Qadın böyük qüvvədir, deyənlər əsla yanılmayıb. Çünki həqiqətən də belədir. O varlıq ki, nəsli artırır, övlad tərbiyə edir, evinin xanımı, işığı olur, həyat yoldaşı ilə birlikdə ailə başçısı statusu daşısa da, yazılmamış qanunlar çərçivəsində müəyyən vəzifələri ləyaqətlə həyata keçirir, deməli, böyük qüvvədir. Məhz belə olanda 3-4, 5-6 nəfərin birgə yaşadığı ev evdən savayı, həm də bir ailənin ünvanı ola bilir.
Dünyada qadınlar çoxdur. Ulu Yaradan onları yer üzünə qız övladı kimi bəxş edir. Onlara vəzifə və funksiyalarını eyni dərəcədə bəxş edir. Lakin bu qızlar ailələrimizdə tərbiyə alır, böyüyür, sonrakı həyatlarında ağıllı qadın ola bilirlərsə, gözəl ailə, iş sahibi də ola bilirlər. Ağıllı olmursa, hər bir qadının böyük arzusu olan ailədən məhrum olur və ya ailəsi olursa, lakin onun varlığı heç də bu ailədə var olması qənaətinə gəlmir.
Elə bu yazımda da qadın kimi varlıq olan, lakin çox halda var olduğu sezilməyən, özünü göstərməyən qadınlardan söhbət açmaq, bunun nə üçün belə olduğuna nəzər salmaq istədim. Beləliklə...
Qadın ağıllı olarsa...
Ümumiyyətlə, ağıllı olmaq həm qadın, həm də kişi üçün mühüm amildir. Çünki bütün yaranmışlar içərisində Allah bizi məhz ağlımız ilə fərqləndirib, yaratdıqlarının alisi edib. Belə isə ağıllı olmağa haqqımız olduğu kimi, həm də bu, bizim vəzifəmizdir.
Qadının ağıllı olması ailə həyatında da çox vacibdir. Çünki nə qədər təhsil alsa da, iş sahibi olsa da, öz işində uğurdan-uğura addımlasa da, hər bir qadının bir arzusu var: ailə qurmaq, övlad sahibi olmaq. Bu arzusu ya tez, ya gec, dəyişməz olaraq qalır və hər qadın bir gün ailə qurmaq üçün yolçuluğa çıxır.
Bu məsələdə sevmək və sevilməkdən söhbət açmaq istəmədim. Çünki bütün ailələr sevgi üzərində qurulmur. Sevgi ilə yanaşı, məntiqlə qurulan ailələr də var və belə ailələrdə hörmət və sayğı zaman-zaman elə bir bağlılığa və sevgiyə çevrilir ki, bəzən bunu təsəvvür belə edə bilmirik.
Lakin ailənin sevgi üzərində və ya məntiqlə qurulmasından asılı olmayaraq onun əsas idarəedicisi olan qadın ağıllı deyilsə, ailəni öz ağlı və bacarığı ilə yönəltmirsə, bu evlilik ailəyə çevrilə, əsl ailə dəyərlərini özündə ehtiva edə bilmir.
Qadının ağıllı olması dedikdə söhbət nədən gedir sualını ünvanlayanlar da ola bilər. Bəli, dünən gördüyümüz, içərisində yaşadığımız ailələrimiz olub. Biz onlardan görmüşük, öyrənmişik. Bilmişik ki, kişi səhər çıxıb axşam gəlir, qazanc ardınca gedir. Evin, ailənin ağırlığı qadının zərif çiyinləri üzərində qalır: uşaq tərbiyəsi, evin idarə olunması, çox halda ailə büdcəsinə nəzarət. Xüsusilə də mənəvi dəyərləri qoruyub yaşatmaq, onları vaxtaşırı yerli-yerində həyata keçirmək qadının üzərindədir. Ağıllı qadının yanaşması, idarəçiliyi ilə bütün bunlar çox asanlıqla, planlı şəkildə həyata keçir. Lakin ağlından istifadə etmək istəməyən, eynihüquqlu anlayışını ortaya atıb yazılmamış qanunlara əməl etməyən qadınların varlığı yuxarıda da dediyim kimi, çox vaxt onların var olması anlamına gəlmir. Çünki onlar qadın kimi üzərinə düşən vəzifələrdən boyun qaçırır, milli-mənəvi dəyərlər toplusuna xələl gətirən hərəkətlər etməklə, öz ailəsini qura, inkişaf etdirə, gələcəyə götürə bilmir.
Qadının ailə içərisində saymaqla bitməyən öhdəlikləri var. Bunların hər biri hökmən həyata keçiriləndə ailə yaranır, ailə dəyərləri qorunur. Lakin gəlin baxaq, görək, hər qadın bu dəyərləri qoruya bilirmi?
Bu arada...
Kiçik, lakin çox böyük mənaya malik olan bir məsələni xatırlamaq istəyirəm. Hər birimizin çox yaxşı tanıdığımız Şeyx Şamildən soruşanda ki, necə oldu ki, sən Şeyx oldun, cavabında buna həyat yoldaşının sayəsində nail olduğunu demişdi. Necə olmuşdu bu? Şeyx Şamil izah edirdi ki, mən evə girərkən həyat yoldaşım ayağa qalxırdı, sonralar onun bu hərəkətini övladlarım da təkrarladı. Daha sonra qonşular, məhəllə və məmləkət. Beləliklə, mən haraya gedirdimsə, hər kəs ayağa qalxır, mənə sayğı göstərirdi.
