Bu gün küçədə yanından keçdiyimiz insanların çoxunun üzündə eyni ifadə var: yorğunluq. Amma bu yorğunluq fiziki deyil. Bu, borc yorğunluğudur. Kredit yorğunluğu. Gələcəyi qabaqcadan xərcləməyin, sabahı bu gündən ipoteka altına salmağın yaratdığı ağır bir ruh halı.Kredit bir zamanlar ehtiyac idi. İndi isə həyatın normasıdır. Normal olmayan isə odur ki, artıq kredit götürməyən insan “geri qalmış” sayılır. Sanki borcsuz yaşamaq uğursuzluqdur. Telefonun köhnədirsə , ayıbdır. Toyu sadə edirsənsə , dəyərsizdir. Evini illərlə yığaraq almaq istəyirsənsə , “ağlı çatmır” deyirlər. Cəmiyyət səni tələsdirir, bank isə səni gözləyir… faizlə.Ən təhlükəli məqam da buradadır: kredit insanın seçim azadlığını əlindən alır. Borcu olan insan risk edə bilmir. Haqsızlığa qarşı çıxa bilmir. “Yox” deməyi bacarmır. Çünki hər ayın əvvəlində bir SMS gəlir: “Ödəniş vaxtı çatdı.” Bu mesaj təkcə telefona yox, insanın şüuruna gəlir. Və sən başa düşürsən ki, artıq tək özün üçün yaşamırsan , bank üçün də yaşayırsan.Kredit asılılığı ailə münasibətlərini zəhərləyir. Evdə söhbət arzular ətrafında yox, ödəniş cədvəli ətrafında fırlanır. Sevgi yerini gərginliyə verir, səbir yerini əsəbə. Uşaqlar valideynlərinin üzündə daim narahatlıq görür. Ata evdədir, amma fikri bankdadır. Ana gülür, amma içində qorxu var. Çünki borc sadəcə pul məsələsi deyil, o, psixoloji təzyiqdir.Bu asılılıq gəncləri daha erkən qocaldır. Gənclər artıq xəyallarla yox, kredit kalkulyatorları ilə böyüyür. “Nə olmaq istəyirsən?” sualının yerini “Nə qədər qazana bilərəm ki, borcu ödəyim?” sualı tutur. İstedad arxa plana keçir, maaş ön plana. Sevilən iş yox, məcburi iş seçilir. Bu isə bir toplumun gələcəyini səssizcə əlindən alır.Kreditlə yaşayan cəmiyyət istehsal etməyi unudur. Çünki istehsal səbir tələb edir, kredit isə tələskənlik yaradır. İnsan yaratmaq əvəzinə alır, qurmaq əvəzinə ödəyir. Belə bir cəmiyyətdə inkişaf kağız üzərində olur, rifah isə vitrində qalır.Ən acısı isə budur: biz bəzən kreditin problem olduğunu etiraf belə etmirik. Çünki hamı borcludursa, heç kim özünü günahkar hiss etmir. Amma kollektiv yanlış fərdi doğruya çevirmir. Hamının etdiyi səhv, yenə də səhvdir.Bu yol bizi hara aparır?
Daha çox stresə. Daha çox psixoloji problemlərə. Daha çox parçalanmış ailələrə. Daha çox susan insanlara.Kredit pis deyil. Amma kreditlə yaşamaq təhlükəlidir. Kredit vasitə olmalıdır, məqsəd yox. Əks halda insan pulu idarə etmir, pul insanı idarə edir.Bəlkə də bu gün ən böyük cəsarət bahalı telefon almaq yox, “imkanım yoxdur” deyə bilməkdir. Bəlkə də ən böyük zənginlik borcsuz yatmaqdır. Və bəlkə də cəmiyyətin xilası daha çox kreditdən yox, daha çox şüurdan keçir.Çünki kreditlə alınan əşyalar köhnəlir.
Amma kreditlə itirilən həyat keyfiyyəti çox vaxt geri qayıtmır.
Müəllif: Günay Hacıyeva