PDF Oxu

Sosial

  • 1 415

“Bahalı həyat həm bazarda, həm də insanların şüurunda formalaşır” - ŞƏRH EDİLDİ

image

"Cəmiyyətdə tez-tez işlənən “bahalı həyat” ifadəsi təkcə qiymətlərin artması ilə izah olunan bir anlayış deyil. Bu termin həm real iqtisadi prosesləri, həm də insanların psixoloji qavrayışlarını özündə birləşdirən daha kompleks bir fenomeni ifadə edir. İlk baxışdan bahalılıq daha çox rəsmi inflyasiya göstəriciləri, gəlir səviyyələri və yaşayış xərcləri ilə əlaqələndirilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.Onun sözlərinə görə, son illərdə ərzaq məhsullarında, enerji resurslarında, daşınmaz əmlak və kirayə sektorunda baş verən qiymət artımları bir çox ailələr üçün real xərclərin yüksəlməsinə səbəb olub: "Xüsusilə də şəhər mühitində yaşayanlar üçün gündəlik istehlak səbətinin daha bahalı olması bu anlayışın iqtisadi tərəfini daha da görünən edir. Lakin bahalı həyatın yalnız iqtisadi tərəfi ilə məhdudlaşması doğru yanaşma deyil. Psixoloji və sosial faktorlar bu prosesdə bəzən daha güclü rol oynayır. İnsanlar artıq öz iqtisadi vəziyyətini yalnız gəlirləri və xərcləri ilə deyil, həm də ətrafdakı insanlarla müqayisə etməklə dəyərləndirirlər. Sosial media bunun ən bariz nümunəsidir: burada nümayiş olunan istehlak standartları, lüks həyat tərzi və yüksək gözləntilər fərdlərin öz həyatlarını daha bahalı hiss etmələrinə gətirib çıxarır. Beləliklə, “bahalı həyat” anlayışı bəzən fiziki qiymət artımından çox psixoloji təzyiqlərin təsiri ilə formalaşır.Gözləntilərin yüksəlməsi də bahalı həyat hissinin yaranmasında mühüm rol oynayır. İnsanların əvvəl “lazımlı” hesab etmədiyi xidmət və məhsullar zaman keçdikcə “normal” və “olmazsa olmaz” kateqoriyasına keçir. Məsələn, şəxsi avtomobil, xarici səyahət, brend məhsullar, kafe və restoran mədəniyyəti, texnoloji yeniliklər və fərdi inkişaf xərcləri artıq təməl ehtiyac kateqoriyasına yaxınlaşır. Bu, həm xərcləri artırır, həm də insanların öz maddi vəziyyətini qiymətləndirmə səviyyəsini dəyişir. Bütün bu səbəblərdən “bahalı həyat” həm real, həm də subyektiv bir anlayışdır. Real qiymət artımı insanları maddi olaraq sıxdığı halda, psixoloji gözləntilər və sosial müqayisə bu sıxıntının miqyasını böyüdür. Yəni bahalılıq təkcə bazarda ölçülmür, həm də insanların şüurunda formalaşır. Bu səbəbdən iqtisadçılar bu anlayışı həm makroiqtisadi, həm sosial, həm də davranış yönümlü tərəfləri ilə qiymətləndirməlidirlər".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər