Zəfərimizə həsr olunmuş informasiya resurslarının inkişafında çap olunmuş ilkin sənədlərlə yanaşı, ikinci dərəcəli biblioqrafik resursların da mühüm rolu vardır. Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının 100, 44 günlük Vətən müharibəsində qələbənin 5 illiyinə həsr olunmuş “Qarabağ müharibəsi qəhrəmanları fondu. Biblioqrafiya. I kitab”ı da belə biblioqrafik resurslarımızdandır. AMEA Rəyasət Heyətinin 28 yanvar 2021-ci il tarixli 6/3 nömrəli qərarına əsasən kitabxana sistemində ilk dəfə olaraq Mərkəzi Elmi Kitabxanada Qarabağ müharibəsi qəhrəmanları fondu yaradıldı. Gənc nəsildə tarixi keçmişimizə maraq yaratmaq, bu keçmişi öyrənmək, araşdırmaq və gələcəyə ötürmək yolunda fondun böyük əhəmiyyəti vardır. Qarabağın tarixi, coğrafiyası, iqtisadiyyatı, milli-mədəni irsi, ədəbiyyatını əhatə edən kitablar, bundan başqa, Birinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri, eləcə də 44 günlük Vətən müharibəsində zəfər çalmış şəhid və qazi oğullara həsr olunmuş ədəbiyyatlar Qarabağ müharibəsi qəhrəmanları fondunda mühafizə olunur. Yaradılmış fondun əsasında tərtib edilmiş biblioqrafik nəşr Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 27 dekabr 2024-cü il tarixli23/3 nömrəli qərarı ilə çap olunmuşdur.
Haqqında bəhs etdiyimiz biblioqrafik göstəricidə materialların düzülüş ardıcıllığı belədir: Ön söz, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin Qərarı, Şəhidlərə həsr olunmuş kitablar (Azərbaycan, rus, ingilis dillərində). Ümumi şöbə: Mədəniyyət, biblioqrafiya, kitabxanaşünaslıq, qurultaylar, konfranslar, jurnalistika. Fəlsəfə, din, ictimai və humanitar elmlər, statistika, siyasət (Azərbaycan, türk, rus, ingilis dillərində); İqtisadiyyat (Azərbaycan və rus dillərində); Hüquq (Azərbaycan, rus, ingilis dillərində);Hərb, pedaqogika, dərs vəsaiti. Folklor, etnologiya; Təbiət elmləri: geologiya (rus dilində), Botanika (rus və ingilis dillərində); İncəsənət: Əl işləri, Musiqi (Azərbaycan və rus dillərində). Dilçilik.Filologiya. Bədii ədəbiyyat, Ədəbiyyatşünaslıq (Azərbaycan və rus dillərində), Ədəbiyyat (Azərbaycan, türk, rus, özbək, qırğız dillərində). Coğrafiya, tarix, arxeologiya, diyarşünaslıq (rus dilində).Coğrafiya (Azərbaycan, rus, ingilis dillərində). Tarix (Azərbaycan, türk, rus, ingilis, alman, talış, moldavan, qazax, özbək, ərəb, fars, yapon dillərində).
Soraq-axtarış aparatı:Sərlövhələrin əlifba göstəricisi (Azərbaycan, xarici dillərdə). Müəlliflərin əlifba göstəricisi (Azərbaycan, xarici dillərdə).
Biblioqrafik göstəricinin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva, tərtibçilər “Qarabağ müharibəsi qəhrəmanları fondu”nun rəhbəri, şəhid polkovnikBabək Səmidlinin bacısıRöksanə Səfərzadə, Ziyarət Atamoğlanova, Həbibə Əliyeva, ixtisas redaktoru Rəna Cavadovadır. 463 səhifədən ibarət birinci kitabAkademiyanın Mərkəzi Elmi Kitabxanasının 100 illiyinə və 44 günlük Vətən müharibəsində qələbənin 5 illiyinə ithaf olunmuşdur. Kitabda titul səhifəsinin 2 dildə verilməsi, onun geniş istifadəçi auditoriyasından xəbər verir. Kitaba texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov tərəfindən “Ön söz” yazılmış, kitab haqqında geniş məlumat verilmişdir.
