Bacarmazdılar. Ona görə idman bu deməkdir. Dinc həyatda da hökmən lazımdır, hökmən”.
Dövlətimizin başçısı onu da vurğulayır ki, bizim qabaqcıl, görkəmli idmançılarımız bütün idmançılar üçün nümunədir. Çünki onlar həm idmanda böyük uğurlar qazanıblar, həm də onların hamısı vətənpərvər insanlardır. Eyni zamanda, bizim çempionlarımız cəmiyyətdə də özlərini çox ləyaqətlə aparırlar. Bu, bir yeni davranış nümunəsidir.
Uşaqların, yeniyetmələrin, idmanla məşğul olmaq istəyənlərin də onlara oxşamasını vurğulayan ölkəmizin rəhbəri qeyd edir ki, onlar görürlər ki, əgər sən idmanda böyük uğur əldə etmisənsə, cəmiyyətdə özünü ləyaqətlə aparırsansa, öz həyatını ləyaqətlə qura bilərsən. Ona görə, son illər ərzində idman bölmələrinə müşahidə olunan kütləvi axın bu səbəblərdən qaynaqlanır. Bu, məni çox sevindirir. Çünki bizim gənclər idmanla nə qədər çox məşğul olsalar, onlar üçün də, dövlət üçün də bir o qədər yaxşı olacaq. İdmanla məşğul olanlar vətənpərvər insanlardır. İdman qələbələri hər bir vətənpərvər Azərbaycan vətəndaşını sevindirir. Hər dəfə biz beynəlxalq yarışlarda görəndə ki, bizim bayrağımız qaldırılır, ürəyimiz fərəhlə dolur. Bu sevinc anlarını bizə idmançılar yaşadır. Əminəm ki, gələcək yarışlarda idmançılar yenə də qələbə qazanacaqlar, Azərbaycan xalqını sevindirəcəklər.
Bəli, Olimpiya Hərəkatının uğurları ölkəmizə ötən 22 ildə yüksək səviyyədə rəhbərlik edən dövlət başçısının, eləcə də Olimpiya Hərəkatının rəhbərinin uğurları, yüksək idarəetmə təfəkkürü ilə gələcəyə hesablanmış siyasətin nəticəsi, nəyi nə vaxt etməyin əyani göstəricisidir. Elə Azərbaycanın bugünkü inkişafı da, 2020-ci ildə 30 illik mücadilənin sonu olaraq 44 gündə Qarabağın işğaldan azad olunması da, 2023-cü ilin 20 sentyabrında birgünlük lokal xarakterli antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün bərpası da, bu gün ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması da dövlətimizin başçısının nəyi nə vaxt edəcəyini düzgün müəyyənləşdirməsinin bariz göstəriciləridir.
Mətanət Məmmədova