Bu misalı çəkməkdə məqsədim qadının həqiqətən böyük qüvvə olması fikrini bir daha təsdiqləməkdir. Qadın istəyərsə, bacararsa, öz həyat yoldaşını dağların zirvəsinə qaldırar, istəməzsə, bacarmazsa, onun dağın ətəyindəcə qalmasına səbəb olar.
Müasir dövrdə bəzi qüvvələr qadınlara “ağıl” verir ki, bəs siz kişilərlə eyni hüquqdasınız. Bu, əlbəttə belədir. Hələ peyğəmbər dövründə belə qadınlara hörmətdən, onlara qayğıdan bəhs olunur, bu əsas müddəalar kimi kişilərə tövsiyə olunurdu. Bu gün isə əks təbliğata uyan bəzi qadınlar var ki, həyat yoldaşı işdən yorğun-arğın gələndə onun ayağına belə qalxmır. Mən nə üçün qalxım ki, onunla bərabərhüquqluyam deyir. Lakin unutmayaq ki, bəzi Avropa ölkələrindən fərqli olaraq bizim ayrıca ailə instutumuz var və biz bu institutda zaman-zaman dərsimizi başqa yöndə öyrənmişik.
Öyrənmişik ki, qadın həyat yoldaşını işə yola salar, axşam qayıdanda qarşılayar. Ona qayğı ilə yanaşar. Yemək və çay hazırlayar, yolunu gözləyər. O, evə gələndən sonra qulluğunda dayanar. Kişi evə yubananda qazandan birinci onun payını ayırar, bir kənara qoyar, daha sonra uşaqlara yemək verər.
Təəssüf ki, müasir dövrün bəzi insanları bütün bunları qəbul etmir. Yeməyi birinci kişi üçün çəkməyi, kişi içəri görəndə onun ayağına qalxmağı, uşaqları sakitləşdirməyi qadın və uşaq hüquqlarının pozulması kimi təqdim edir.
Lakin bizim bir-birindən dəyərli ailə qanunlarımız var ki, bu qanunlar yazılmayıb, amma şifahi şəkildə yaddaşımıza hopub. Biz bu yaddaşla həmin qanunları ənənələrə çevirmişik, onları hər birimiz öz ailəmizdə tətbiq etməklə, dəyərlərin yaşadılmasına töhfə vermişik.
Belə isə...
Kim hansı qaydalarla yaşayırsa, hansı müasirliklə həyatını davam etdirirsə, qoy etsin. Biz azərbaycanlı ailəsi olaraq qədim ailə dəyərlərimizlə ailələrimizi idarə edək. Yəni, ata-babadan necə görmüşüksə, elə də davam edək.
Həyat yoldaşımızın ayağına qalxmaq, onun qayğısına qalmaq, əsəbiləşəndə sözünün qarşısına söz deməmək, səbir nümayiş etdirmək, uşaqları da bu cür şəraitdə böyütməyin nəyi pisdir?
Bir evdə qadın öz həyatını, kişi öz həyatını, uşaqlar da öz həyatını yaşayacaqsa, bu, heç vaxt ailə ola bilməz. Ailə o deməkdir ki, burada yaşayan fərdlər bir-birinə qayğı və sayğı ilə bağlansın. Bir-birinə ürəkləri yansın. Yatan insanın rahatlığı üçün sakitlik yaradılsın, ac insan üçün yemək hazırlansın, yorğun insanın istirahəti təmin olunsun. Bax bütün bunlar ailə anlayışını yaradır. Bir evdə yaşayan insanların bir-birinə soyuq rəftarı qayğısızlıq və sayğısızlıqla nəticələnər ki, buna ailə demək gülünc olar.
Odur ki, nə qədər müasirləşsək də, ailələrimizin yazılmamış qanunlarını unutmayaq. Onu da unutmayaq ki, qadın böyük qüvvədir. O, həyat yoldaşına bəslədiyi hörmət və sayğı ilə həm də dünyaya gətirdiyi övladlarını tərbiyə edir. Şərt o deyil ki, uşağı qarşısına qoyub ona nəyin necə olmasını danışasan. Ananın etdiyi hər bir hərəkət zamanla övladın göz yaddaşına köçür. Və gələcək həyatında o da gördüyünü təkrar edir.
Qadının böyük qüvvə olmasının sirri də elə bundadır ki, onun hər bir hərəkəti övladı üçün nümunədir, dərsdir, məktəbdir. Lakin müasirliyə boyun əyən qadınlar var ki, ailə dəyərlərimizi unutmaqla yeni qaydada yaşamağı seçir. Məncə belə qadınların varlığı onların var olması demək deyil. Hər evdə qadın həyat yoldaşı, ana kimi var. Lakin bu varlıq hər zaman varolma deyil. Var olmaq ailə dəyərlərimizə sadiqliklə, onu qorumaq, yaşatmaqla, gələcək nəsli bu dəyərlər fonunda tərbiyə etməklə, kişini öz gözündə də, uşaqların gözündə də ucada saxlamaqla, ona ata-böyük kimi baxmaqla, bir sözlə yazılmamış, lakin gözəl ailə qanunlarımızı həyata keçirməklə ola bilər.
Mətanət Məmmədova