“Şəhidlərə həsr olunmuş kitablar” vəsaitin əvvəlində verilmişdir. Azərbaycan dilində, rus dilində, ingilis dilində olan ədəbiyyatların biblioqrafik təsviri şöbələr üzrə qruplaşdırılmışdır. Materialların düzülüşündə biblioqrafiyalaşdırmanın metodikasına əməl olunmuşdur. “Ümumi şöbə”də də mədəniyyət, biblioqrafiya, kitabxanaşünaslıq, qurultaylar, konfranslar, jurnalistika, sonra gəlir fəlsəfə, din, və s. Çox maraqlıdır ki, bölmələr hamısı elm sahələri üzrə verilmişdir. “Tarix” bölməsində verilmiş əsərlərin coğrafiyası daha genişdir, yəni monitorinq vaxtı belə məlum oldu ki, tarixə aid əsərlər Azərbaycan, türk, rus, ingilis, alman, talış, moldovan, özbək, ərəb, fars və yapon dillərindədir. Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq üçün soraq-axtarış aparatı tərtib olunmuşdur ki, bunun birincisi sərlövhələrin əlifba göstəricisidir, Azərbaycan və xarici dillərdə. Qeyd edək ki, xarici dillərdə qarışıq verilmişdir, ingilis, rus və başqa dillər hamısı bir yerdə verilmişdir. İkinci soraq-axtarış aparatı isə müəlliflərin əlifba göstəricisidir ki, o da əvvəlcə Azərbaycan dilində, sonra da xarici dillərdə mənbələr öz əksini tapmışdır. Biblioqrafik əsər torpaq uğrunda, vətənimizin işğal olunmuş əraziləri uğrunda canından keçmiş əzizlərimiz, şəhidlərimiz haqqında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, eyni zamanda sahə mütəxəssisləri üçün də çox gərəkli bir mənbədir. Bu köməkçi aparatın da verilməsi istifadəçilərə həm kitabın sərlövhəsinə görə, həm də müəllifinə görə axtarış imkanlarını artırır .
Biblioqrafik təsvirlərdə annotasiyaların verilməsi kitabın məzmunu haqqında ətraflı məlumat verir.
Kitabda diqqət çəkən məqamlardan biri şəhidlərə həsr olunmuş kitabların ayrıca, həm də kitabın əvvəlində verilməsidir. Burada 248 adda kitabın biblioqrafik təsviri öz əksini tapmışdır. “Şəhidlərə həsr olunmuş kitablar” bölməsində Azərbaycan dilində 245 mənbənin, xarici dillərdə - rus dilində 2, ingilis dilində isə 1 adda kitabın biblioqrafik təsviri verilmişdir. Sonrakı mərhələdə Qarabağın həyatını əhatə edən çap olunmuş biblioqrafik göstəricilər, həmçinin, ictimai və humanitar elmlər sahəsində nəşr edilmiş kitablar şöbələr üzrə təsnif edilmiş, hər bir material müvafiq yarımbölmələr çərçivəsində verilmişdir. O cümlədən, Qarabağla bağlı, Şərqi Zəngəzurla bağlı filologiya, dilçilik, bədii ədəbiyyat, ədəbiyyatşünaslıq elmlərinə də həsr olunmuş kitablar burada əks olunmuşdur.Ümumilikdə biblioqrafik göstəricidə 1083 adda ədəbiyyatın biblioqrafik təsviri haqqında informasiya əldə etmək mümkündür.
Fondda vətənimizin müharibə tarixini canlı olaraq yaşamış igid oğullarımızın qəhrəmanlıq tarixi sənədləşdirilərək, hər kəsin istifadə edə biləcəyi istinad mənbəyinə çevrilmişdir. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır. Vətənimizin ərazi bütövlüyü, siyasi müstəqilliyi, milli azadlığı uğrunda canından-qanından keçmiş hər bir Vətən övladının fədakarlığının unudulmaması, şərəfli bir tarixin gələcək nəsillərə ötürülərək qorunması milli yaddaşımız üçün olduqca önəmlidir. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası etibarlı və mükəmməl informasiya mənbəyi olaraq tanınır.
Solmaz Sadıqova,
Bakı Dövlət Universiteti, İnformasiya və sənəd menecmenti
fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru
Bu rəqəm sizi təəccübləndirəcək...
Şüşə əla vəziyyətdə idi...