Mətanət Məmmədova
11 ayın sultanı olan Ramazan ona görə özünəməxsus, fərqli bir aydır ki, başdan-başa insanlığa, saflığa, təmizliyə, ədalətə hesablanıb. İslam dəyərlərini özündə ehtiva edən bu ay o qədər müqəddəs amallar üzərində formalaşıb ki, insanlığa aid olan heç nə unudulmayıb. Elə Osmanlı dövründən qalan, hələ də bir çox İslam ölkələrində yaşadılan “duz haqqı” ənənəsi də zərifliyi, ədaləti ilə Ramazan ayının mənəvi atmosferini formalaşdırır.
Nədir duz haqqı? Duz haqqı Ramazanın bir nəzakət jestidir. Xanımlar bir ay boyunca oruclu olduğu halda həyat yoldaşına, eləcə də ailə üzvlərinə, hətta evə gələn qonaqlara yemək hazırlayır. Yeməklər nə qədər müxtəlif, çeşidli olsa da, onları ləzzətə gətirən məhz duzdur. Bir ay boyunca yeməkləri duzunu yoxlamadan hazırlamaq isə həqiqətən, böyük məsuliyyət tələb edir. Bax bu məsuliyyəti ay boyunca hər gün bir dəfə hiss edən qadınların haqqıdır duz haqqı. Duz haqqının mənası “Biz sənin yeməyinin duzunu daddıq, zəhmətinin haqqını alan bizik” fikrindən qaynaqlanan, qadının fədakarlığına hörmət və minnətdarlıq ifadəsidir.
Odur ki, Ramazan boyu oruc tutan və orucunu açmadan yemək hazırlayan şəxsin etdiyi bu yorucu iş bayram səhəri kiçik bir hədiyyə ilə mükafatlandırılır. Vaxtilə bu məqsədlə ənənəvi olaraq qızıl və ya gümüş zinət əşyaları verilərdi. Şərt deyil ki, hədiyyə yalnız qızıl və gümüş zinət əşyaları olsun, imkan daxilində istənilən hədiyyə, bəlkə də bir neçə cümlədən ibarət xoş sözlər eyni mənəvi dəyəri daşıyır. Məqsəd dini məcburiyyəti olmayan bu ənənə ilə ailə bağlarını möhkəmləndirmək, unudulmaq ərəfəsində olan, lakin yenidən xatırlanan nəfis bir mədəni irsi qorumaq, saxlamaqdır. Bununla həmçinin Ramazanın nə qədər ədalətli, fəzilətli, hər kəsin düşünüldüyü, xatırlandığı, yada salındığı ay olduğunu diqqətə çatdırmaqdır.
Duz haqqının mənşəyi çox maraqlıdır. Tamamilə türk dünyasına, müsəlmanlara məxsus olan incə bir düşüncənin məhsuludur. Duz-çörək kəsmək türk dünyasında müqəddəs amillərdən biridir. Yəni kimsə kimin evində bir tikə çörək kəsərsə, onlar arasında duz-çörək haqqı yaranmış olur. Osmanlı dövründə Osmanlı və türk mədəniyyətində qonaqlara verilən yemək və çörək müqəddəs hesab olunurdu. Kimisə yedizdirən və ya ona xidmət edən şəxs o insan üzərində mənəvi haqq qazanmış sayılırdı. “Duzun əvəzini ödəmək” anlayışı vəfasızlıq və nankorluqdan çəkinməyi tövsiyə edir. Bir sözlə, "duzun əvəzini ödəmək" güclü bir mədəni ifadədir, yəni kiməsə edilən yaxşılıq və ya səy unudulmamalıdır.
Deməli, İslamın bu incə düşüncələrinə sayğı ilə yanaşmaq hər bir müsəlmanın borcudur. Beləliklə, Ramazan ayının bitməsinə sayılı günlər qaldığı bir dövrdə xüsusilə kişilər duz haqqı barədə düşünməli, hədiyyələrini alıb hazır etməlidirlər. Çünki onları Ramazan bayramında həyat yoldaşlarını, qızlarını, gəlinlərini mükafatlandırmaq gözləyir.
Nə qədər incə düşünülmüş bir “qanundur”, deyilmi? Məhz elə bu fəzilətləri ilə Ramazan 11 ayın sultanı ola bilib.
Mütəxəssislər qırmızı və yaşıl bibərləri vitamin və mineral tərkibinə görə müqayisə ediblər...
Bu, elektrik krossoveridir...