Xəstələnmişik. Lakin bu xəstəlik hərəmizdə bir cür təcəssüm edir. Birimiz soyunuruq, birimiz geyinirik, birimiz saçımızı dibdən qırxırıq, birimiz gedib tük alıb təpəmizə əkirik. Allahın verdiyi əzalar kar salmır, birimiz gedib dodağımızı üç-dörd qat da böyüdürük, birimiz gedib qabırğalarımızı təxirə salırıq. Birimiz slikonlaşırıq, birimiz dolğulaşırıq... Birimiz göbəyimizi açırıq, birimiz budlarımızı bayırda qoyuruq. Birimizin başı göylərdə gəzir, birimiz başımızı aşağı salıb camaatla toqquşuruq. Birimiz qaçırıq, o birimiz yerimizdən tərpənmirik. Birimiz karıq, birimiz eşitsək də, karıq...
Lakin bir çoxumuzun mərəzi eynidir, yersizik. O mənada yox ki, yaşamağa bir evimiz yoxdur, var. Hərəkətimiz yersizdir. Bu isə xəstəliyimizin son həddidir. Bəzi xəstəliklər necə ki, dövrlərə bölünür, yersizlik də bizim mübtəla olduğumuz mərəzin son mərhələsidir. Bu mərhələdə sonumuzun çatdığını hiss edib, övladımız üçün əlimizdən gələni edirik.
Məsələn, uşağımız universitetə girir, biz ona maşın alırıq. Niyə də almayaq? Böyük bir iş görüb bu uşaq. Hansı ki, nə borcudur, nə də vəzifəsi, amma edib. Biz də özümüzə borc sayırıq ki, uşağa bunun qarşılığında bahalı bir hədiyyə alaq. Bu hədiyyə də niyə kiçik olsun ki?.. Böyük əziyyətin hədiyyəsi də böyük olmalıdır da. Maşın alırıq. Maşını da şarlarla, rəngbərəng lentlərlə bəzəyib aparıb qoyuruq universitetin qarşısına.
Ta bu maşını görən başqa uşaqların ilk dərs günü burnundan gəlir. Dərsin bitməsini gözləyir ki, evə qayıdıb desinlər ki, ay ata, ay ana, siz də özünüzü valideyn sanırsınız? Belə isə filankəsin atasına da baxın, özünüzə də. Baxın, onda görəcəksiniz ki, valideyn necə olur. Filankəsin valideyni qədər yoxsunuz. Gedin, onun universitet hədiyyəsinə baxın. Siz də bizə bir şalvar, bir ətək, bir dənə də köynək alıb, dediniz ki, təbrik edirik. Geyin, get universitetə. Bilmədik ki, bu, hədiyyə idi, yoxsa sizin valideyn borcunuz. Başımızı yamanca aldatdınız.
Valideyn də nə desin? Nə deyəcək axı... O da bu mərəzə tutulubsa, deyəcək ki, bir ayağım burda, biri gordadır. Durub gedəcək maşın bazarına, o da uşağına bir maşın alıb aparıb qoyacaq universitetin qarşısına. Deyəcək, dünən olmasın, bu gün olsun. Yox, əgər pulu yoxdursa, onlarla bank var, kredit götürüb alacaq.
Bu xəstəliyə hələlik yoluxmayan bir-iki nəfər qalıbsa, çarə budur ki, onlar da məscidə üz tutub namaz qılıb, dua etməli, Allahdan şəfa istəməlidirlər. Deməlidirlər ki, Allah, sən biz xəstələrin səfasını ver. Həm də yox yerdən ver...
Mətanət Məmmədova
Bu, sadəcə idrak qabiliyyətləri ilə bağlı olmaya bilər...
Laboratoriya sınaqları heyrətamiz nəticələr verib...